Türkiyə: müasir dövrdəki hərbi çevrilişlər - II YAZI

Türkiyə: müasir dövrdəki hərbi çevrilişlər - II YAZI

27-07-2016 23:39 / Bu xəbər 910 dəfə oxundu

Yadigar Sadıqov

Süleyman Demirelin rəhbərlik etdiyi Adalet partiyası 1969-cu ilin parlament seçkilərində 46,55% səs topladı. Əvvəlki seçkilərlə müqayisədə partiyanın səsi 6%-dən çox azalsa da, seçki qanunvericiliyində edilən dəyişikliklər sayəsində parlamentdəki deputatlarının sayı 16 nəfər artaraq 256-ya çatdı. Bu da Demirelə yenidən təkpartiyalı hökumət qurmaq imkanı verdi.

Belə görünürdü ki, Türkiyəni növbəti 4 ildə də siyasi sabitlik gözləyir. Lakin heç də belə olmadı. Problemlər elə hakim partiyanın daxilindən başladı. 1961-ci il Konstitusiyası ilə keçmiş DP iqtidarının nümayəndələrinin, o cümlədən Cəlal Bayarın siyasi fəaliyyətinə qoyulmuş məhdudiyyətlərin ləğvi istiqamətində Demirelin hərəkətsizliyindən narazı qalan bir çox partiyalılar, o cümlədən 41 millət vəkili AP-dan istefa verdilər. Onlardan bir qismi Calal Bayarın mənəvi nüfuzu altında olan Demokratik Partiyanı yaratdılar, daha mühafizəkar kəsim isə Necmettin Erbakanın Milli Nizam Partiyasına qoşuldular.

Türkiyədə ictimai-siyasi vəziyyət də get-gedə gərginləşməyə başladı, sağ-sol toqquşmaları vüsət aldı. Atışmalar, girov götürmələr, banklara hücumlar gündəlik hala çevrildi. Əmək qanunvericiliyində edilən dəyişikliklər Türkiyə tarixinin ən böyük etiraz nümayişlərindən olan 15-16 haziran (iyun) olaylarına səbəb oldu. İqtisadi vəziyyət də ürəkaçan deyildi, 1970-ci ilin avqustunda türk lirəsi 66%-lik devalvasiyaya uğradı.

Xarici siyasətdə də hər şey qaydasında sayılmazdı. Türkiyə-ABŞ soyuqluq müşahidə olunurdu. Əvəzində baş nazir S. Demirelin 1967-ci ildə, xarici işlər naziri İhsan Çağlayangilin 1968-ci ildə və prezident Cevdet Sunayın 1969-cu ildə Moskvaya səfərlərindən sonra Türkiyə-SSRİ münasibətlərində yaxınlaşma müşahidə olunurdu. Daxildə artan solçu təmayüllərlə paralel bu yaxınlaşma generalitet tərəfindən heç də xoş qarşılanmırdı.

Belə olan halda hərbçilər vəziyyətə müdaxilə etdilər. Baş Qərargah rəisi Memduh Tağmaçla yanaşı Quru qoşunlar, Hava qüvvələri və Hərbi donanma komandanlarının imzaladığı memorandum (türkcə: muhtira) 1971-ci il martın 12-də prezident C.Sunaya təqdim edildi. Sənəddə Türkiyənin üzləşdiyi problemlər sadalanır və çıxış yolu kimi partiyalarüstü, texnokrat bir hökumətin yaradılması istənilirdi. Əks təqdirdə ordu hakimiyyəti bilavasitə üzərinə götürəcəyi ilə təhdid edirdi.

