Müxalifət Aİ ilə sazişin imzalanması üçün şərtləri açıqlayıb

Müxalifət Aİ ilə sazişin imzalanması üçün şərtləri açıqlayıb

25-04-2019 03:07 / Bu xəbər 1268 dəfə oxundu

Avropa İttıfaqı və Azərbaycan arasında saziş imzalanmamışdan əvvəl Azərbaycanda siyasi məhbusların hamısı azad olunmalı, insan hüquq və azadlıqları tam şəkildə təmin edilməli, vətəndaş cəmiyyəti institutlarının sərbəst fəaliyyəti və digər demokratik islahatların həyata keçirilməsi üçün imkanlar bərpa olunmalıdır. 

Bu barədə aprelin 18-də ölkənin aparıcı qüvvələrinin iştirakı ilə keçirilmiş "Azərbaycanla Avropa İttifaqı arasında gözlənilən sazişə dair" İctimai Dinləmənin çərşənbə günü yayılan qətnaməsində deyilir.

"Biz Azərbaycanın Avro-Atlantik məkana səmərəli və hər iki tərəf üçün faydalı inteqrasiyasının tərəfdarıyıq və ona görə də Avropa Parlamentinin 4 iyul 2018-ci il tarixli tövsiyələrində Azərbaycanla strateji əməkdaşlıq sazişinin imzalanması üçün irəli sürülən şərtlərin yerinə yetirilməsini vacib sayırıq", - bəyanatda bildirilir.

Sənəd müəllifləri qeyd edirlər ki, Azərbaycan hakimiyyətinin son zamanlar islahat adı altında atdığı addımlar sistemsiz və yarımçıq xarakter daşıdığına, ictimai iştirakçılıqla müşahidə olunmadığına, işlək və effektiv icra mexanizmləri ilə təmin olunmadığına görə hazırkı vəziyyət və gözləntilər Avropa Parlamentinin Azərbaycanla sazişin bağlanması üçün irəli sürdüyü şərtlərə cavab vermir.

Sazişi hansı şərtlərlə imzalamağın özü isə cəmiyyət üçün açıq olmalı və layihəsi dərc edilməlidir.

Qətnamə müəllifləri qeyd edirlər ki, Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin alternativsiz seçimidir. Saziş imzalanmamıışdan əvvəl aşağıda göstərilən əlavə və dəyişikliklərin edilməsi və aşağıdakı istiqamətlərdə islahatların aparılması vacibdir:

Sazişdə Rusiya-Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığının təmini ilə bağlı müddəalar birmənalı qaydada Dağlıq Qarabağ və ətraf rayonların işğal faktı qeyd olunmaqla əksini tapmalıdır;

Avropa İttıfaqı və Azərbaycan arasında saziş imzalanmamışdan əvvəl Azərbaycanda həbsdə olan siyasi və vicdan məhbuslarının hamısı dərhal azad olunmalıdır;

Söz, mətbuat, sərbəst toplaşma və birləşmə azadlığı daxil olmaqla, fundamental insan hüquq və azadlıqlarının bütün formaları tam və dinc toplaşma azadlığının bütün formaları təmin edilməli, dinc mitinqlərin keçirilməsinə qoyulan əsassız baryerlər aradan qaldırılmalıdır.

Ölkədə azad və ədalətli seçkilərin keçirilməsini təmin edəcək seçki islahatlarının aparılması və müvafiq seçki sisteminin yaradılması üçün siyasi iradə nümayiş etdirilməli, sazişdə seçki qanununun Avropa Şurası Venesiya Komissiyası və ATƏT-DTİHB-in tövsiyələri əsasında dəyişdirilməsi, bütün səviyyəli seçki komissiyalarının siyasi partiyaların bərabər iştirakı əsasında formalaşması, proporsional seçki sisteminin bərpası və seçki hüququnun pozulması üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları icra edilməsi əks olunmalıdır.

Məhkəmə sisteminin qərəzsizliyini və onun icra hakimiyyətindən asılı olmamasını təmin etmək üçün məhkəmə sistemində nəzərdə tutulan dəyişikliklərin icrasının effektivliyini artırmaq məqsədilə bu prosesdə ictimai iştirakçılıq genişləndirilməli, hakimlərin seçilməsi, məhkəmənin gedişi, qərarları və ondan şikayətlərə baxılması ilə bağlı informasiyalara çıxış, hesabatlılıq və şəffaflıq təmin edilməlidir.

İqtisadi cinayətlərə, korrupsiya, çirkli pulların yuyulması, vergidən yayınmaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün vəzifəli şəxslər, hakimlər, prokurorlar, parlament üzvləri tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar bəyannamələr ictimaiyyətə açıqlanmalıdır.

Avropa İttifaqı ilə ticarət və investisiya əməkdaşlığının gücləndirilməsi üçün Rəqabət Məcəlləsi qəbul olunmalı, rəqabətin qorunmasına və istehlakçıların müdafiəsinə məsul olan dövlət institutunun müstəqilliyi artırılmalı, Azərbaycanın Dünya Ticarət Təşkilatı ilə danışıqlar prosesi sürətləndirilməli və üzvlük məsələsi yaxın 1 ildə yekunlaşdırılmaldır.

Qətnamə Azad Demokratlar Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Xalq Partiyası, Ədalət Partiyası, Milli Şura, Vətəndaş və İnkişaf Partiyasının təklifləri nəzərə alınmaqla Azərbaycan Demokratiya və Rifah Hərəkatı tərəfindən hazırlanaraq yayılıb.///Turan.az