Gələcəyi olmayanların qorxusu...

Gələcəyi olmayanların qorxusu...

28-10-2017 01:00 / Bu xəbər 2507 dəfə oxundu

Şəmşad Ağa

Bütün avtoritar və qapalı rejimlərin çəkindiyi ən emosional çevrə gənclikdir. Səbəbi isə sadədir; bu tip rejimlərin gələcəyi olmur, onlar keçmişin total və mental ənənələri üzərində manipulyasiya etməyə üstünlük verirlər.
 
Gənclik isə adətən, bu dar çərçivələrə sığımır. Ona görə də bu tip rejimlər gəncliyə qarşı amansız və aqressiv olurlar. 

Tarixən də belə olub. 

Rus çarı Aleksandrdan soruşublar ki, ən böyük düşmənin kimdir? Cavabı təxminən belə olub: küçədə gördüyüm hər bir gənc... 

Ötən gün daha bir gəncin oğurlanmasının şahidi olduq, amma bu dəfə "girovu” orduya göndərdilər. 

Söhbət Nida Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənlidən gedir. 

Müayinəyə getdiyi xəstəxanada hərbi polis tərəfindən saxlanlaraq, zorla orduya, özü də də cəbhə bölgəsində göndərilib. 

İşin absurd tərəfi isə odur ki, Azərbaycanda hərbi xidmətə çağırışın müddəti hələ bitməyib və hərbi xidmətə çağırış bitmədiyi halda çağırışçını orduya zorakı yola aparırlar. 

Hakimiyyət insanları cəzalandırmaq üçün bu metoddan əvvəllər də istifadə edib, bütün dövlət qurumları kimi, orduya da, təəssüf ki, "cərimə batalyonu"nu kimi baxılıb…

Ülvi Həsənli də "cərimə batalyonu”na göndərilən növbəti qurbanıdır. Onun bu şəkildə saxlanılaraq orduya aparılması, şübhəsiz ki, rəhbərlik etdiyi media orqanına və siyasi fəaliyyətinə görədir. 
 
Ülvi ölkənin mübariz gənclərindəndir. Belə gənclər harada olmasından asılı olmayaraq, vətənin əsgərləridir. 

Qoqol deyirdi: "Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var”.

Gələcəyi olmayanlar da məhz bundan qorxurlar…