Hüquq müdafiəçisi Baş Prokurorluğa çağrılıb

Hüquq müdafiəçisi Baş Prokurorluğa çağrılıb

13-05-2019 16:18 / Bu xəbər 734 dəfə oxundu

Hüquq müdafiəçisi Oqtay Gülalıyev mayın 13-də Baş Prokurorluğa çağrılıb.

Bu barədə öz feysbuk hesabında məlumat yayan hüquq müdafiəçisi məqsədin onları susdurmaq olduğunu deyir: "İstəyirlər ki, xalqımızın başına gətirilən müsibətlərdən, fəlakətlərdən danışmayaq. Dinc, günahslz insanların polis bölməsində, hərbidə, həbs yerlərində ağır işgəncələrə məruz qalmasını, qətlə yetirilməsini dilə gətirməyək. İnsanların şərlənib həbs olunmasına göz yumaq. Haqqı-hüququ tapdanan insanları müdafiə etməyək.

Neçə vaxtdır ki, ətrafımda olan halqanı daraldırlar. Müxtəlif dövlət qurumları və vəzifəli şəxslər tərəfindən mənə xəbər göndərir, təzyiq edirlər ki, susum. Amma mən xalqımızın başına gətirilən fəlakətləri gördükcə, dəhşətə gəlirəm və susmaq fikrində deyiləm. Sonu nə olursa olsun..."

Bundan öncə hüquq müdafiəçisi Daxili İşlər Nazirliyinə (DİN) çağrılmışdı.

"Deyəsən, bu dəfə "cinayət əməllərimi" prokurorluq araşdırır. Varsa araşdırsınlar, mənim etirazım yoxdur. Amma prokurorluq yaxşı olar ki, öncə insanları şərləyib həbs edən, işgəncə verib onları qətlə yetirən, büdcəni talan edənləri məsuliyyətə cəlb etsin", - deyə Oqtay Gülalıyev bildirib.

Müsavat Partiyasının başqanı Arif Hacılı da Oqtay Gülalıyevin prokurorluğa çağırılmasına münasibət bildirib.

"Gəncədə baş verən cinayət hadisəsi ilə bağı bu hadisə ilə heç bir əlaqəsi olmayanlar da cinayət məsuliyyətinə cəlb edilir, sadəcə, etiraz aksiyalarında iştirak edənlər də ağır cinayət maddələri ilə ittiham olunur, həbsdə olanların müdafiə hüququ daim pozulur, onlarla pis rəftar edilir, işgəncə verilir. İndi də hüquq müdafiəçisi Oktay Gülalıyevə təziq edilir ki, bu məlumatları ictimailəşdirməsin. Bu özbaşınalıqlara son qoyulmalıdır", - A. Hacılı feysbuk profilində yazıb.

O bu addımı Avropa İttifaqı ilə sazişin imzalanması ərəfəsində təxribat adlandırıb: "Avropa İttifaqı ilə saziş bağlamaq niyyətində olan dövlətdə haqsız həbslərə, müdafiə hüququnun pozulmasına, işgəncələrə yol verilməməlidir, hüquq müdafiəçiləri təqib olunmamalıdır. Avropa İttifaqı ilə sazişin imzalanması gözlənilən bir gündə tanınmış hüquq müdafiəçisinin prokururluğa çağrılması, onun həbslə təhdid edilməsi yalnız qanunsuz hərəkət, hüquq pozuntusu deyil, həm də dövlətə qarşı təxribatdır!"