Zelenski: “İşğal edilmiş ərazilərimiz fəlakət zonasına çevrilib”

Zelenski: “İşğal edilmiş ərazilərimiz fəlakət zonasına çevrilib”

03-06-2022 16:41 / Bu xəbər 1054 dəfə oxundu

"Ukrayna müttəfiqlərindən daha çox silah gözləyir”

"Dövlətimizin bütün müvəqqəti işğal olunmuş əraziləri indi tam fəlakət zonasına çevrilib və buna görə bütün məsuliyyəti Rusiya daşıyır”.

Ukrayna Prezidenti Volodimir Zelenski gecə saatlarında etdiyi videomüraciətdə belə deyib.

O bildirib ki, ölkəsinin şərqi uğrunda döyüşlər davam etdikcə, müttəfiqlərindən daha çox silah gözləyir.

Onun sözlərinə görə, Rusiya qüvvələri hazırda Ukraynanın təxminən 20 faizini işğal edib. Onlar daha çox Luqansk və Donetskdən ibarət sənaye bölgəsi olan Donbasın işğalında maraqlıdır.

Bölgənin qubernatoru Pavlo Kirilenko iyunun 2-də Donetskdə üç mülki vətəndaşın həlak olduğunu bildirib.

Deyib ki, onlardan ikisi kömür istehsal edən Avdiivka şəhərində ölüb. Daha 9 nəfər isə yaralanıb: "Biz digər tərəfdaşlardan silah təchizatı ilə bağlı daha yaxşı xəbərlər gözləyirik. Müasir döyüş sistemlərinin təchizatını daha yüksək səviyyəyə çatdırmaq üçün çalışırıq”.

Rusiya ABŞ-ı Ukraynaya 700 milyon dollarlıq yeni silah paketi göndərdiyi üçün qınayıb. Lakin ABŞ Prezidenti Co Bayden administrasiyası dəfələrlə Ukraynanın Rusiya daxilindəki hədəflərini vurmaq üçün raket sistemlərindən istifadə etməyəcəyinə zəmanət verib.

Rusiya qonşusunu tərksilah etmək üçün "xüsusi hərbi əməliyyat” keçirdiyini deyib.

Ukrayna və müttəfiqləri bunu minlərlə insanın ölümünə, şəhərlərin dağıdılmasına və 6 milyondan çox insanın xaricə qaçmağa məcbur edilməsinə səbəb olan müharibə üçün əsassız bəhanə adlandırıb.

ABŞ-ın Ukraynaya raketlərlə silahlana bilən pilotsuz təyyarələr satması planları münaqişənin mahiyyətini dəyişə bilərmi? – sualına Kremlin sözçüsü Dmitri Peskov belə cavab verib:

"Ukraynaya silah verilməsi xüsusi əməliyyatın bütün parametrlərini dəyişmir. Rusiya məqsədlərinə çatacaq, lakin belə halda, Ukrayna daha çox əzab çəkəcək”.

Rusiyanın Sakit Okean Donanması 40-dan çox gəmi və 20-yə qədər təyyarənin iştirak etdiyi bir həftəlik təlimlərə başlayıb.

Ukraynanın şərqindəki Sievierodonetsk sənaye şəhəri günlərlə davam edən şiddətli döyüşlərdən sonra indi əsasən xarabalığa çevrilib.

Daha kiçik şəhər olan Lisiçanskın ələ keçirilməsi, Rusiyanın Donetsk kimi Luqanskın da hamısına nəzarəti ələ almaq istəməsinin göstəricisidir.

Luqanskın tam ələ keçirilməsi Putinin bəyan etdiyi məqsədlərindən birinə nail olacağı deməkdir.

Qubernator Kirilenko bildirib ki, Moskva qüvvələri də Donetskdə Ukraynanın nəzarətində olan Kramatorsk və Sloviansk şəhərlərinə doğru cənuba irəliləməyə cəhd edib.

Rusiyanın Ukraynaya hücumu və ona cavab olaraq tətbiq edilən Qərb sanksiyaları hələ də koronavirus pandemiyasının vurduğu ziyanla məşğul olan qlobal iqtisadiyyata ciddi ziyan vurub.

Ukraynanın ən böyük dəniz limanlarından bəzilərinə və mühüm Qara dəniz nəqliyyat yollarına nəzarət edən Rusiya Ukrayna kənd təsərrüfatı məhsullarının ixracını əngəlləyir və genişmiqyaslı ərzaq böhranını dərinləşdirir.

BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits iyunun 2-də Rusiya rəsmiləri ilə Ukraynanın Qara dəniz limanlarından taxıl və digər ərzaqların ixracı üçün yolun necə təmizlənə biləcəyini müzakirə etmək üçün Moskvaya gedib.

Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stephane Dujarric bildirib ki, bu sahədə vəziyyət ağır olaraq qalır. O əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatı vəziyyətin normallaşması istiqamətində əlindən gələni edəcək.

Rusiya və Ukrayna birlikdə qlobal buğda tədarükünün təxminən üçdə birini təşkil edir, Rusiya eyni zamanda, dünyada əsas gübrə ixracatçısı, Ukrayna isə qarğıdalı və günəbaxan yağının əsas tədarükçüsüdür.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.