İcra başçısı redaktordan şikayətini geri götürüb

İcra başçısı redaktordan şikayətini geri götürüb

11-05-2018 15:40 / Bu xəbər 2250 dəfə oxundu

Cəlilabad rayonunun keçmiş, Yasamal rayonunun hazırkı icra hakimiyyəti başçısı Əziz Əzizovun azel.tv saytının təsisçisi və redaktoru, hazırda həbsdə olan Əfqan Sadıqova qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürdüyü bildirilir.

Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Vəkilin bildirdiyinə görə, bu gün, mayın 11-də Cəlilabad Rayon Məhkəməsində icra başçısının jurnalistə qarşı şikayətinə baxılıb. Proses zamanı ittihamçı tərəfin nümayəndəsi xüsusi ittiham qaydasında şikayəti geri götürdüklərini bildirib.

Vəkilin habelə deməsinə görə, Cəlilabad Rayon Məhkəməsi bunu nəzərə alaraq şikayətlə bağlı icraata xitam verilməsi haqda qərar qəbul edib.

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. 

O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq redaktor ittihamı qəbul etmir, işi qurama sayır.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində Ə.Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il yarım azadlıqdan məhrum edib.

2017-ci ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. Ancaq 2017-ci ilin dekabrında ona qarşı diffamasiya haqqında cinayət iddiasını bərpa etmişdilər.

İddianı Cəlilabad rayonunun keçmiş, Yasamal rayonunun indiki icra başçısı Ə.Əzizov qaldırmışdı. Redaktor rəhbərlik etdiyi saytda böhtan yayılmasında ittiham edilirdi. O, bu ittihamı da qəbul etmirdi.

Hazırda həbsdə olan Ə.Sadıqovun cəza müddəti mayın sonunda başa çatacaq.

Yerli hüquq-müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladığı siyahıda onun adı da yer alır.

Ancaq rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. 

Rəsmilərin bildirməsinə görə, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər.