Bir tərəfdən merkantil danışıqlar, o biri tərəfdən "bəh-bəh məktubları"

Bir tərəfdən merkantil danışıqlar, o biri tərəfdən

25-10-2016 12:37 / Bu xəbər 844 dəfə oxundu

Zöhrab İsmayıl 

Bir çoxlarımız Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) İdarə Heyətinin Azərbaycanla bağlı sabahkı Astana qərarını gözləyirik. 

Durum belədir ki, İdarə Heyəti Azərbaycan kimi ölkələrə görə qaydalarını dəyişir. Bəhanə budur ki, güya üzvlüyün dayandırılması mexanizmi işə düşsə bu, çoxlu sayda ölkələrə tətbiq oluna bilər. 

Ehtiyatlanırlar ki, belə getsə, EITI cəza mexanizminə çevrilə bilər ki, bu da şəffaflıq sahəsində iməkləyən ölkələrin təşəbbüsü tərk etmələri ilə nəticələnər.

Azərbaycanla bağlı durum bir az başqadır. Həmişə olduğu kimi, hökumət yenə beynəlxalq təşkilatların "qulağına lapşa asır". Bir tərəfdən əhəmiyyəti dəfələrlə şişirdilən "qrant qeydiyyatı ilə bağlı" yeni prezident fərmanı, MSŞT üzrə QHT koalisiyasının bəzi üzvlərinin problemlərinin qismən həll edilməsi və bağlı qapılar arxasındakı merkantil danışıqlar, o biri tərəfdən də QHT şurasının maliyyə asılılığında olan təşkilatlar qlobal İdarə Heyətinə bəh-bəh məktublarına köklənməsi "abı-havanı" dəyişib.

Əgər qlobal İdarə Heyəti MSŞT-dəki cəzalandırma qaydalarına düzəliş edərsə, Azərbaycanın MSŞT-dəki statusu ilə bağlı iki varint qalır: 
1) üzvlüyün bərpası; 
2) namizəd statusunun müəyyən müddətə (təxminən 1 il) saxlanması və ikinci islahedici planın təsdiq edilməsi.

Əgər birinci variant qəbul edilsə, müstəqil vətəndaş cəmiyyəti üçün EITI kitabı bağlanmış olacaq. Eyni zamanda Azərbaycan hökuməti də "EITI deyir, bizdə problem yoxdur" deyibən "qılıncını yenidən üstümüzə çəkəcək". Həmçinin beynəlxalq maliyyə institutlarından da kredit pəncərələri taybatay açılacaq.

İkinci variantda isə yenə müəyyən ümidlər var, qarşıdakı bir il ərzində Azərbaycan hökuməti vətəndaş cəmiyyətinə aid olan 3-5 problemi də həll edə bilər. Amma sözsüz ki, problemlərin fundamental həllini - qanunvericiliyin dəyişdirilməsi və 2013-cü ildəki mühitin bərpasını gözləmək əbəsdir...

P.S. Bu statusu mənim MSŞT QHT koalisiyasının keçmiş kordinatoru və şura üzvü kimi bəyanatım hesab edə bilərsiniz.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.