Bəxtiyar Hacıyevin alovlu həbsi

Bəxtiyar Hacıyevin alovlu həbsi

10-12-2022 14:47 / Bu xəbər 3252 dəfə oxundu

Şəmşad Ağa

Dünyada İnsan Hüquqları Gününün qeyd olunduğu bir vaxtda Azərbaycanda günlər yenə bir-birinə oxşardı.

Azərbaycan absurdlar ölkəsidir. Yaxşı bir bədii mətnin remarkası olan ölkəmizi elə Absurdistan adlandırsaq, yanılmarıq…

Uzun illərdir ki, insan haqları gününü Absurdistanın bir küncündən ürəkağrısı ilə seyr etməyə məhkumuq.

Bu ölkədə insanların hisslərini istismar etməyə yönəlmiş "vətənpərvərlik" isə əclafların son sığınacağına çevrilib.

Saltkov-Şedrin deyirdi ki, nə vaxt vətənpərvərlikdən danışırlarsa, deməli, nəyisə oğurlamağa çalışırlar.

Azı iki əsrlik yaşı olan bu fikrin məna yükü ölkəmizin bütün mənzərəsini incəliklə təsvir edir.

Ölkəmizdə "vətənpərvərlik" insanların həyatlarını ölkənin sərvətlərinin gözünə qatıb, oğurlayır...

"İslahatlar", struktur dəyişiklikləri, "Böyük Azərbaycan” iddiaları, "milli həmrəylik”nağılları -  bir sözlə, bunların hamısı son 30 ildə insan həyatının oğurlanmasına hesablanıb.

Dünən ictimai fəal Bəxtiyar Hacıyev siyasi sifarişlə həbs olundu, həm də bir vaxtlar "şou-biznesin Akif Çovdarovu" kimi tanınan bir müğənninin mətbuat katibi olan şəxsin - Ülviyyə Alovlunun iddiası əsasında...

Onun həbsindən bir gün sonra isə dünyanın inkişaf etmiş cəmiyyətlərində azərbaycanlıların da həsrətlə baxdığı insan hüquqları günü qeyd olunacaqdı.

Bu, cəmiyyətin aktiv kəsiminin insan haqları gününə hakimiyyətin "hədiyyəsi" idi.

O həbs təkcə bir fəalın azadlığını əlindən almırdı, həm də insan hüquqları gününə, dünyanın sivil dəyərlərinə "İblis"in qəhqəhələri altında ironiya idi.

Təəssüf ki, Bəxtiyar özü də bir vaxtlar bu "islahat nağılları"na inanmış və hətta sonralar bunu özü də etiraf etmişdi... Çünki sistemin mahiyyətini görmüşdü.
 
Zatən, sistem azad, sərbəst düşüncəli insanları sevmir, əlinə fürsət düşdükdə isə cəzalandırır... 

Əslində Bəxtiyar hər dəfə başına gətirilənləri ictimailəşdirəndə, ölkə vətəndaşlığından imtina etmək üçün cəhdlər edəndə əqli-səlim insanlar onsuz da prosesin hara getdiyini, ona tikilən "torba"nın dərinliyini təsəvvür edirdilər.

Gündəmi "süni pişik" qalmaqalı ilə lağ-lağı obyektinə çevirən hüquq-mühafizə orqanlarının da, onların sosial şəbəkələrdəki aktiv "yumşaq gücü"nün də məqsədi bəlli idi. Amma, doğrudan da, "torbada pişik var"dı, lap prosesin başından...

İnsan Hüquqları Gününə gəlincə, bunu qısaca belə təsvir etmək olar: yaşadığın, doğulduğun ölkədə haqqın tapdalanırsa, səsin eşidilmirsə, bəxtiyar deyilsənsə, demək, sadəcə, bir torpaq parçasının sakinisən...

Lap məşhur şeirdə deyildiyi kimi:

...torpaq küsüb insandan, 
vətən olmaq istəmir...