Rusiya-Ukrayna müharibəsi: qalib də yoxdur, məğlub da

Rusiya-Ukrayna müharibəsi: qalib də yoxdur, məğlub da

28-02-2022 13:48 / Bu xəbər 1162 dəfə oxundu

Elşən Feyzullayev
 
Qırılan mifin sonluğu - bu, çox acı olacaq. Putin təcili və təxirəsalınmaz dərəcədə Ukraynada döyüşləri  dayandırıb, qoşunu geri çəkməsə, sığınmağa yer də tapa  bilməyəcək!

Müharibə azadlıq uğrunda, şərəf və ləyaqət üçün ediləndə ədalətli olur! 

Faşizm isə heç zaman uğur qazana bilməz. II Dünya müharibəsi kimi.  Müxtəlif millətlərdən olan xalqlar nasizmə qarşı döyüşərək qələbə qazanmışdılar. İndi Putin həmin müharibədə müttəfiqi olmuş xalqalara qarşı savaşır. Bu  savaşda rus ordusunun məğlubiyyəti qaçılmazdır. Əslində qüdrətli rus ordusunun şöhrəti bir mifdir! Yoxdur belə qüdrətli  və döyüşkən ordu. Varsa da, ideologiyası qəsbkar xislətlidir, qidası ruha zərər verir. Ya da bu mif  elə bugünkü ukraynalıların sələfləri hesabına qazanılmışdı. 

İstər II Dünya müharibəsində, istərsə  də, Əfqanıstanda və digər  coğrafiyada  döyüşənlər  və  rus  ordusuna əzəmət   gətirənlər  qeyri-rus millətlərindən olanlar idi. Adətən  komandir  heyəti ruslardan olardı. Ukraynalılar slavyan əsilli olduğundan  rus ordusunda daha çox etibar qazanmışdılar.

Ukrayna ordusu və gücü

Hərbi xidmətdə olduğum vaxt  5 zabitimizdən  3-ü ukraynalı  idi. "Kombat"ım belə ukraynalı idi.  Rus komandanlığı  istər  zabitlərinə, istərsə də  əsgərlərinə   bizdən daha çox  etibar edirdi. Təbii, slavyan  olduqları  üçün. Ona görə də texnikanı mükəmməl bilirdilər. Bu üstünlük  Ukrayna  ordusuna imkan verəcək  ki, könülsüz döyüşən  rus ordusu ilə bərabər  səviyyədə döyüşə bilsin. Digər  səbəb isə ondan ibarətdir ki, indiki ukraynalılar  1941-1945-ci illərdə  Ukrayna-Belarus cəbhəsində partizan hərəkatı yaradıb  nasistlərə  ölümcül  zərbələr  vuran partizanların xələfləridir. Geniş əraziyə və meşəliklərə sahib olan  Ukrayna ordusu bu tezliklə ruslara məğlub olmayacaq, lazım gələrsə, partizan hərəkatı  geniş vüsət alacaq və Putin bunu çox gözəl bilir. 

ABŞ və Qərb oradadır! 

Yəni  Ukraynada! Bu gün Zelenskini  davam gətirməsinə və çox rahat danışmasına, Ukrayna ordusunun rəşadətlə döyüşməsinə  səbəb də budur! Bunu, bəlkə də, sıravı  əsgər bilməsə  də,  NATO-nun Ukraynada olduğunu  zabit heyəti çox gözəl bilir. Amma açıq şəkildə, müsəlman  dövlətlərində  olduğu  kimi canlı qüvvə ilə hücuma keçməməsinin müxtəlif səbəbləri var.

Qoca Putin, deyəsən, gethagetdə dünyanı İtaliya atalar sözünə doğru aparır, Amerika  da bunu  bilir. Əslində Putinin istəyi çox bəsitdir. Putinin  təhdidli çıxışına baxdım. Çox net danışdı, bölünmüş dünyada ona düşən paya toxunulmamasını, onun  dövlətinin daxili işlərinə qarışılmamasını tələb etdi. ABŞ qarışmaq haqqını çoxdan, Misirdə, İraqda, Liviyada itirb. Çünki zamanında  Putin sözügedən müsəlman dövlətlərində jandarma rolunu oynamağa icazə verdi. Kənarda qalıb eynən bu gün Amerika  kimi bəyanat verməklə  kifayətləndi. O vaxtlar, əsasən də İraqa və Səddama qarşı münasibətdə Putin Bayden kimi tənqid olundu, İraqa "qaz” verib  sonra  ABŞ-la təkbətək  buraxdı, ittihamlarına susdu. İndi ilk etapda borclu olan Amerika  susmaq zorunda. Amma bu sonacan belə davam  edəcəkmi.

