D18 Hərəkatının üzvü niyə qeydə alınmadı?

D18 Hərəkatının üzvü niyə qeydə alınmadı?

04-12-2019 12:22 / Bu xəbər 922 dəfə oxundu

D18 Hərəkatının İdarə Heyətinin üzvü Sakit Məmmədovun bələdiyyə seçkilərinə namizədliyi qeydə alınmayıb.
 
Sakit Məmmədov Toplum TV-yə deyib ki, buna səbəb kimi aylıq gəlirlərin düzgün olmaması göstərilib: "19 saylı Nərimanov Birinci Seçki Dairəsinə illik gəlir haqqında  iş yerindən arayış  lazım idi. Mən o arayışı ümumi vermişdim 1 il ərzində. Onlar da aybaay olmağını istəmişdilər və demişdilər ki, 1-ci günə kimi gətirərsiniz, amma arayışı verdiyim gün son gün idi. Həmçinin bankdan karta gələn 1 il ərzində əməkhaqqı barədə sifariş vermişdim”. 

Sakit Məmmədovun sözlərinə görə, ona bildiriblər ki, namizədliyini Mərkəzi Seçki Komissiyası yox, Dairə Seçki Komissiyası qəbul etmir: " 1-2 dəfə DSK-yə zəng elədim, getdim ki, oradan rəsmi arayış almağa, nə zənglərimə cavab verən oldu, nə sədri tapa bildim”.

19 saylı Nərimanov Birinci Seçki Dairəsinin sədri Anar Nəbiyev Toplum TV-yə deyib ki, Sakit Məmmədov yalnız imza vərəqlərini gətirib: "Sakit Məmmədov son gündə-22 noyabrda  6-ya qalmış gəldi.  İmza vərəqlərini gətirdi. İmzaları qəbul etdik.  Amma ilkin mailiyyə hesabatını və gəlirləri haqqında arayış verməli idi. Sistem bağlanmağına az qalmış dedik ki, bu sənədləri də ver. Dedi ki, çatdıra bilmədim”.

Anar Nəbiyevin sözlərinə görə, Azərbaycan Respublikasının  Seçki Məcəlləsinin 58.1.4 maddəsi- namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat barədə 2 arayış təqdim edilməyib: ”Sakit Məmmədov dedi ki, mənim iş vaxtım işləmir, 1-ci gün mən arayışları ala bilərəm, yəni  25 noyabrda. Onda da artıq vaxt bitirdi”.