HƏMAS İsraili raket hücumuna məruz qoyub: ölən və yaralananlar var

HƏMAS İsraili raket hücumuna məruz qoyub: ölən və yaralananlar var

07-10-2023 14:44 / Bu xəbər 1288 dəfə oxundu

Azərbaycanın İsraildəki səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib.

Bu barədə səfirliyin "X” (twitter) hesabında paylaşım edilib.

"Azərbaycan vətəndaşlarının nəzərinə – İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik”, – deyə Azərbaycan səfirliyi paylaşımda qeyd edilib.

Azərbaycanın İsraildə Səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82 qeyd olunub.
 
Azərbaycan-İsrail. 
Foto: arxiv
 
_________________________________________________________________________________________________________________

İsrail KİV iddia edir ki, günorta saatlarında ölkənin Baş naziri Benyamin Netanyahu tərəfindən bütün Fələstin qruplarına qarşı rəsmi olaraq müharibə elan olunacaq

Oktyabrın 7-də səhər saatlarında İsrailin Qəzza zolağından iri raket hücumuna məruz qaldığı bildirilir. İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Ölkənin hər yerindən israillilər Şənbə və Simchat Tövratında siren səsləri və Qəzzadan HƏMAS-ın raket atəşinə oyandılar. Biz özümüzü müdafiə edəcəyik”, – məlumatda deyilir.

Səhər saat 06:28-dən başlayaraq Tel-Əviv və Qüds də daxil olmaqla, ölkənin bir çox şəhərində həyəcan təbili çalıb. Atışma təxminən yarım saat davam edib. Ordu İsrailin cənub və mərkəzi bölgələrinin milyonlarla sakinini qorunan ərazilərdə qalmağa çağırıb.

"Həmas terror təşkilatı Qəzza zolağından İsrail ərazisinə böyük raket zərbəsi endirib. Bir sıra yerlərdə terrorçular İsrail ərazisinə daxil olublar”, – deyə İsrail ordusunun mətbuat xidməti bildirib.

Hücumdan sonra HƏMAS-ın silahlı qanadı İzzəddin Qəssam İsrailə qarşı "Əqsa tufanı” əməliyyatına başladıqlarını açıqlayıb. İzzəddin əl-Qəssam Briqadaları komandiri Məhəmməd əl-Dayf, Əl-Əqsa daşqınının ilk mərhələsində İsrailə qarşı 5 min raket və minaatan atdıqlarını açıqlayıb. Əl-Dayf, əməliyyatı "İsrailin qanun pozuntularına” görə başlatdıqlarını bildirib və ərəb və İslam dünyasını İsrailə qarşı birləşməyə çağırıb.

"Bu, yer üzündəki son işğala son qoymaq üçün ən böyük döyüş günüdür”, – Məhəmməd əl-Dayf deyib.

İsrail ordusu həmçinin Qəzza zolağından silahlı qruplaşmanın İsrail ərazisinə soxulduğunu elan edərək, "müharibə xəbərdarlığı” elan edib. 

Ordu daha sonra Qəzza zolağına hücuma keçdiklərini açıqlayıb.

İsrail mediasının məlumatına görə, Həmas silahlıları Eretz keçid məntəqəsini ələ keçirib, daha sonra İsrailin cənubundakı sərhəd Sderot şəhərinə daxil olublar. 

"Associated Press” xəbər verir ki, sosial şəbəkələrdə Sderotdan olan həvəskar videolar peyda olub, orada silahlı hərbi geyimli insanların göründüyü və atışma səsləri eşidilir. Video çəkilişlərin həqiqiliyi təsdiqini tapmayıb.

Foto: Telegram

İsrailin xilasetmə xidməti Magen David Adom bildirib ki, Gederot regional şurasının binasına raket hücumu nəticəsində 60 yaşlı qadın həlak olub. 

Səhər saatlarına olan məlumata görə, bir nəfər ölüb, 16 nəfər yaralanıb (onlardan ikisinin vəziyyəti ağırdır). 

Raket hücumu nəticəsində 80 nəfər xəstəxanaya qaldırılıb.

"The Jerusalem Post”un verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələri "müharibəyə hazır vəziyyət” elan edib. 

Ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin orduya cəlb olunmasını təsdiqləyib. 

İsrail ordusu Qəzza zolağındakı hədəflərə zərbələr endirdiyini və anklav ətrafındakı yolları bağladığını bildirib.

İsrail Prezidenti İsaak Hersoq bildirib ki, ölkə Qəzza zolağından hücumlar fonunda çox çətin an yaşayır: "Bizə zərər vermək istəyənlərin hamısını məğlub edə bilərik”.

İsrail KİV iddia edir ki, günorta saatlarında ölkənin Baş naziri Benyamin Netanyahu tərəfindən bütün Fələstin qruplarına qarşı rəsmi olaraq müharibə elan olunacaq.

İsrail Dövlət Radiosu bildirir ki, İsrailin cənubundakı Şaar HaNegev yerli şurasının rəhbəri Ofir Lipşteyn Qəzza zolağından sızan yaraqlılarla toqquşma zamanı həlak olub.

İsrail XİN bildirib ki, HƏMAS hərəkətlərinin əvəzini ağır ödəyəcək.