İnsanlıq nümunələri

İnsanlıq nümunələri

18-06-2017 00:22 / Bu xəbər 1301 dəfə oxundu

Dünyada xeyli hadisələr baş verir ki, insanlığın, ləyaqətin, yaşadığına əmin olursan.

Hollivud aktyoru Stiv Buşemi daha çox mənfi personajları ifa etməsi ilə məşhurdur. Bu rollar içərisində "Rezervuar köpəkləri” (bizdə daha çox ruscadan tərcümə edilən "Quduz köpəklər” adı ilə tanınır) filmindəki soyğunçu cənab Çəhrayı, "Farqo” filmindəki muzdlu qatil Karl Şouolter xüsusilə məşhurdurlar. Ümumiyyətlə, aktyor bir çox nüfuzlu mükafatın laureatı və nominantı olub. 

Lakin mütəxəssislərdən fərqli olaraq, sıravi tamaşaçılarda aktyorlar daha çox oynadıqları personajların xarakteri ilə assosiasiya olunurlar. Ona görə də Stiv Buşemi 11 sentyabr teraktından sonra addığı addımla çoxunu heyrətləndirdi. Əmək həyatına yanğınsöndürən kimi başlayan ünlü aktyor Nyu-York yanğınsöndürənlərinə qoşularaq 1 həftə ərzində gündə 12 saat olmaqla xilasetmə işlərində iştirak etdi. Sonralar isə jurnalistlərin bu barədə suallarını "bunu reklam üçün etməmişəm” söyləyərək cavablandırmaqdan imtina etdi.

***

Təəssüf ki, həyatımız bizi pozitiv hadisələrlə sevindirmir. Müvafiq olaraq, mətbuatımız da daha çox neqativ xəbərlərlə zəngindir. Halbuki dünyada xeyli hadisələr baş verir ki, insanlığın, ləyaqətin, mərhəmətin hələ ölmədiyinə, yaşadığına və yaşayacağına əmin olursan. Bu məqalədə oxucularla onlardan bəzilərini bölüşmək qərarına gəldim.

*** 
Bəhs edəcəyimiz növbəti əhvalat Çində baş verib. Fan Mey Syu adlı qızcığaz diz qapaqlarının anomaliyası səbəbindən yeriyə bilmirdi. Lakin əvəzində onu çox sevən nənəsi vardı. Əhvalat mətbuata sızarkən (2014-cü il) 66 yaşı olan nənə hər gün səhər nəvəsini belinə götürərək məktəbə qədər olan 2 kilometrlik yolu qət edirmiş. Bir istiqamətə 1,5 saat sərf edən cütlüyün bircə dəfə də olsun məktəbə gecikmədiyi iddia olunur.

Bu heyrətamiz hadisə 5 il davam edəndən sonra mətbuat vasitəsilə hökumətə məlum olur. Nəticədə ailəyə məktəbin yaxınlığında ev, Fan Mey Syuya isə əlil arabası verilir. Çin hökuməti həm də qızcığazın ayaqlarının müalicəsi ilə məşğul olacaqdı. Təəssüf ki, üstündən 3 ildən çox keçsə də, müalicənin sonucu barədə mətbuatda məlumat tapmaq mümkün deyil.

***

2011-ci il sentyabrın 11-də bütün Rusiyanı şoka salan hadisə baş verdi. Yaroslavl şəhərinin "Lokomotiv” hokkey komandası təyyarə qəzası nəticəsində həlak oldu. Lakin bu, hələ hamısı deyildi.

Bir neçə gün sonra məlum oldu ki, komandanın kapitanı İvan Tkaçenko 4 il ərzində ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə külli miqdarda ianə ödəyirmiş. İdmançı anonim qalmaq məqsədilə ödənişləri İvan Leonidoviç adı ilə və "AdVita” fondu vasitəsilə həyata keçirib.

