Keyfiyyətli jurnalistika təhsilinin bazası: azadlıq, müstəqillik

Keyfiyyətli jurnalistika təhsilinin bazası: azadlıq, müstəqillik

12-03-2019 15:34 / Bu xəbər 353 dəfə oxundu

Seymur Kazımov

Jurnalistikanın tədrisi sahəsindəki problemlərdən çox danışılıb. Görünən odur ki, hələ lap çox danışılacaq, çünki səslənən irad və təkliflər nəzərə alınmır, bundan itirən isə tələbə olur. Azərbaycandakı jurnalistika fakültələrinin tələbəyə verdiyi yeganə lazımlı vəsait diplomdur, yəni ali təhsil alması barədə sənəd.

Jurnalistika tədrisinin əsas dinamikası reportyorların – xəbəri toplayan və onu emal edən şəxsin hazırlanması üzərində qurulmalıdır. Tədris mərkəzinin prinsipial vəzifəsi sərfəli, həm də baha qiymətə satılan məhsul-xəbəri operativ qaydada toplayan və yayan mütəxəssis hazırlamaqdır.

Jurnalistika tədrisi ali məktəb rəhbərinin "dirijor çubuğuna” baxıb hərəkət etdiyi andan özünə senzura tətbiq edir. İntellektual səviyyənin aşağı olması, tədrisin keyfiyyətsizliyi, xarici dil bilgisinin yetərsizliyi, dünyagörüşünün olmaması uğursuz jurnalist kadrlarının buraxılışı ilə nəticələnir. Azərbaycanda bu ixtisasdan məzun olan ən yaxşı jurnalistlərin əksəri fakültənin deyil, təlim, seminarların yetirmələridir. Tədris proqramının daha çox nəzəriyyə yüklü olması, yorucu mühazirələr, aktuallığını itirmiş ədəbiyyatlar, zamanın tələbinə uyğun olmayan esse, diplom mövzuları, əzbərçiliyə söykənən imtahan sualları üzərində qurulması peşəkar jurnalist kadrlarının hazırlanması istiqamətində ən ciddi problemlərdir.

Tədris studiyalarında hazırlanmış praktiki tapşırıqlar da fakültə auditoriyalarından, ali məktəb divarlarından kənara çıxmır. Hazırlanan materialların çoxu tələbə həyatını, tələbələrlə müxtəlif sorğuları və universitetdə keçirilən tədbirləri əhatə edir. Doğrudur, tələbə öyrənməlidir, ona görə fəaliyyətinin ilk dövründə bu tip materiallar hazırlaması normaldır. Nə vaxtadək? Jurnalistikanın özəyi azadlıqdır, müstəqillikdir. Tələbə-jurnalistə seçim verilməlidir, onun universitet divarlarından kənar ideyaları dəstəklənməlidir. Hətta fakültə rəhbərliyi, pedaqoqlar özü tələbələri bu işə təşviq etməlidirlər.

Ötən il keyfiyyətli jurnalistika tədrisinə nail olmağın yolları barədə məqalə yazmışdıq. Orada daha çox ABŞ-dakı uğurlu media təhsili metodlarının bəzilərinin Azərbaycanda tətbiqinin mümkünlüyü qeyd olunub. Növbəti nümunəmiz isə okeanın o tayından deyil, qonşu Gürcüstandandır.

2018-ci ilin martında Gürcüstan İctimai İşlər İnstitutunun (GIPA) dəvəti ilə prezident seçkisinin işıqlandırılması prosesində tələbə-jurnalistlərə məsləhətçi olmaq üçün Tbilisiyə yollandıq. Jurnalistlər bir həftə ərzində yalnız seçki prosesinə cəlb olundular – aparıcı, reportyor, operator, montaj, efir prodüseri vəzifələrini icra etdilər. Prosesin hamısı real iş prinsipinə əsaslanırdı – onlar namizədlərin seçki kampaniyalarının keçirildiyi məkanlara yollanır, beynəlxalq və yerli müşahidəçilərin mətbuat konfranslarında iştirak edir, namizədlərdən, onların səlahiyyətli nümayəndələrindən müsahibələr alır, əhali arasında sorğular keçirir, birbaşa yayımda aparıcılıq edirdilər. Birbaşa efirə dəvət olunan qonaq da personaj yox, real ekspert idi.

Gürcüstan İctimai İşlər İnstitutu tələbələri texniki vasitələrlə tam təchiz etmişdi. Həm sayt, həm də TV üçün materiallar hazırlanırdı. Bir qrup tələbə isə regionlara yola düşdü, namizədlərin rayonlardakı, qəsəbə və kəndlərdəki seçki kampaniyaları ilə tanış oldular. Mövzuları əsasən tələbələr təklif edirdilər, müəllim və məsləhətçilərin işi istiqamət vermək idi. Nəticədə hər günün sonunda maraqlı, peşəkarcasına hazırlanmış materiallar təqdim olunurdu. Tələbələr arasında Azərbaycandan olan iştirakçılar da vardı. Göründüyü kimi, fakültə tələbəni "divarlarla” əhatə etmədi, onları şəhərin ucqarlarına, rayonlara göndərdi, üstəlik, seçki prosesi kimi mövzuda onlara tam sərbəstlik verdi.

Azərbaycanda jurnalist işi bazar qaydaları ilə tənzimlənmir, ümumiyyətlə media-market anlayışı da yoxdur. Jurnalistika elə bir peşədir ki, dörd ildən sonra "mən artıq hər şeyi bilirəm” düşüncəsi ilə məzun olmaq mümkün deyil. Amma jurnalistika fakültələrimiz tələbələrdən fakültə divarlarını həm fiziki, həm də psixoloji baxımdan aşa bilməyən "universal əsgər” düzəldir.

Novator.az