Putin günahı Paşinyanın üstünə atdı

Putin günahı Paşinyanın üstünə atdı

13-09-2023 00:32 / Bu xəbər 1384 dəfə oxundu

"Ermənistan rəhbərliyi Qarabağı Azərbaycan ərazisi kimi tanıyıbsa, biz nə edə bilərik?”

Sentyabrın 12-də Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında Ermənistanla münasibətlərindən, Dağlıq Qarabağ problemindən danışıb.

Rusiya dövlət başçısı bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb.

Putin xatırladıb ki, Ermənistan rəhbərliyi bunu Praqa bəyanatında kağız üzərində də qeyd edib: "Biz bu barədə bilirik. İndi mənə Azərbaycan Prezidenti İlham Əliyev deyir ki, Ermənistan Qarabağın bizim olduğumuzu tanıyıb, Qarabağın statusu məsələsi daha gündəmdə deyil, o həll olunub, Ermənistan rəhbərliyi bu barədə publik bəyan edib, 1991-ci il Azərbaycan SSR-in sərhədləri daxilində bütün əraziləri və rəqəmi açıqlayıb, hansı ki bura Qarabağın ərazisi də daxildir. Bu baş verib və bu, bizim qərarımız deyil. Bu, indiki Ermənistan rəhbərliyinin qərarıdır. Əgər belədirsə, bizə deyirlər ki, əgər siz Qarabağla bağlı nə iləsə məşğul olmaq istəyirsinizsə, o zaman bizimlə ikitərəfli əsasda həll etməlisiniz. Onda biz nə deməliyik? Burada deməyə söz yoxdur”. 

"Əgər Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa… Əlbəttə, burada başqa məsələlər yaranır. Humanitar tərkibli və bizim sülhməramlıların mandatı ilə bağlı məsələlər… Mandat hələ ki fəaliyyətdədir. Humanitar xarakterli məsələlər, hansısa etnik təmizləməyə imkan verilməməsi məsələləri heç yerə getməyib. Mən bununla tam razıyam. Azərbaycan rəhbərliyi hər zaman deyir ki, etnik təmizləmədə maraqlı deyil”, – deyə o qeyd edib.

Putin "Ermənistanın Rusiya, KTMT kömək etmədi” iddiasına belə cavab verib: "Başa düşürsünüz, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbsa, bu qədər, daha nədən söhbət gedə bilər?! Bu, bütün problemlərin əsas tərkib hissəsidir. Ermənistan özü Qarabağın statusunu müəyyən edib. Bütün problem bundadır”.

Rusiya rəhbəri Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Moskvanın təklif etdiyi  variantlara da toxunub: "Ermənistan münaqişədən sonra yeddi rayonu nəzarətə götürmüşdü. Təklif etdik ki, bütün Qarabağ, Kəlbəcər və Laçın Ermənistanın yurisdiksiyasında qalmaqla Azərbaycanla razılığa gəlsinlər. Lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı. Baxmayaraq ki, Ermənistan rəhbərliyini onilliklər ərzində inandırmağa cəhd edirdik. Müxtəlif variantlar təklif etmişdik. Lakin yekunda hər şey elə buna gətirib çıxardı. Bizim "bəs nə edəcəksiniz?” sualımıza onlar "döyüşəcəyik” deyə cavab verirdilər. Yekunda hər şey hazırkı mövcud vəziyyətə gətirib çıxardı. Lakin məsələ təkcə sonuncu münaqişənin nəticələrində deyil. Məsələ həm də ondadır ki, Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb və özünün Praqa bəyanatında bunu kağız üzərində də qeydə edib”.

Bununla belə Putin Ermənistanın Rusiyadan üz döndərdiyini düşünmür: "Bilirik və başa düşürük ki, nələr baş verir. Bu barədə çox şey danışmaq olar”.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.