Azərbaycan "Anamın kitabı"ndakı mini dəlixanadır

Azərbaycan

17-02-2023 12:30 / Bu xəbər 1097 dəfə oxundu

Rövşən Əliyev

İctimai diskussiya nə barədə olar? 
Hakimiyyətin necə formalaşması.
Büdcənin necə xərclənməsi. 
Təhlükəsizlik.
İqtisadiyyat.
Sağlamlıq. 
Ekologiya. 
Sosial məsələlər.
Hüquq.
Təhsil. 

Bu diskussiyalar harada gedər? Azad mediada, ölkə büdcəsi hesabına yaşayan ictimai TV-də. 

Qərbi slavyan ölkələri (Balkan xaric) 30 il qabaq bunu dərhal anladılar. Həmin diskussiyalara başlayıb sivil dünyanın bir parçasına çevrildilər. Belarus diktatoru kimi gedib Rusiyaya girmədilər. Nə tarix mübahisələri elədilər, nə dil, nə böyük qardaş, nə kiçik qardaş, nə qartımış qədim xalq, nə yeni pırtlamış xalq kimi səy-səy söhbətlər. 

Bizim region isə meqa dəlixanadır:  Velikorus şovinizmi, Paniran şovinizmi, Turan şovinizmi və Böyük Ermənistan şovinizmi...

Ən pisi də odur ki, eyni vaxtda bu şovinizmlərin heç birinə aid olmayan, heç birinin toruna düşməyən, hamısının təbliğat fırıldaqlarından baş aça bilən sağlam düşüncəli ziyalılara rast gəlmirik.  Elə bir ziyalı ki, sadaladığım şovinistliklərin hamısından uzaq dura bilsin. Birinə qarşı çıxanda o birinə də qarşı çıxa bilsin. Həm də regiondakı bütün xalqların ümumi və fərdi maraqlarının olduğunu etiraf eləsin. Bu xalqların taleyinin ümumi olduğunu, ayrıca tarixlərinin olmadığını deyə bilsin.

Birisi siyasətçidir, onillərdir ki, müstəqillik fədaisi kimi ad çıxarıb. Ancaq Osmanlını dirçəldib öz ölkəsini ona yamaq eləmək kimi ayıb bir işi gur səslə bəyan edir. 

Birisi etnik azlıqların hüquqlarının müdafiəçisi kimi ad çıxarıb. Ancaq baxırsan ki, hüquqdan çox tarixdən, qədimlikdən danışır, Hind-Avropa rasist nəzəriyyəsi əsasında düzülüb qoşulan, yarıtürk-yarıfars hərbçi Rza Şahın xalqdan oğurladığı pul hesabına dünyaya sırınan pəhləvi konsepsiyası üçün sinov gedir.  Cümlə-cümlə, kitab-kitab o konsepsiyanı təkrarlayır.

Birisi, mədəni, intelligent narazılar sinfindəndir, "təhsil fədaisidir". Amma  60 milyon insanı repressiya eləmiş SSRİ-nin xiffətini çəkir. 

Birisi, guya internasionalistdir, Avropada "tez" yazıb, universitütlərdə tarixdən, sosiologiyadan müdafiələr edib. Guya sülh qurucusudur. Təcavüz qurbanını səhv çıxarmaq üçün Avropada məqalə soxuşdurmadığı yer qoymur. 

1890-cı ildə meydana çıxan daşnak teroruna 16 il sonra 1906-cı ildə "Difai" ilə cavab verənləri, Bakıdakı 1918-ci il mart qırğınından sonra sentyabrda Osmanlıya kömək üçün müraciət edənləri,  1987-ci idə başlayan təcavüzə 2-3 il sonra reaksiya verənləri  tərəzinin eyni gözünə qoyur.  Eyni göz nədi ey, təcavüzlə üzləşəni təcavüzkara təcavüz etməkdə günahlandırır. 

Nə isə, Rəsulzadə kimi, Hacıbəyli kimi, Məmmədquluzadə kimiləri yoxdur.