Bu ultimatumdan sonra Demirel istefa verdi. CHP-dən millət vəkili olan Nihat Erim partiyasından ayrılaraq bitərəf kimi islahatlar hökumətini qurdu. Lakin nə texnokrat, nə də 1974-cü ilin payızından yenidən formalaşan siyasi hökumətlər Türkiyənin problemlərini həll edə bilmədilər. Siyasi qeyri-sabitlik davam edirdi. 1971-1980-ci illərdə Türkiyədə 11 hökumət iş başında oldu. Bir tərəfdə solçuların, digər tərəfdə isə millətçi və islamçıların olduğu toqquşmalar daha da çoxaldı.

Belə toqquşmalardan ən böyüyünün dolayısı ilə azərbaycanlılara aidiyyəti vardı. İkinci cahan savaşı zamanı Türkiyəyə sığınan və SSRİ-yə geri verilərkən güllələnən 146 azərbaycanlının "Boraltan körpüsü qətliamı” əsasında çəkilmiş "Günəş nə zaman doğacaq” adlı film 1978-ci il dekabrın 19-da Kahramanmaraşda nümayiş edilərkən "Çiçək” kinoteatrına bomba atıldı. İddialara görə, cinayəti filmi millətçi hesab edən solçular törətmişdi. Ertəsi gündən şəhərdə başlayan və əsasən ələvilərə qarşı yönələn qətliam 1 həftəyə qədər davam etdi. Rəsmi məlumatlara görə 105 adam qətlə yetirildi. Qeyri-rəsmi məlumatlarda isə qurbanların sayı 4-5 dəfə çox göstərilir.

1978-1980-ci illərdə siyasi qətllər vüsət aldı. Bu cinayətlərin qurbanları sırasında qəzetçilər, ali məktəb müəllimləri, millət vəkilləri vardı. İlk texnokrat hökumət başçısı Nihat Erim də 19 iyul 1980-ci il tarixində öldürüldü.

Siyasi qətllərdən biri daha böyük hadisələrə səbəb oldu. 1980-ci il mayın 27-də MHP-li keçmiş Gömrük naziri Gün Sazak solçular tərəfindən öldürüldü. Bundan sonra Çorumda başlayan sağ-sol, sünni-ələvi toqquşmaları nəticəsində 57 nəfər həyatını itirdi.

Beynəlxalq vəziyyət də Türkiyə demokratiyasının xeyrinə deyildi. 1979-cu ildə İran İslam İnqilabı, SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi Türkiyənin NATO müttəfiqlərinin ölkədəki səbatsızlıqdan narahatlığını gücləndirmişdi. Sabitlik yarada biləcək "dəmir əl” xoş qarşılanacaqdı.

Bütün bunlara Türkiyə Cümhuriyyəti prezidentinin seçilə bilməməsi də əlavə olundu. 1973-cü ildən prezident olan Fahri Korutürkün səlahiyyətləri 1980-ci ilin aprelində başa çatırdı. Artıq martın 25-dən parlamentdə (TBMM-in 450 və Senatın 184 üzvü) yeni prezident seçmək üçün səsvermələr başladı. Lakin sentyabrın 11-ə kimi baş tutan 124 (!) səsvermə nəticəsiz oldu. Son səsvermənin ertəsi günü isə Türkiyə daha bir hərbi çevriliş yaşadı.

Budəfəki çevriliş 1971-ci il muhtırasını xatırlatmırdı. Baş qərargah rəisi Kenan Evrenin rəhbərlik etdiyi, Quru qoşunlar, Hava qüvvələri, Hərbi donanma və Jandarmeriya qoşunları komandanlarının daxil olduğu Milli Güvenlik Konseyi idarəçiliyə birbaşa əl qoydu. Konstitusiyanın, parlamentin, siyasi partiyaların fəaliyyəti donduruldu. Əsas siyasi partiyaların rəhbərləri – B.Ecevit, S. Demirel, A.Türkeş, N.Erbakan ev həbsinə məruz qaldılar.

