"İcra hakimiyyətləri beynəlxalq müşahidəçiliyə məhdudiyyətlər yaradır" - Anar Məmmədli

04-04-2018 17:28 / Bu xəbər 2249 dəfə oxundu

"Bölgələrdə ATƏT-in Uzunmüddətli Müşahidə Missiyasının üzvləri ilə görüşən fəallar izlənir”

"11 aprel növbədənkənar prezident seçkisi ərəfəsində və seçki günü aşkarlıq və şəffaflığın qarşısının alınması üçün yerli icra hakimiyyətləri səviyyəsində beynəlxalq müşahidəçiliyə məhdudiyyətlər yaradılır”.

Bu sözləri Seçkilərin Monitorinqi və Tədris Mərkəzinin rəhbəri Anar Məmmədli öz "Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bölgələrdə çalışan ATƏT-in Uzunmüddətli Müşahidə Missiyasının üzvləri ilə görüşdən sonra fəallar icra hakimiyyətlərinə çağrılır, sorğu-sual edilir:

"Məsələn, indiyədək Quba, Xaçmaz, Qazax, Göyçay və Mingəçevirdən aldığım məlumatlara görə, ATƏT müşahidəçiləri ilə yerli siyasi fəalların görüşləri izlənilir, bəzən foto-video çəkilişlər aparılır.

Göründüyü kimi hakimiyyət 11 aprel seçkisi ərəfəsində yaratdığı qorxu atmosferini hətta beynəlxalqmüşahidəçilərdən də gizlətmir. Bununla da əsas məqsəd vətəndaşların seçki prosesi ilə bağlı fikir və rəylərinin beynəlxalq müşahidəçilərə paylaşmaqdan çəkindirməkdir. Heç şübhəsiz ki, bu proses Prezident Administrasiyası və ya MSK-dan xəbərsiz aparılmır. Bu təzyiqlərin əsas məqsədi ölkədə seçkiqabağı siyasi şəraitlə bağlı faktları beynəlxalq ictimaiyyətdən gizlətməkdir”.

Mərkəzi Seçki Komissiyasından Meydan TV-yə bildiriblər ki, onlara bununla bağlı hər hansı şikayət daxil olmayıb.