Ceyhunun nağılı

Ceyhunun nağılı

23-11-2020 18:37 / Bu xəbər 2536 dəfə oxundu

Ənnağı Hacıbəyli
 
Hələ heç iki ay da keçməyib. Çəpərin bu üzündə dayanıb arxın o tayına baxırdım. 

Gözüm Mərziyəgilin kasıb komasına dirəndi. İlk dəfə fikir verdim - həyətdə təzə xudmani bir ev də tikilmişdi. Dedilər Ceyhunu nişanlayıblar, cəbhədən qayıtsın, toy olacaq. Sonra qəfil xəbər gəldi: Ceyhun Şuşa ətrafında gedən döyüşlərdə şəhid olub, bu gecə torpağa tapşırılacaq.
 

Ənnağı Hacıbəyli 

O, evin tək oğlu idi. Ata-anası onu kasıbçılıqla, min bir əziyyətlə böyütmüşdü. Anası onun-bunun həyətində, əkin-biçinində işləyib qəpik-quruşla ailəni dolandırır. Əvəz də eləcə. 

Kənddə danışırdılar ki, müharibə kasıblar üçündür – az-çox imkanı olan heç bir ailənin uşağını müharibəyə aparmayıblar. 

Ceyhunun valideyinlərinin "müdir”lərinin də uşaqları oturublar isti evlərində, Mərziyə ilə Əvəzin gözünün qabağında. Qəribədir, guya onların müharibəyə getməsi ceyhunları xilas edə bilərdi. Onlardan kimsə şəhid olsaydı, adamlar yenə yanıb-yaxılacaq, sonra yenə başqa səbəb axtaracaqdılar. Elə bil kimsə anlamır ki, səbəb müharibədir.
Şəhid Ceyhun Adıgözəlov

Adamların gözü qabağında beş min manata "hərbi komissarlıq”lardan geri alınan "xəstə”lər olsa da, bu, heç nəyi dəyişmir. Bütün bunlar onsuz da ayaq üstə güclə dayanan Mərziyə üçün heç nə ifadə eləmir. Şəhidin yeddisini də gözləmədən qaytarılmış nişan səbətlərini Ceyhunun dostları onun məzarı üstünə qoymuşdular ki, Mərziyə  görməsin. Nişan əşyalarını payladılar ki, Mərziyə heç olmasa indi bunu bilməsin. Qiymətindən və ehtiyacdan asılı olmayaraq bu əşyalar bu evdə kimsəyə gərək deyildi...

Ceyhun maaş kartını anasına vermişdi ki, anası mümkün qədər az çətinlik çəksin. Onsuz da 13 uşaqlı ailənin ən zəhmətkeşi olan anası çox əziyyətlər çəkmişdi. Şamaxıdan Azadkəndə gəlib çıxmış Əvəzə qoşulub qaçması onu hamı kimi ailə qurmaq sevincindən məhrum eləmişdi. Bu halda kəndin kənarında, şoranlıqda tikilmiş palçıq daxmadan artıq nəyəsə ümid eləmək mənasız idi...

Dayı uşaqlarının ən zəhmətkeşi, ən səmimisidir Mərziyə. Hər dəfə bizi görəndə boynumuzu qucaqlayar, "Sizinlə fəxr edirəm” deyərdi. Biz əslində onun üçün heç nə eləməmişdik və bu fəxarət dünyanın ən təmənnasız, ən səmimi hissləridir. Belə şeyləri televizorda görməzsiniz...

Ceyhun nəyin uğrunda şəhid oldu? Bəziləri deyirdi ki, Qarabağ Mərziyənin nəyinə gərəkdir? O, Ceyhunu dişi-dırnağı ilə bunun üçünmü böyütmüşdü?! İndi burda – Bakıda evdə oturub bu suallara cavab vermək çətin deyil.
 
Elə təkcə televizoru açıb istənilən kanaldan bu suala cavab tapmaq olar: "Qarabağ Azərbaycandır!”, "Şəhidlər ölməz – Vətən bölünməz!”, "İlhamlı Azərbaycan, Mehriban yurdum” və s. və i.a. Ucuz publisistikadan ibarət "brak" mallarla fəxri ad dilənçilərinin bağırtıları minlərlə şəhid anasının iniltilərini susdurmaqdadır...

Oğullar həm də Vətənə qurban verilmək üçündür. Şəhidlik zirvəsi müqəddəs ucalıqdır. Öz torpağı uğrunda şəhid olanlarla özgə torpağında ölənlər bir tutulmaz. Şəhidlərimizin qanı axmış torpaqlar qürur yerimizdir. O torpaqlarla anaların oğul sevgisi tərəziyə qoyulmaz. Heç şəhidlər özləri də buna razı olmazdı. Onlar qurban deyillər, onlar Vətənin harayına gedəndə ölümü göz önünə almışdılar. Qəhrəmanlıq elə belə də olur.
Şəhid Ceyhun Adıgözəlovun məzarı

İraqda, Suruyada, Qarabağda ömrünü başa vurmuş insanlar var: amerikalı, türk, rus... Hətta cinayətkar siyasətçilərin erməni qadınının əlindən alıb Qarabağda öldürtdürdüyü adamlar içərisində də müharibənin və siyasətin günahsız qurbanları var. Zorla silahlandırılıb özgə torpağını işğala göndərilən gənclərin hamısına eyni gözlə baxmaq insanlıq sayıla bilərmi? Nə qədər ki, insanlıq budur, müharibələr bitməyəcək.

İstədiyiniz cavabı seçə bilərsiniz.

Ceyhunların ruhu ancaq o halda rahat olacaq ki, Qarabağ Azərbaycan olacaq. Heç bir yad əsgərin tapdamadığı Qarabağ. Hələ ki Qarabağ Azərbaycan deyil. Şəhidlər ölümsüzlüyə qovuşsa da, Vətən bölünüb. Nə qədər ki Qarabağ Azərbaycan deyil, şəhidlərin qanı dayanmayacaq.

Qan sızdıqca qansızlıq artır...
 
Redaksiyadan: Yazı noyabrın 7-də torpağa tapşırılan şəhid Ceyhun Adıgözəlova ithaf olunub. Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.