Vətənpərvər

Vətənpərvər

15-09-2017 17:13 / Bu xəbər 1407 dəfə oxundu

Elkin Xəlilov 

Bu, tez-tez olur: televizorun pultunu çevirə-çevirə nəsə axtarıram. Sanki bu, irsi bir vərdişdir, atamla babam da belə edir. Nəsə özləri də bilmədən bir şey axtarırlar, bir şey tapmayanda isə durub televizoru söndürürlər. 

Bu günlərdə yenə "irsi" vərdişimi davam etdirirdim. Bu dəfə, deyəsən, bəxtim gətirmişdi. Kanalların birində film başladı...

Adətən, yerli kanallarda lüzumsuz filmləri dublyaj edirlər. Amma bu dəfə filmin real hadisələr əsasında çəkilməsi xəbəri məni bir az da ekrana yaxınlaşdırdı... 

Gary McKendrynin rejissoru olduğu, ingiliscəsi "Killer Elite", Azərbaycancası isə "Peşəkar" olan film başladı. Bayaq qeyd etdiyim kimi, film real hadisələr əsasında çəkilib. Filmdə üç oğlu öldürülmüş Omanlı neft oliqarxı olan şeyxdən bəhs edilir. 

O, 3 oğlunun qatilini tapmaq üçün muzdlu qatil axtarır. Şeyxin oğlunu öldürənlər isə Böyük Birtaniyanın Xüsusi Təyinatlı dəstəsinin üzvüləridir. 

Səhra qanunları şeyxə rahatlıq vermir. O, nəyin bahasına olursa, olsun oğlunun qatillərinin öldürülməsini istəyir. Şeyx deyir: "Səhra belədir. Qanı yalnız qanla təmizləmək olar. Yoxsa bütün həyatın sarı qum dənələri arasında məhv olub gedir”. 

Nəhayət, muzdlu qatil tapılır. Həmin muzdlu qatil isə keçmiş döyüşçüdür. Bu rola isə (Filmdə adı Hunter olur) Robert De Niro çəkilir. Hunter düşünür ki, Şeyx qocalıb, əməliyyatı başa vurmadan da pulu alıb aradan çıxmaq olar. Amma səhra o qədər böyükdür ki, hara qaçsan da, səni axırda tapacaqlar. Hunter qaçmaq istəyəndə tutulub, şeyxin zindanına salınır. 

Şeyx isə nəyin bahasına olur-olsun, oğlanlarının qatilini istəyir. Xəbəri Hunterin dostu, keçmiş döyüşçü və muzdlu qatil olan Jason Stathama ( Filmdə adı Dannye olur) çatdırırlar. Ona ya dostunu öldürəcəklərini, ya da şeyxin qisasının alınmasın vacib olmasını deyirlər. Dannye dostunun azad ediləcəyi təqdirdə bu işə girəcəyini söyləyir. 

Dannyə Böyük Birtaniya Xüsusi Təyinatlı dəstəsinin 3 keçmiş döyüşçüsünün öldürülməsi tapşırılır. Bu döyüşçülər isə dünyanın peşəkar hərbçiləri olurlar. 

Məlum olur ki, Birtaniya Xüsusi Xidmət Orqanlarının da bu əməliyyatdan xəbəri var. Sadəcə, onlar buna göz yumurlar. Hətta bu əməliyyatda iştirak etmiş keçmiş döyüşçülərdən biri (Filmdə adı Logan olur) Clive Owen də bu xəbəri alır. 

Logan məlumatı dövlətə çatdırır və əməliyyatın qarşısının alınması üçün onlardan kömək istəyir. Dövlət isə hər dəfə bir bəhanə ilə aradan çıxır. Çünki Şeyx oğlunun qatilləri cəzalandırılsa, sonuncu oğlu yeni neft müqaviləsi imzalaya bilər. 

Film haqqında detalı yazmaq istəmirəm. İmkan olsa, baxarsınız. Amma məni onun haqqında yazdıran isə bu söhbət oldu: 

Dannye və Logan eyni otaqda xüsusi xidmət orqanının əməkdaşı tərəfindən saxlanılır və o məşhur söz deyilir: "Sizin kimi adamlar bizim xoşumuza gəlir. Siz yalnız vuruşmaq istəyirsiniz. Amma nəyə və kimə görə vuruşduğunuzu fikirləşmirsiniz. Bütün xırdalıqları bilmirsiniz. Ülya həzrətin hakimiyyəti gizli cəmiyyətləri sevmir. Xüsusi ilə də onun işlərinə qarışanda. Heç bilirsiniz, səhrada nə qədər neft var? Heç bilirsiniz, müqavilərin qiyməti neçədir? Biz qatilləri onlara veririk, gənc şeyx müqaviləni yeniləyir. Bundan sonra ən böyük pay bizə düşür. Mən vətənpərvərəm, vətənpərvər. Vətənimə qulluq edirəm, vətənin uğrunda ölən o üç nəfər də...”

Bəli, həqiqət belədir. Lazım gələrsə, kor olacaqsan, gəlib silahdaşını aparsalar belə dinməyəcəksən, danışmayacaqsan və dövlətin maraqlarına qarşı gələ bilməzsən...
 
Məsələn, son günlər baş verən hadisələr və Böyük Britaniyanın baş naziri Tereza Mey Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılması ilə bağlı göndərdiyi təbrik məktubu kimi...

T. Meyin təbrikində isə bildirilir ki, bu gün imzalanan saziş Böyük Britaniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsidir: "Azərbaycan müstəqillik qazandıqdan sonra "Əsrin müqaviləsi"nin imzalanması ilə ilk dəfə Xəzərdə resurslarından istifadə etmək imkanı qazanıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Azərbaycan öz neftini dünyaya ixrac edib. 2020-ci ildə isə Azərbaycan qazının Avropaya ixracı başlayacaq. Mən üzr istəyirəm ki, bu sazişin imzalanması mərasimində - Bakıda ola bilmirəm. Ancaq əminəm ki, bu kontrakt əməkdaşlığımızı daha da gücləndirəcək”.

Bilmirəm, bəlkə də, filmə baxandan sonra bu xəbərin qarşıma çıxması bir təsadüfdür, amma reallıq budur və onlar məhz belə düşünür: bəli, siz demokratiya uğrunda savaşa, yaxşı araşdırmalar yaza, həqiqəti deyə bilərsiniz, amma bu bizim işimizə mane olmayana qədər... 

Səhranın qanunları olduğu kimi, neftin də öz qanunları var: orada qanı qanla yuyurlar, burada isə müqavilələrlə...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.