Məhkəmə ''Basta'' saytının şikayətini təmin etməyib

Məhkəmə ''Basta'' saytının şikayətini təmin etməyib

18-09-2018 17:17 / Bu xəbər 2170 dəfə oxundu

Mustafa Hacıbəyli: "Bu, ölkədə söz və ifadə azadlığının pozulması istiqamətində atılmış növbəti addımdır”

1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində sentyabrın 18-də "Basta” saytının baş redaktoru Mustafa Hacıbəylinin saytın qanunsuz bloklanması ilə əlaqədar iddia ərizəsinə baxılıb.

Saytın özünün verdiyi xəbərə görə, iddia ərizəsində Baş Prokurorluğun "bastainfo.com” saytına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) etdiyi müraciətin dayandırılması, həmçinin ərizəçiyə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 10-ci maddəsi (fikir azadlığı) və 14-cü maddəsi (ayrı-seçkiliyin qadağan olunmasıi) ilə müəyyən olunmuş hüquq və azadlıqlarının pozulmasının tanınması istənilib.

Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə cavabdeh tərəf kimi Baş prokurorluğunu və NRYTN-nin nümayəndələri də iştirak ediblər.

Saytın hüquqlarını vəkil Osman Kazımov müdafiə edib.

Məhkəmədə Mustafa Hacıbəyli bildirib ki, saytın bloklanması ölkədə söz və ifadə azadlığının pozulması istiqamətində atılmış növbəti addımdır. O, saytda heç bir yalan məlumat yayılmadığını, qanunsuz çağırışlar edilmədiyini, Baş Prokurorluğun "Basta” ilə bağlı açıqlamasının və nazirliyə müraciətinin, eləcə də bununla bağlı 313-cü maddə ilə qaldırılan cinayət işinin əsassız olduğunu bildirib.

Qeyd edib ki, NRYTN-in saytda dərc edilən materiallarla bağlı heç bir xəbərdarlıq etmədən, məhkəməyə müraciət etmədən, saytı bloklaması qanunsuzdur.

Baş prokurorluğun nümayəndəsi, saytda "qanunsuz” yazılar dərc edildiyi üçün Mustafa Hacıbəyliyə iki dəfə xəbərdarlıq edildiyini, bundan sonra tədbir görülməsi üçün NRYTN-ə müraciət olunduğunu deyib.

Vəkil Osman Kazımovun "həmin yazıların qanunsuz olduğu barədə məhkəmə qərarı varmı” sualına Prokurorluğun nümayəndəsi "xeyr” cavabını verib.

Məhkəmə prosesində çıxış edən NRYTN-in nümayəndəsi deyib ki, saytın bloklanmasından əvvəl saytın rəhbərliyinə xəbərdarlıq edilib və 8 saat ərzində Baş prokurorluğun müraciətində göstərilən yazılar silinmədiyi üçün sayt bloklanıb.

Mustafa Hacıbəyli bildirib ki, belə bir xəbərdarlıq edilməyib. Onun "kimə xəbərdarlıq etmisiz, sizdə bunun bir bildirişi varmı” sualına cavab olaraq, NRYTN-nin nümayəndəsi "sizin e-mail ünvanınıza məktub göndərilib” deyib.

Lakin onun məhkəməyə təqdim etdiyi məktubun çıxarışında ayın tarixinin göstərilmədiyi, hər hansı möhür, imza qoyulmadığı məlum olub.

Bu məqamda hakim Elçin Məmmədov prosesi yarımçıq kəsib. 15 dəqiqədən sonra zala qayıdan hakim "İddia ərizəsinə baxılmasının mümkün olmadığı” barədə məhkəmə qərarını elan edib.

Vəkil Osman Kazımov məhkəmənin qərarından apelyasiya şikayəti veriləcəyini bildirib.