Vətənin ögey oğlu

Vətənin ögey oğlu

27-12-2020 13:38 / Bu xəbər 946 dəfə oxundu

AZAD QARADƏRƏLİ
 
(hekayə)

Böyük demokrat Hikmət Hacızadənin xatirəsinə

Ölüm oğru pişik kimi əyilə-əyilə gəlirdi. Üzünə maska taxmışdı, əlinə əlcək geymişdi. Gizlincə keçirdi küçələrdən, dalanlardan. Axırda gördü ki, onu idimindən tanıyacaqlar, qabağını qaranlığa saldı...

Utanırdı. Ayıbına gəlirdi. Öldürməyə səbəbi yoxdu. Düzdür, ondan indiyəcən heç kim belə bir şey soruşmayıb: öldürüb, çıxıb gedib. Ağlayıb-sıtqayıblar, lazım gəlsə qəbri üstündə nitq söyləyiblər, nekroloq yazıblar, hətta ölənin əvəzsiz adam olduğunu da qeyd edib, yanıb-yaxılıblar... Vəssalam. 

İndi bu nə təlaşdı? Ölüm niyə belə əl-ayağa düşüb?..

Nə bilim vallah... Bəlkə qayıdaq  geriyə? Görək kimmiş onun yeni gözaltısı ki, belə gizli-gizli gəlir? Əyilir, sürünür, onu kimsənin görməsindən utanır?.. Xəcalət çəkir... Ölüb yerə girir... Ölüm olanda nə olar, onun da heysiyyəti var, utanan yeri, arı, namusu var...

O da bütün körpələr kimi doğulanda ağlamış, gəlişini öz səsi ilə xəbər vermiş, anasının, atasının könlünü atlandırmışdı. İllah da körpəliyində hamının sevimlisi idi: şipşirin, oynaq, gözünü bir nöqtəyə zilləyib harasa baxan balaca müdrik...

Məktəb yaşına çatanda isə problemlər yarandı. Sinif yoldaşları ilə anlaşa bilmir, onların "bəsit zarafat”larını ( bu ifadə onun özünə məxsus idi) başa düşə bilmir, daha çox kitablara və musiqiyə meyl edirdi. Yuxarı siniflərdə isə məsələ lap ciddiləşdi. O, sinif yoldaşlarının, müəllimlərin bəzi hərəkətlərini – məsələn, uşaqların qırmızı yalan danışmalarını, bir-birini "baqaja” qoymalarını, müəllimlərin kimə görəsə saxta qiymətlər yazmasını – heç cür bağışlaya bilmir, həqiqəti  hamının üzünə çırpırdı ki, bu da heç kimin xoşuna gəlmir, söz-söhbətə səbəb olurdu.

Vətən Ata hər dəfə hirslənir, oğlunu danlayır, niyə hamı kimi olmadığını ona irad tutur, oğlunu qınayırdı. Hətta Torpaq Anaya da acıqlanır, danlayır,  oğlunun acığını ondan çıxırdı:”Sən, buna süd verəndə, layla çalanda qulağına niyə pıçıldamamısan necə yaşamalı olacağını!? Qırx üç qardaş-bacısı var, hamısı yurd aşiqi, özgürlük aşiq... Amma onların da  biri bunun kimi deyil! Nə istəyir bu oğlan axı?! Mən indisindən bir o qədər qorxmuram ki!.. Gələcəyinnən qorxuram e!.. Çətin olacaq buna yaşamaq... Ürəyimə damıb ki, məşəqqətli ömür gözləyir balamızı...”

Torpaq ana and-aman elədi ki, o biri balalarına necə süd veribsə, buna da elə edib, onlara necə layla çalıbsa, buna da eynisinnən! "Amma mən neynəyim ki, bunun gülən gözləri, səsə amadə qulaqları çox həssas idi. O mavi gözlərdə bütün dünya yerləşərdi! Elə həmin oğuldur, həmin dübəkdir, həmin sudur... Su kimi təmizdi balam, arı-durudu, yaraşıqlıdı, vüqarlıdı, əyilməzdi... O qırx üç qardaş-bacıları da, hələ o birilər, ayrıları da ona həmişə yad gözlə baxırlar... Mən neynim axı?! Elə bil ögey qardaşlarıdır!... Niyə axı, niyə onu gözləri götürmür?.. Niyə!? Niyə?......................................................”

