Blinken genişlənən böhranı cilovlamaq ümidi ilə Yaxın Şərqə səfər edib

Blinken genişlənən böhranı cilovlamaq ümidi ilə Yaxın Şərqə səfər edib

07-01-2024 01:16 / Bu xəbər 765 dəfə oxundu

ABŞ Dövlət katibi Antoni Blinken bölgədəki gərginliyi azaltmaq və İsrailin HƏMAS ilə müharibəsinin daha geniş əraziyə yayılmasının qarşısını almaq ümidi ilə Yaxın Şərq-ə diplomatiya səfərinin başlanğıcında şənbə günü Türkiyə və Yunanıstan liderləri ilə görüşüb.

Blinken İsrailin Qəzzadakı hərbi əməliyyatlarını sərt tənqid edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə "münaqişənin cilovlanması, girovların azad edilməsi, ərzaq, su, dərman və kommersiya mallarının çatdırılması üçün Qəzzaya buraxılan yük maşınlarının sayının artırılması və mülki itkilərin azaldılması kimi humanitar yardımların genişləndirilməsinin vacibliyini vurğulayıb”, - Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

ABŞ-ın baş diplomatı həmçinin Fələstin dövlətinin yaradılmasını təşviq etməklə yanaşı, İsrailin təhlükəsizliyini təmin edən sülh planı üzərində işləməyin vacibliyini vurğulayıb.

Müharibədən sonrasının planlaşdırılması

Blinken həmçinin İsrailin HƏMAS-ın kökünü kəsmək məqsədinə çatacağı təqdirdə Qəzzanın idarə edilməsi və potensial təhlükəsizliyi ilə bağlı danışıqlarda irəliləyiş əldə edəcəyinə ümid edir.

ABŞ rəsmiləri deyib ki, Blinkenin həmçinin Türkiyənin Qəzzanın bərpa səylərindəki iştirakını müzakirə edəcəyi gözlənilir.

Blinken oktyabrın 7-dən bəri Yaxın Şərqə dördüncü səfəri İsrailin HƏMAS militantları ilə müharibəsi artıq dördüncü ayına yaxınlaşdığı bir vaxta təsadüf edir. 

Birləşmiş Ştatlar, Birləşmiş Krallıq, Avropa İttifaqı və başqaları HƏMAS-ı terror təşkilatı kimi tanıyıb.

Dövlət katibi xarici həmkarları və digər rəsmilərlə görüşlər keçirmək üçün Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfər edəcək.

HƏMAS döyüşçüləri oktyabrın 7-də İsrailin cənubuna keçəndən sonra İsrail HƏMAS-ı məhv etmək üçün hərbi əməliyyata başlayıb. 

İsrail bildirib ki, terror hücumunda 1200 nəfər öldürülüb, 240 nəfər girov götürülüb. 

Qəzzanın səhiyyə rəsmiləri deyir ki, İsrailin Qəzzaya hərbi hücumu zamanı əksəriyyəti qadın və uşaqlarla olmaqla, 22 mindən çox fələstinli öldürülüb.

Birləşmiş Ştatlar həmçinin fələstinli ərazilər üçün müharibədən sonrası üçün yol xəritəsi üzərində çalışır və fələstinlilərin Qəzzadan zorla çıxarılmasının əleyhinə olduğunu bəyan edib.

"Qəzza yenidən İsrailə qarşı terror hücumları üçün meydança ola bilməz”, - Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə günü "Amerikanın Səsi"nə deyib: "Nəticədə görmək istədiyimiz Qəzza və İordan çayının qərb sahilinin Fələstin rəhbərliyi altında yenidən birləşməsidir" və "HƏMAS-ın bunda, əlbəttə ki, heç bir rolu olmayacaq".

İsrail HƏMAS-ı təqib etməyə davam edir

Cümə axşamı İsrailin müdafiə naziri Yoav Qallant ölkənin Qəzzada əməliyyatlarının növbəti mərhələsi üçün planlarını qeyd edib. 

Yeni yanaşmada Qəzzanın şimalına daha hədəfli strategiya və cənubda HƏMAS liderlərinin təqibinin davamı daxildir.

Qallant müharibədən sonrakı bəyanatında deyib ki, Qəzza bir daha HƏMAS-ın nəzarəti olmayacaq. 

O deyib ki, İsrail əməliyyat azadlığını qoruyub saxlasa da, Qəzzada heç bir israilli mülki vətəndaş olmayacaq.