Etməyəcək!

Amerika bilir ki, Ukrayna ordusu döyüş qabiliyyətinə görə heç də ruslardan geri qalmır. Üstəlik, 40 milyonluq xalq azadlığı  uğrunda  savaşda  bir dəfə ölməyə qərar  versə,  rus ordusunu, külünglə torpaqlarından qovar. Bu gun  Zelenskinin əmri ilə "Molotov koktel"ləri ilə düşmən üzərinə yeriyən sadə vətəndaşların  cəsarəti  də əyani subutdur. Digər nuans isə ondan ibarətdir ki, rus ordusu məcburi surətdə  döyüşür. Yəni ordu və komandanlıq özü də bilir ki, Ukraynada savaşmağın heç bir məntiqi ədaləti yoxdur, sadəcə, hərbiçilər əmrə tabedirlər.

Amerika da kimin üçün  maraqlarını riskə atdığını görmək istəyir, ona görə prosesi hələ müşahidə edir. Ukrayna xalqının dirənişi  nəticəsini  göstərəcək. Zelenskinin  çıxışlarına bənd olmayın. Onun çıxışları ictimai rəyə əsaslanıb. Qərb və ABŞ  Putini  əvvəlcə  siyasi baxımdan tərkisilah etməyə  çalışırlar, onun əleyhinə anti-Putin təbliğatı yetişmək  üzrədir. Bir-iki gündən sonra rus hərbiçilərinin cənazəsi ölkəyə gedəndə vəziyyət başqa səmtə dəyişəcək.

Zelenskinin, "tək qalmışıq"  nidaları  da  bu üzdəndir. "Veliki  derjava"  məzlum və gücsüz bir dövlətdə qətliamlar  törədir. Ordunun və rus xalqının  Putindən  imtina etdiyini duyan kimi NATO döyüşlərə canlı qüvvə ilə qatılacaq. Bu isə  Putinin sonu olacaq! Qərb və ABŞ  Ukraynadadır, yaxşı baxın görəcəksiniz.

Putin müharibəni saxlamasa, sığınmağa yer də tapa bilməyəcək!

Bu gün əks qütübdə yerləşənlər  Zelenskini Rusiyaya dirəniş  göstərməkdə  qınayır. ABŞ hər münaqişədə öz dövlət maraqların güdür, aydındır. Əsgərlərinin ölməyini də istəmir, bu da başadüşüləndir. Yaxşı, Rusiya  iddialarından  əl  çəkmir, Putin şahənşah rolunda çıxış edir. Qərbə də xox gəlir ki, nüvə silahım var. 

İndi Ukrayna neyləməlidir?

Ancaq ölməyi bacaran  xalqların azad və müstəqil dövlətləri olur. Müstəqil olmaq hüququnu yalnız mübariz xalqlar qazana bilir. Öna görə də Zelenskinin və Ukrayna xalqının Putin ordusuna dirənişi möhtəşəmdir!  Ukrayna  əslində, həm də rus dubinkası altında illərlə inləyən keçmiş və daha çox müsəlman respublikalarının  azadlığı  uğrunda savaş  verir. Biz bu savaşda hər formada  Ukraynanın  yanında olmalıyıq. Bu həm bizim,  həm də rus xalqının qurtuluşu olar.

Belə  fürsət bir daha ələ düşməz!

Şayət, Ukrayna  bu müharibədən  qalib çıxsa, Rusiya-Belarus ittifaqı üzərində qələbə çalmış olacaq. Bu isə Ukraynanın siyasi  nüfuzunu  həm  keçmiş sovet respublikaları coğrafiyasında, həm də Qərb-ABŞ siyasi dairələrində artıracaq. Amma dünya gərək Cınubi Qafqazda və Şərqi-Avropada  yeni  güc dövlətinin  yaranmasına imkan verməyə. Bir də gördün rusun dizini qatlayan  Ukrayna Rusiya olmaq sevdasına düşdü.

Sonda onu da deyim ki, tarixdə Rusiya-Ukrayna  müharibəsi  olmadığı üçün qalibi və məğlubu da yoxdur!
 
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.