Fondun saytı vasitəsilə jurnalistlər Tkaçenkonun 9 996 300 rubl həcmində ianə ödədiyini hesabladılar. Son ödəniş isə həlak olduğu gün leykoz xətəliyindən əziyyət çəkən Diana İbrahimova üçün edilib. Bu hadisədə ən heyrətamiz amil isə kapitanın bu ödənişlər barədə kimsəyə, hətta ailə üzvlərinə də heç nə deməməsidir. 
2013-cü ildə İvan Tkaçenkonun adı bitirdiyi Yaroslavl şəhərinin 9 saylı məktəbinə verildi.

***

Bəhs edəcəyim növbəti əhvalat bir qədər başqa yönlüdür.

Youtube-də bir sosial eksperimentin görüntüləri var. Cavan bir oğlan əllərində fastfud yeyən müxtəlif insanlara yanaşıb çoxdandır qidalanmadığını, möhkəm acıdığını söyləyir, yediklərini onunla bölüşməklərini xahiş edir. Lakin kimdənsə etik çərçivədə, kimdənsə kobud şəkildə rədd cavabı alır.

Eksperimentdə iştirak edən başqa birisi isə "pitsa” alıb küçədə oturmuş evsiz dilənçiyə verir. Az sonra "ac” oğlan həmin dilənçiyə yanaşıb eyni xahişlə müraciət edir. Başqalarından fərqli olaraq heç nəyi olmayan dilənçi öz tikəsini məmnuniyyətlə bölüşür. "Ac” oğlan isə belə genişürəkliliyinə görə dilənçiyə təşəkkür edərək bir miqdar pul verir. Videoçarx "heç kəsə yuxarıdan baxma” adlanır.

***

Növbəti hadisə isə, ümumiyyətlə, ağlasığmaz görünə bilər. Zərgərlik mağazasından oğurluq etdiyinə görə məhkum olunmuş şəxsin tapdığı 40 min dolları sahibinə qaytarmasını təsəvvür edirsinizmi? İnandırıcı deyil, lakin real hadisədir.

Hadisə 2015-ci ilin sonlarında olub. Ukraynanın Berdiçev şəhərinin Natalya adlı (soyadı açıqlanmır) sakini Vinnitsa şəhərindəki evini 40 min dollara satıb geri qayıdarkən çantasını avtobusda unudur. Ertəsi gün isə bir kişi zəng edərək pulların onda olduğunu və qaytarmaq üçün görüşmək istədiyini bildirir.

Görüş zamanı aydın olur ki, pulları tapan 31 yaşlı Aleksandr Dudnik adlı şəxs məhkumdur. Zərgərlik mağazasını yarmağa görə aldığı cəzanın 2/3 hissəsini çəkdiyinə, eləcə də nümunəvi davranışına görə daha yumşaq rejimə keçirilib və hərdən evə getmək icazəsi verilib. Belə səfərlərin birində də bəhs etdiyimiz əhvalat baş verib.

Dudnik etiraf edir ki, çantanı qaytarmaq qərarını dərhal verməyib, pulları mənimsəmək istəyi heç də zəif olmayıb. "Lakin belə böyük məbləğdə pulu itirən adamın halını təsəvvür edəndə, qaytarmaq qərarına gəldim”- deyib.

 ***

Dekabr, 2012-ci il. İspaniyada uzaq məsafəyə qaçış üzrə yarış keçirilir. Keniyalı atlet Abel Mutai digər rəqiblərini xeyli qabaqlayaraq finişə yaxınlaşır. Onun qalib gələcəyi şübhə doğurmur. Lakin bu zaman gözlənilməz hadisə baş verir. Mutai finiş xəttini artıq keçdiyini zənn edərək dayanır. Halbuki finişə hələ 10 metrə qədər məsafə vardı.

Bu zaman digər bir atlet, ispan İvan Fernandez Anayya finişə yaxınlaşır. Bir çoxu yəqin ki, fürsətdən istifadə edib finişi keçərək yarışın qalibi adına və əhəmiyyətli pul mükafatına yiyələnərdi. Lakin Anayya belə davranmır. O, Mutaiyə finiş xəttini göstərərək kürəyindən itələyir. Beləcə, Mutai birinci, Anayya isə ikinci olur.

