Hüquq müdafiə təşkilatları prezidentə müraciət ünvanlayıblar

Hüquq müdafiə təşkilatları prezidentə müraciət ünvanlayıblar

12-09-2022 00:16 / Bu xəbər 861 dəfə oxundu

Onlar vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının azadlığa buraxılmasını xahiş edirlər

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” və "İnsan Hüquqları və Qanunların Təbliği” hüquq-müdafiə təşkilatları jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun əsassız həbsi ilə bağlı Prezidentə müraciət ünvanlayıb. 

Müraciətdə bildirilir ki, Əvəz Zeynallı və Elçin Sadıqovun prokurorluq tərəfindən təqibi mediaya sızdırılmış subyektiv rəyə və onun əsasında formalaşdırılmış xəbərlərə əsaslanaraq başlayıb və işdə konkret şikayətçi yoxdur. 

İttihamların irəli sürülməsinə media vasitəsilə təşəbbüs edilib və sonradan bu fakt, yəni onları gözdən salmaq üçün təşkil edilmiş dırnaqarası "araşdırma kampaniyası” ictimai rəyə təsir edərək dövlət orqanlarının qərar qəbul etməsinə qədər irəliləyib.

Onların barəsində seçilmiş həbs-qəti imkan tədbiri işin xüsusiyyətinə qeyri-adekvatdır, eləcə də qanun qarşısında bərabərlik, ədalət və humanizm prinsiplərinə ziddir. 

Hər iki təşkilat bununla bağlı Prezidentə müraciət edərək prosesin şəffaf və obyektiv araşdırılması üçün müvafiq  köməklik göstərməyi xahiş edib. 

Müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli cənab Prezident, 

Bakının Binəqədi Rayon Məhkəməsi Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin təqdimatını təmin edərək 11 senyabr 2022-ci il tarixdə jurnalist Əvəz Zeynallı  və vəkili Elçin Sadıqov barəsində 4 ay müddətinə həbs-qəti imkan tədbiri seçib. 

Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), Elçin Sadıqov isə 311 və 32.5 (rüşvət almağa köməklik) maddəsi ilə ittiham olunur.

Diqqətinizə çatdırırıq ki, Əvəz Zeynallı və Elçin Sadıqovun prokurorluq tərəfindən təqibi mediaya sızdırılmış subyektiv rəyə və onun əsasında formalaşdırılmış xəbərlərə əsaslanaraq başlayıb və işdə konkret şikayətçi yoxdur. Bu mənada müdafiə tərəfi ittihamları rədd edir və cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirir.

Bütün bunları nəzərə alaraq hesab edirik ki, Əvəz Zeynallı və Elçin Sadıqov barəsində seçilmiş həbs-qəti imkan tədbiri işin xüsusiyyətinə qeyri-adekvatdır, eləcə də qanun qarşısında bərabərlik, ədalət və humanizm prinsiplərinə ziddir. 

Absurd olan digər məsələ isə bundan ibarətdir ki, "Maddə: 311.3.3” hakimiyyət nümayəndəsinin məsuliyyətini nəzərdə tutur, halbuki, nə Əvəz Zeynallı, nə də Elçin Sadıqov hakimiyyət nümayəndəsi deyildir. 

İttihamların irəli sürülməsinə media vasitəsilə təşəbbüs edilib və sonradan bu fakt ictimai rəyə təsir edərək dövlət orqanlarının qərar qəbul etməsinə qədər irəliləyib. 

Bu müddət ərzində isə nə Əvəz Zeynallı, nə də Sadıqov onları gözdən salmaq üçün təşkil edilmiş dırnaqarası "araşdırma kampaniyası” nın, o cümlədən, cəmiyyətin və istintaqın suallarından yayınmayıblar.

Hüquq müdafiə təşkilatı olaraq, biz, onların həbsini qeyri-adekvat  və əsassız tədbir kimi qiymətləndiririk.

Cənab Prezident, jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun öz işinin peşəkarı olan tanınmış ictimai şəxslər və müstəqil Azərbaycanın dövlət quruculuğuna öz sahələrində töhfə vermiş hörmətə layiq ictimai simalar olduğunu və irəli sürülmüş ittihamların qeyri-adekvat olduğunu nəzərə alaraq, onlar haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi və prosesin şəffaf və obyektiv araşdırılması üçün müvafiq instansiyalara göstəriş verərək köməklik göstərməyinizi xahiş edirik".