Siyasi partiyalar Əvəz Zeynallıya görə Prezidentə müraciət etdilər

Siyasi partiyalar Əvəz Zeynallıya görə Prezidentə müraciət etdilər

29-09-2022 01:04 / Bu xəbər 1433 dəfə oxundu

Bir neçə siyasi partiya jurnalist Əvəz Zeynallı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət imzalayıb.

Müraciətə imza atan siyasi partiyaların rəyi ondan ibarətdir ki, Əvəz Zeynallının həbsinə səbəb, irəli sürülən və əsaslığı açıq-aşkar şübhə doğuran rəsmi ittiham deyil.

"Onun məmur özbaşınalığına, korrupsioner, rüşvətxor məmurlara qarşı, haqqı və hüququ pozulan vətəndaşların problemlərini ictimailəşdirilməsi sahəsində ardıcıl tənqidi çıxışları, söz və ifadə azadlığı məsələsində barışmazlığı və prinsipial mübarizəsidir", - müraciətdə deyilir. 

Müraciətlər Əvəz Zeynallının həbsi müstəqil medianı susdurmaq, peşə fəaliyyətinə görə təqib, söz və ifadə azadlığının boğulması aktı kimi dəyərləndirdiklərini vurğulayıblar. 

Onlar bildirib ki, jurnalistin həbsinə, xüsusilə ibtidai istintaq dövründə onun həbsdə saxlanmasını zəruri edən mötəbər sübut, dəlillər və o cümlədən prosesual əsaslar yoxdur. 

Müraciətə imza atan partiyalar sözügedən həbsin ölkədə sağlam ictimai- siyasi mühitin formalaşmasına zərər vurduğunu, beynəlxalq aləmdə dövlətin imicinə xələl gətirə biləcəyini, eyni zamanda onun  səhhətində problemlər olduğunun nəzərə alınmasını qeyd ediblər: 

"Əvəz Zeynallıya münasibətdə ədalətli, obyektiv qərarlar verilməsi və ilk növbədə onun haqqında həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasında kömək göstərilməsini xahiş edirik”.  

Müraciətə aşağıdakı partiyalar imza atıb:

1) Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 
2) Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 
3) Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu 
4) Ümid Partiyasının sədri İqbal Ağazadə 
5) Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli 
6) Azərbaycan Milliyətçi Demokratik Partiyasının sədri Qələndər Muxtarlı 
7) Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı 
8) Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn

"Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallı vəkil Elçin Sadiqovla birgə sentyabrın 10-da saxlanıb və onlar bir gün sonra həbs ediliblər. 

O, rüşvətdə, vəkil isə buna vasitəçilik etməkdə ittiham olunur.

Zeynallı "Baku Steel Company"nin keçmiş rəhbəri, həbsdə olan Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almada ittiham olunur. 

Sadıqov işadamı Məmmədovun vəkili idi. Lakin onların heç biri özlərini təqsirli bilmir.

Sentyabrın 17-də vəkil E.Sadiqovun apellyasiya şikayətinə baxılıb və o, ev dustaqlığına buraxılıb.