Hərbi xunta artıq oktyabrın 7-də edamlara başladı. Öncə solçu Necdet Adalı, bir neçə saat sonra isə ülküçü Mustafa Pehlivanoğlu asıldılar. Ümumiyyətlə, 1980-1984-cü illərdə 50 nəfər edam cəzasına məruz qaldı ki, bunlardan 25-i siyasi motivli cinayətlərdə ittiham olunurdular. Türkiyə tarixinin hələ ki, son edamı 1984-cü il oktyabrın 25-də gerçəkləşdirildi. Üç polisi öldürməkdə təqsirkar bilinən solçu Hıdır Aslan asıldı.

Evren diktaturası cəmiyyətin bütün sahələrinə nüfuz etdi. Siyasi görüşlərinə görə minlərlə ali məktəb müəllimi işdən çıxarıldı. Proses o qədər geniş vüsət almışdı ki, az qala bütün universitetlər kadr çatışmazlığından əziyyət çəkirdilər. Hətta idman belə müdaxiləsiz qalmadı. Konsey rəhbərinin istəyi ilə Türkiyə futbolunun yüksək liqasında paytaxt təmsilçisinin (Ankaragücü) iştirakı zorla təmin edildi.

Yeni Konstitusiyanın qəbul edilməsi üçün 1982-ci ildə referendum keçirildi. Bir tərəfdən xalqın 70-ci illərin toqquşmalarından bezməsi, digər tərəfdən təklif olunan Konstitusiya layihəsinin əleyhinə təbliğatın qadağan olunması üzündən seçicilərin əzici çoxluğu – 91,37%-i lehinə səs verdilər. O dövrə kimi dövləti Milli Güvənlik Konseyinin rəhbəri kimi idarə edən Kenan Evren də Konstitusiyanın qəbulu ilə avtomatik prezident oldu və 1989-cu ilə kimi bu vəzifəni daşıdı.

Türkiyədə 1983-cü ildə parlament seçkiləri keçirildi. Köhnə partiyaların və siyasətçilərin iştirak etmədiyi bu seçkilərdə Turqut Özalın Ana Vətən Partiyası (ANAP) qalib gələrək təkbaşına iqtidar oldu. Yeni Konstitusiyada təsbit edilmiş və dünyada analoqu olmayan 10%-lik seçki barajı da ilk dəfə bu seçkilərdə tətbiq edildi. 1987-ci ildə siyasətçilər üzərindən yasaq götürüldü. Ecevit, Demirel, Türkeş, Erbakan siyasətə qayıtdılar.

Hərbçilərin siyasi proseslərə növbəti müdaxiləsi də məhz sonuncunun, N.Erbakanın siyasi fəaliyyətinə qarşı yönəldi. 1987-ci ildə Erbakanın rəhbərliyinə gətirildiyi islamçı Rifah Partiyası 1995-ci ilin parlament seçkilərində 21,38% səslə 158 deputat mandatı qazanaraq ilk yeri tutdu. Lakin yalnız 1996-cı ilin iyunun 28-də Tansu Çillerin rəhbərlik etdiyi Doğru Yol Partiyası ilə koalisyon hökumət qura bildi. Erbakan baş nazir, Çiller isə baş nazir müavini və xarici işlər naziri oldu.

1997-ci il fevralın 28-də baş tutan və mətbuatda həm də "postmodern darbe” adı ilə tanınan hərbi müdaxilənin əvvəlkilərdən fərqli olaraq çeşidli səbəbləri yox idi. Hərbçiləri narahat edən yeganə səbəb "irtica” qiyməti verdikləri dinçi fəaliyyətin vüsət alması idi. Ona görə də 18 maddədən ibarət 28 fevral "tövsiyyələri”nin az qala hamısı "aşırı dinçi kəsim”ə və onların fəaliyyətinə qarşı yönəlmişdi.