Vətən kişi yaxşı hali imiş məsələdən. Doğrudan-doğruya, ona həyat çətin oldu. O heç vaxt dolayı yolla getmədi. Düzü seçdi; düz də bir oxa, nizəyə dönüb, onun bağrını yaraladı, ürəyinin qanını tökdü, hələ təzəcə çıxmaqda olan qanadlarını zədələdi. (O, həqiqətən inanırdı ki, qanadları çıxır və bir azdan uça biləcək. Amma bir qanadı zədələndiyindən o heç vaxt uça bilmədi... Uçdu e, amma yuxularında və xəyallarınada...)

Baxdı ki, atasının təlaşı bihudə deyilmiş. Yaşamaq ona bir cəhənnəm zəbanəsi idi. Heç kim onun sözünü tutmur, həqiqətin deyil, yalanın yanında olurdu. Baxdı ki, belə olmayacaq. Ona görə  yerişində, duruşunda olmasa da, danışığında dəyişiklik etdi. Həqiqəti deyəndə onu qara yumora, lətifəyə bükdü... 

...Gün gəldi, 43 qardaş-bacısıyla əl-ələ verib, bir Dünya qurdular.  Amma... Yenə eyni vəziyyət... Hətta ürəyinin istəyi ilə qurduqları  Dünyada belə o yenə tək idi. O gözəl Dünyadakı dostları da onu axıracan anlamadılar. Onun dedikləri sonacan tutulmadı. Onun düzlüyü, təmizliyi və dünya insanının keçdiyi yola aid düşüncələri  anlaşılmadı. Bu anlaşılmazlıqlar qurduqları Dünyanın rəngini qaraltdı. Belə baxanda həminki Dünya idi, sadəcə rəngi başqa, ruhu bir başqa olmuşdu. O da cavanlıqdan rəng aşiqi, ruh dəlisiydi. Olanları həzm edə bilmədi. Özünə qapıldı, içinə atdı dərdini. 

Və bir gün gördülər ki, adamın içində dərd cücədi, rişələdi, qol-budaq atdı, yarpaqladı. O dərd ağacına qucaq açdı, boyunu sevdi, ürəyinin qanı ilə suladı...

...Üzə vurmasa da, bu məğlubiyyətin acısını, ağrısını üzdə qürurla yaşasa da, içdən qırılmışdı, sınıb içinə tökülmüşdü. Yaralı qanadlarının ucları da ona işgəncə verirdi. Arzu və istək qırıntıları, qanadlarının iti ucları bu dəfə onun qəlbini qanatdı... 

Qanı sevməyən, həyatı təbliğ edən Vətən Atanın, Torpaq Ananın oğlu bir gün o tişələrin vurduğu zərbələrdən içinə dolmuş qanın əlində şəhid oldu...
Vətən Ata ayaq üstdə qurudu, ağlamaq istədi, səsi çıxmadı. Oğluna ögey gözlə baxdığı bu illərin əzabı onu yandırıb yaxdı...

Torpaq Ana isə oğlunun ağrılarını sinəsinə çəkməkdən başqa yol görmədi. Atanın da, qardaş-bacıların da, namərd dostların da tənələrindən qorumaq üçün Oğlunu qoynuna çəkdi  Ana...

Yorğun Adam son dəfə par-par parıldayan gözlərini dolandırıb ətrafa baxdı, gülümsünüb dedi:”Əzizlərim, sizin nə düşünməyinizdən asılı olmayaraq, bu yumru dünyanın bir üzü  dümdüzdür... Çalışın, dünyanı düz yaşayasınız”.

Və mavi gözləri ilə gülüb son sözünü də dedi: ”Yoxsa düzdə qalarsınız”.

20.11.2020