Ələsgər Məmmədli: “Namizədi qeydə alınmayan partiyanı cəzalandırmaq absurddur”

Ələsgər Məmmədli: “Namizədi qeydə alınmayan partiyanı cəzalandırmaq absurddur”

10-09-2022 11:51 / Bu xəbər 957 dəfə oxundu

"Siyasi partiyalar haqqında” Qanun layihəsində müəyyən edilib ki, siyasi partiya Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə Ədliyyə Nazirliyi Apelyasiya Məhkəməsinə müraciət edib, partiyanın ləğvini tələb edə bilər". 

Bunu hüquqşünas Ələsgər Məmmədli "Feysbuk" hesabında "Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə münasibət bildirərkən yazıb. 

"Bu normanın hüquqi problem yaradan tərəfi nədir? Azərbaycan Konstitusiyasında mojaritar seçki sistemi müəyyən edilib. Yəni biz seçicilər heç bir seçkidə gedib partiyaya səs verə bilmərik, şəxslərə səs verə bilərik. Partiyalar seçkilərdə passiv seçki hüququnun  subyekti  deyil. Onların adını bülletenə yazmırlar. Passiv seçki hüququnun subyekti olmayan tərəfi, onun mənsubu olan namizədin iştirakdan imtina etməsinə görə cəzalandırmaq absurddur. Namizədin seçkidə iştirakla bağlı verəcəyi qərar onun subyektiv hüququdur və hüququndan istifadəyə görə onun mənsub olduğu partiyanı cəzalandırmaq legitim deyil”, - deyə o vurğulayıb. 

Hüquqşünas bildirib ki, Azərbaycan Konstitusiyasında seçki hüququ yalnız vətəndaşa hüquq olaraq tanınıb, vəzifə olaraq öhdəlik kimi nəzərdə tutulmayıb: "Bəzi ölkələrdə seçkidə iştirak həm hüquq, həm də vəzifə olaraq müəyyən edilə bilir. Bizdə yalnız hüquq kimi müəyyən olunduğundan, hüquqdan istifadə etməyə, yaxud etməməmyə görə məsuliyyət müəyyən edilə bilməz. Deməli, bu tələb Konstitusiyaya ziddir və qanunla nəzərdə tutula bilməz. Hazırkı seçki məcəlləsində siyasi partiyaların seçkidə rolu yalnız namizəd irəli sürməklə bağlıdır. Namizəd irəli sürən siyasi partiyanın namizədinin qeydiyyata alınması MSK və DSK-nın səlahiyyətləri arasındadır. Tutaq ki, siyasi partiya deputat seçkilərində 10 namizəd irəli sürüb, hər biri üçün də zəruri imza toplayıb, lakin DSK imzaların bəzilərini keçərli hesab etməyərək, heç bir namizədini qeydə almayıb (Praktikada həm deputat həm prezident seçkilərində seçki komissiyaları bu səlahiyyətlərini həm də siyasi filtir kimi istifadə edə bilirlər). Bütün cəhdlərinə rəğmən, namizədi qeydə alınmayan partiyanın seçkidə iştirak etmədiyi (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) əsası ilə cəzalandırılması absurddur". 

"Boykot siyasi etiraz vasitəsidir və siyasi tərəflərin əlində önəmli təsir rıçağıdır. Necə ki əmək məcəlləsində işçilərin etiraz əlaməti olaraq tətil hüquq var, siyasi partiyaların da siyasi müstəvidə etiraz olaraq, baykot hüquq var. Boykot etməyə görə siyasi partiyanın cəzalandırılması siyasi hüquqları tanımamaq və yox saymaqdır. Bu arqumentlərin hər biri göstərir ki, qanuna belə bir müddəanın salınması Konstitusiyanın pozulması, demokratik fəaliyyəti önləməsi olar. Bu səbəbdən layihədə buna yer verilməməliydi...”, - deyə o qeyd edib. 
 
Azərbaycanda "Siyasi partiyalar haqqında” Qanun ilk dəfə 1992-ci ildə hazırlanaraq qəbul edilib. 

Qanuna sonuncu dəfə 2012-ci ildə dəyişiklik olunub.

Azərbaycanda bu il - 2022-ci ildə "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Milli Məclisə təqdim olunub.

Müzakirəyə çıxarılacaq "Siyasi partiyalar haqqında” yeni qanun layihəsində bildirilir ki, Milli Məclis, prezident və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak etməyən siyasi partiya ləğv ediləcək.

Siyasi partiyanın təsis edilməsi üçün lazım olan üzv sayı da 1000-dən 10 000-ə qədər artırılır.

6 fəsildən, 30 maddədən ibarət layihədə vurğulanır ki, siyasi partiyaların hər biri ən azı 20 il Azərbaycanda yaşayan 200 nəfər tərəfindən təsis edilə bilər.