Erbakanın xarici siyasət sahəsindəki fəaliyyəti də müxalifətin və ordunun narazılığına səbəb oldu. Xüsusən Liviya səfərindəki fiasko Erbakana qarşı etiraz vulkanı yaratdı. Belə ki, Liviya lideri Qəddafi Türkiyəyə qarşı bir sıra ittihamlar irəli sürüb, müəllim şagirdə göstəriş verən şəkildə öyüd-nəsihətdə bulundu. Erbakan isə bu həmləyə adekvat cavab vermədi.

N.Erbakan Milli Güvənlik Kurulunun 28 fevral qərarlarını imzalamaqdan imtina etsə də, 12 mart muhtirasında olduğu kimi hakimiyyət dərhal dəyişmədi. Baş nazir hələ bir müddət müqavimət göstərdi və yalnız iyunun 30-da Refah-Yol hökuməti süqut etdi. Növbəti ildə isə Refah Partiyası qapadıldı.

Lakin siyasi İslam tərəfdarları 10 il sonra revanş götürdülər. 2002-ci ilin parlament seçkilərində Adalet və Kalkınma Partiyası səslərin 34,28%-ni qazandı. Lakin 10%-lik seçki barajını yalnız 2 partiyanın (ikinci CHP – 19,39%) adlaya bildiyindən AKP parlamentdəki 550 yerin 363-nə sahiblənərək əzici bir çoxluq əldə etdi.

2007-ci ildə isə parlament Türkiyənin yeni prezidentini seçməli idi. Ölkə qanunlarına görə, seçkilərin ilk 2 turunda parlamentin 2/3-nin (367) səsini toplayan namizəd prezident seçilirdi. Bu mümkün olmazdısa, sonrakı turlarda parlamentin yarısından çoxunun (276) səsini almaq yetərli idi. AKP namizədi olan Abdullah Gülün seçilmək üçün böyük şansı olduğunu anlayan Türkiyə silahlı qüvvələrinin Baş qərargah rəisi, milliyyətcə azərbaycanlı olan Yaşar Böyükanıt aprelin 27-də qurumun saytında bir müraciət yerləşdirdi.

İnternet üzərindən yayıldığına görə e-muhtıra adını alacaq bu sənəddə türk silahlı qüvvələrinin laikliyə sadiq olduqları, siyasi İslam tərəfdarının Respublika prezidenti olmasının yolverilməzliyi vurgulanırdı. Lakin Böyükanıtın bu demarşı uğursuz oldu. Ergenekon davası səbəbindən Türkiyənin hərbi elitası xeyli sarsılmış vəziyyətdə idi. Digər tərəfdən, ABŞ və Avropa Birliyi Türkiyə hökumətinə dəstəklərini ifadə etdilər. Son illərdə dolanışığının xeyli yaxşılaşdığını duyan xalq da AKP-dən məmnun idi.

İyulun 22-də növbədənkənar parlament seçkilərinə gedən AKP bu dəfə səslərin 46,58%-ni topladı. Bununla belə, parlamentə CHP ilə yanaşı MHP-nin də düşməsi səbəbindən partiyanın deputat yeri 22 ədəd azaldı. Lakin xalqın verdiyi kart-blanş Erdoğana hərbçilərin tələbini gözardı etməyə imkan verdi. Avqustun 28-də seçkilərin üçüncü turunda 339 səs toplayan Abdullah Gül Türkiyənin 11-ci prezidenti seçildi.

Türkiyədə sonuncu hərbi çevriliş cəhdi isə bir neçə gün öncə baş verdi. Düşünürəm ki, bu hadisə haqqında yazmaq üçün hələ kifayət qədər obyektiv bilgilər yoxdur. Lakin gəldiyim qənaət ondan ibarətdir ki, hərbi çevrilişin qarşısı alınsa da, bunu demokratiyanın təntənəsi kimi qiymətləndirmək mümkün olmayacaq. Qonşu ölkədəki proseslər bu qələbədən sui-istifadə və 12-ci prezident Erdoğanın şəxsi diktaturasının yaranmasına istiqamət təsiri bağışlayır.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. 

Meydan.Tv