Deputatlar ağac kəsilməsinə görə cinayət məsuliyyəti təklif edir

Deputatlar ağac kəsilməsinə görə cinayət məsuliyyəti təklif edir

12-09-2018 15:10 / Bu xəbər 1329 dəfə oxundu

''Səhər tezdən durursan ki, axşam ərazidə gördüyün yaşıllıqdan əsər-əlamət qalmayıb''

Azərbaycanda ağacların kəsilməsinə görə nəzərdə tutulan cəzaların sərtləşdirilməsi təklif edilib.

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında ağacların kəsilməsinə etiraz edən deputatlar çıxış yolunu cərimələrin artırılmasında gördüklərini deyiblər: "Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Hüseynbala Mirələmov deyib ki, yaşıllıqları qorumaq üçün ağacları kəsənlər sərt şəkildə cəzalandırılmalıdır: "Yaşıllıqların qorunması qlobal məsələdir. Ona görə də qanunvericilikdə dəyişiklik edilməli, cəzalar sərtləşdirilməlidir. Hətta bir budağı qırana da ən ağır cəza verilməlidir”.

Deputat vurğulayıb ki, hər gün mediada ağac kəsilməsi barədə xəbərlərə rast gəlinir: "Səhər tezdən durursan ki, axşam ərazidə gördüyün yaşıllıqdan əsər-əlamət qalmayıb. Bu, cinayətdir, təbiətin məhv edilməsidir, ekologiyaya böyük ziyan vurulmasıdır”.

Deputat Cavanşir Paşazadə isə bildirib ki, ağacların kəsilməsinin qarşısını almaq üçün cəzaların sərtləşdirilməsi ilə yanaşı, maarifləndirmə işləri də aparılmalıdır.

Komitə sədri Eldar İbrahimov da təklifləri dəstəkləyib. "Ömründə bir ağac əkməyən 7 ağac kəsir. Ağacların kəsilməsi həm ekologiyaya, həm də insanların sağlamlığına ciddi ziyan vurur”, – deyə komitə sədri bildirib.

Eldar İbrahimov deyib ki, ağacların kəsilməsinə görə İnzibati Xətalar Məcəlləsində cəzalar nəzərdə tutulub, ancaq bununla bağlı Cinayət Məcəlləsinə də xüsusi maddə əlavə edilməlidir.

Komitədə müzakirə olunan "Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, fiziki və hüquqi şəxslər bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə məlumatı bələdiyyədən ala biləcəklər.

Bununla bağlı Qanunun 11-ci (Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları) maddəsinə dəyişiklik təklif edilib.///Toplum.Tv