Rusiya Ukrayna şəhərlərini bombalayır, çox sayda ölü və yaralı var

Rusiya Ukrayna şəhərlərini bombalayır, çox sayda ölü və yaralı var

10-10-2022 12:59 / Bu xəbər 1118 dəfə oxundu

Bu gün səhər saatlarından etibarən Rusiya Ukrayna şəhərlərini kütləvi raket zərbələriylə bombalamağa başlayıb. 

Xəbəri "Radio Svoboda" yayıb.

Kiyev şəhərinin meri Vitali Kliçko bildirib ki, Ukrayna paytaxtının mərkəzində yerləşən Şevçenko rayonu hücuma məruz qalıb. 

Partlayışların baş verdiyi ərazi Prezident Volodimir Zelenskinin ofisinin yaxınlığıdır. 

Partlayışlardan sonra Kiyevdə qatarların hərəkəti dayandırılıb. 

Meriyanın məlumatına görə, bütün yeraltı stansiyalar sığınacaq kimi fəaliyyət göstərəcək.

Dneprə də zərbələr endirilib. Vilayətin şəhər və rayonlarında hava həyəcanı elan edilib. 

Həmçinin Jitomir, Ternopol, Lvov və Xmelnitskiyə raket zərbələri endirilib.

Sonuncu dəfə Kiyevə raket hücumu iyunun sonunda həyata keçirilmişdi. 

Ukrayna şəhərlərinin bombalanmasından əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Krım körpüsündə baş verən partlayışa cavabın "yalnız terrorçuların birbaşa məhv edilməsi ola biləcəyini” bildirmişdi. 

O, Ukraynanı "uğursuz dövlət”, ölkə hakimiyyətini isə "cinayətkar rejim” adlandırmışdı. 

Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partlamasına görə Ukrayna xüsusi xidmət orqanlarını günahlandırmışdı: "Krım körpüsünün vurulması Rusiyanın mülki infrastrukturunun dağıdılmasına yönəlmiş bir terror aktıdır və bu aktın sifarişçisi, icraçısı Ukrayna Xüsusi Xidmət Orqanlarıdır".

Rusiyanın kütləvi raket hücumları nəticəsində mülki vətəndaşların öldüyü və yaralandığı bildirilir. 

Məlumata görə, təkcə Kiyevin Şevçenko rayonuna düşən raket zərbələri nəticəsində 8 ölü, 24 yaralı var.