Yaqland Mehman Əliyevlə bağlı bəyanat verdi

Yaqland Mehman Əliyevlə bağlı bəyanat verdi

12-09-2017 09:53 / Bu xəbər 1226 dəfə oxundu

Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland  "Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin ev dustaqlığına buraxılmasına münasibət bildirib.

"Jurnalistin həbsdən buraxılması alqışlansa da, ona qarşı ittihamların qüvvədə qaldığını qeyd edirik”, – bəyanatda deyilir.

Avqustun 25-də, Mehman Əliyev saxlanandan sonra verdiyi bəyanatda Yaqland Azərbaycan hakimiyyətini, azadlıqdan məhrumetmədən yayınmaq üçün Avropa İnsan Haqları Konvensiyasına uyğun öhdəliklərinə tam əməl etməyə çağırmışdı. 

Həmin bəyanatda vurğulanırdı ki, media və jurnalistlər qorxudulmadan, kənar təsirə məruz qalmadan fəaliyyətlərini gerçəkləşdirə bilməlidirlər. Sentyabrın 11-də yayılmış açıqlamadan bu fikirlər bir daha sadalanır.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. 

Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

Üstəlik, ABŞ Senatının komitəsinə Mehman Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim edilib.

Sentyabrın 11-də Mehman Əliyev ev dustaqlığına buraxılıb.