Davranışının motivləri barədə jurnalistlərin suallarına Anayya "Qalibiyyəti haqq etməmişdim. Ləyaqəti qorumaq qələbədən daha vacibdir” - cavabını verir.

 ***

Avstraliyanın Melburn şəhərində yaşayan Nazir Sobhani əvvəllər narkoman olub. Lakin uçurumun dibindən qurtulmağı bacarıb və bərbər peşəsinə yiyələnib. Bir gün pulu olmayan bir narkomanın saçını pulsuz qırxdıqdan sonra ağlına yeni ideya gəlir: əsasən narkoman və alkoqolik olan insanlara bərbər xidməti göstərmək.

Bundan sonra Nazir hər həftə özünün istirahət gününü evsizlərə həsr edir. O düşünür ki, həyatın dibində olan bu insanlara diqqət və qayğı göstərməklə yenidən cəmiyyətə qaytarmaq olar. Deyilənlərə görə, onun bu ümidi heç də utopik olmayıb və doğrudan da, narkoasılılıqdan qurtulanlar var.

Son illərdə Nazir Sobhaninin layihəsi beynəlxalq xarakter alıb. O, bir neçə başqa ölkələrdə, o cümlədən postsovet məkanında da evsizlərə xidmət göstərib.

 ***

Fevral, 2013-cü il. ABŞ-da yaşayan evsiz dilənçi Billi Rey Harris gözlənilməz sürprizlə üzləşir: pul toplamaq üçün istifadə etdiyi qabda üzük olduğunu görür. Üzüyün bir böyük və xeyli kiçik qaşları vardı. Qaşların parıltısı onların brilyant olmasına şübhə yeri qoymurdu. Belə olduqda üzüyün qiyməti beşrəqəmli məbləğ təşkil etməli idi. Billi Harris anlayır ki, kimsə ona sədəqə verərkən üzük barmağından sürüşüb.

Ertəsi gün Sara Darling adlı bir qadın ona yaxınlaşaraq – özünün sonralar etiraf etdiyinə görə, elə də böyük ümidlər bəsləmədən – üzüyünün onun qabına düşüb-düşmədiyini soruşur. Billi Harrisdən "bəli, üzüyünüz məndədir, buyurun” sözlərini eşidən qadın qulaqlarına inanmır. Sevincindən dilənçini qucaqlayıb öpərək üstündəki bütün nağd pulları ona bağışlayır.

Sara Darling baş verən hadisə haqqında sosial şəbəkələrdə yazır. Billi Harris onun motivləri ilə maraqlanan jurnalistlərə bildirir ki, ciddi ehtiyac içində yaşamasına baxmayaraq, başqasının əmlakını mənimsəmək ağlına belə gəlməyib.

Vicdanlı dilənçinin əhvalatı geniş rezonans doğurur. Billi Harris üçün ianə toplanmasına start verilir və qısa müddət ərzində 183 min dollardan çox pul yığılır və onun həyatı tamamilə dəyişir. Hətta üzüyü mənimsəyəcəyi halda dəyişəcəyindən də müqayisə olunmaz dərəcədə.

 ***

Diqqət yetirdinizsə, bəhs olunan əhvalatlar müharibə, təbii fəlakət, terror aktı zamanı kimi fövqəladə vəziyyətlərdən deyil, gündəlik həyatdan bəhs edir. Əhvalatların qəhrəmanları da milyarderlər, Hollivud ulduzları kimi güclü maliyyə imkanlarına malik şəxslər deyillər (Stiv Buşeminin nümunəsi də maddiyyatla bağlı deyil). Yalnız hokkeyçi İvan Tkaçenko bu sırada istisna təşkil edir.

Çünki bu hadisələr yalnız fövqəladə hallarda deyil, ən adi, ən sıradan bir gündə belə insanlıq, ləyaqət və alicənablıq nümunəsi göstərməyin mümkünlüyünü sübut edir.

Meydan TV