Türkiyədə bələdiyyə seçkiləri: CHP öndədir (yenilənir)

Türkiyədə bələdiyyə seçkiləri: CHP öndədir (yenilənir)

01-04-2024 01:23 / Bu xəbər 601 dəfə oxundu

Türkiyənin Yüksək Seçki Qurumunun sədri Əhməd Yener saat 22.46-da açıqlama verib.

Əhməd Yener seçki qutularının 51,2 faizi açıldığını bildirib.

Böyük Şəhər bələdiyyələri üzrə seçki qutularının isə 55,21%-i açılıb.

İlkin məlumata əsasən, İstanbulda Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Ekrem İmamoğlu 50,33 faiz səslə öndədir. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Murat Kurum isə açılan seçki qutularına əsasən hələlik seçicilərin 40,94%-nin səsini qazana bilib.

Ankarada da Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Mansur Yavaş 58,58 faiz səslə rəqibini qabaqlayır. Onun rəqibi Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Turqut Altınok isə səslərin 33,52 faiz toplaya bilib.

CHP İzmir şəhərində də ilk sıradadır, Cemil Tuqay 48,12 faiz öndə, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37, 08 faizlə ikinci sıradadır.

***

Ərdoğan gərgin kampaniya apardıqlarını deyib

Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində səsvermə prosesi bitib.

81 şəhərdə, 973 rayonda və 390 qəsəbədə baş tutan seçki yarışına 34 siyasi partiyanın namizədi qatılıb.

Ən çox namizədin qeydə alındığı şəhər İstanbuldur.

Bələdiyyə sədri postu üçün 49 şəxsin namizədliyi irəli sürülüb. İstanbuldan sonra ən çox namizədin qeydə alındığı şəhərlər Qaziantep və Malatyadır, 29 və 28 namizəd qeydə alınıb.

Paytaxt Ankaranın Böyük Şəhər Bələdiyyəsinə 5 il müddətinə başçılıq etmək üçün isə 24 namizəd iddialıdır.

Ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan saat 13.15-də Saffet Çebi orta məktəbində səs veriblər.

R.T.Ərdoğan səsvermədən sonra jurnalistlərə deyib ki, bu qədər qısa müddətdə iki seçki milləti də, onları da yorub:

"Biz çox gərgin kampaniya apardıq”.

Türkiyənin dövlət başçısı bələdiyyə seçkilərinin ölkəsi üçün yeni dövrün başlanmasına səbəb olacağını deyib:

"Bu seçki ölkəmizdə yeni dövrün başlanmasına səbəb olacaq. Bir tərəfdən parlament-prezident seçkiləri, digər tərəfdən isə yerli özünüidarəetmə orqanlarına seçkilər… Ümid edirəm ki, bunlar ölkəmizdə yeni əsrin başlanmasına səbəb olacaq”.

Türkiyədə sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.