Qubad İbadoğlunun qardaşı səfirliklərə müraciət etdi
06-09-2023 13:05 / Bu xəbər 1081 dəfə oxundu
"Hakimiyyət yaratdığı süni maneələrlə onun fiziki məhvinin qarşısını almağa imkan vermir”
Həbsdə olan iqtisadçı Qubad İbadoğlunun qardaşı Qalib Bayramov ABŞ, Böyük Britaniya, Şimali İrlandiya, Fransa və Almaniyanın Azərbaycandakı səfirliklərinə müraciət edib.
Müraciətdə bildirilir ki, qardaşı Qubad İbadoğlu iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən xüsusi zorakılıq tətbiq edilməklə saxlanılıb.
Sonradan ona qarşı iki saxta ittiham elan edilib.
"”London School of Economics”in əməkdaşı, professor Qubad İbadoğlunun ailəsi adından sizlərə müraciət edirəm. Allah şahiddir ki, əgər Azərbaycanın müvafiq dövlət qurumları (Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, Penitensiar Xidmət, Bakı İstintaq Təcridxanası) tərəfindən qardaşımın təcridxanada aparılmış müayinə və analizlərinin nəticələri ailəsinə və vəkillərinə təqdim olunsaydı, həyati əhəmiyyətli sağlamlıq sənədlərini ala bilmədiyimizlə bağlı mütəmadi məlumatlandırdığımız Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vaxtında məsələyə müdaxilə etsəydi və ya öz xərclərimiz hesabına qardaşımın özəl klinikaların birində müayinəsinin aparılmasına razılıq verilsəydi, mən sizə üz tutmazdım”.
"Varlığım qədər inanıram ki, son illər dünyanın aparıcı universitetlərində (ABŞ-ın Şimali Karolina, Prinston, Rutgers universitetləri, LSE (Böyük Britaniya)) çalışsa da, Azərbaycanı heç vaxt unutmayan, insan hüquq və azadlıqlarına hörmət qoyulan, korrupsiyasız, demokratik Azərbaycan uğrunda mücadilə aparan, ürəyi vətəni ilə döyünən qardaşımın da mövqeyi belə olardı ki, öz problemlərimizi özümüz həll etməliyik”, – deyə o bildirib.
Qalib Bayramov deyir ki, artıq "bıçaq sümüyə dirənib”: "Qardaşımın həyatının xilas olunması üçün bütün hüquqi imkanlardan faydalanmağa cəhd etsək də, hakimiyyət hər addımda yaratdığı süni maneələrlə onun fiziki məhvinin qarşısını almağa imkan vermir. Bu gün Qubad İbadoğlunun ailəsi olaraq onun sağlamlığı ilə bağlı narahatlığımız ən yüksək səviyyəyə çatıb. Hər həftənin şənbə günü verilən görüşdə şüşə arxasından da olsa, qardaşımın gözlərimin önündə necə şam kimi əridiyini çarəsiz halda, böyük iztirab içində müşahidə edirəm”.
Qalib Bayramov bildirir ki, Qubad İbadoğlu təcridxanaya düşməmişdən öncə aortanın anevrizması, yüksək qan təzyiqi, II tip şəkərli diabet və onurğa ağrıları kimi ciddi xəstəliklərdən əziyyət çəkib: "Gün ərzində 8 ədəd dərman qəbul edən qardaşım təcridxanada olduğu 45 gündə saxlanma şəraitinin dözülməzliyi, havasızlıq, müxtəlif psixoloji təzyiq metodlarının tətbiqi, gecələr kameranın işıqlarının söndürülməməsi səbəbindən yeni xəstəliklər qazanıb. Qardaşımın qalxanabənzər vəzində düyünlər əmələ gəlib, ona əlavə olaraq ürəyin sol mədəciyinin hipertrofiyası və diastolik disfunksiyası diaqnozu qoyulub, o, ciddi əsəb pozgunluğu keçirdiyindən günboyu xroniki yorğunluqdan və səbəbsiz başağrılarından şikayətçidir, üstəlik, USM müayinəsi zamanı böyrəklərində, öddə və mədəaltı vəzdə ciddi neqativ dəyişikliklər aşkarlanıb”.
Qardaşı deyir ki, bu günədək Qubad İbadoğlu təcridxanada 3 dəfə (25 iyul, 3 avqust, 1 sentyabr) EXQ, EXO, rentgen, USM müayinələrindən keçirilib.
Biri qalxanabənzər vəzlə bağlı olmaqla, beş dəfə analiz üçün venadan qan götürülüb.
Ancaq şifahi, yazılı müraciətlərimizə və səlahiyyətli şəxslərlə görüşlərimizə baxmayaraq, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və Penitensiar Xidmət müayinə və müalicə nəticələrini bizə təqdim etmir, gizlədir:
"Təəssüf ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin tibbi və xidməti personalı bizim müraciət əsasında 3 dəfə Qubad İbadoğlunun saxlanıldığı təcridxanada olsa da, rəhbərlik Qızıl Xaçın nümayəndələrinin qardaşımla görüşünə, müayinə və analiz sənədləri ilə tam şəkildə tanış olmasına imkan verməyib. Müayinə və analiz nəticələrini məhkəmə yolu ilə almaq cəhdlərimiz də uğursuzluqla nəticələnib. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin məhkəməyə təqdim etdiyi, Qubad İbadoğlunun sağlamlığının kafi olduğu yazılan arayışda konkret heç bir tibbi göstəricidən istifadə olunmayıb və ən əsası qardaşımın ən problemli orqanı – ürəyi ilə bağlı exokardioqramma nəticələrinə toxunulmayıb”.
Qalib Bayramov sonda qeyd edir ki, Qubad İbadoğlunun ailəsi olaraq dərin ümidsizlik və çarəsizlik içindədirlər: "Sonuncu ümid yeri kimi sizlərə üz tuturam, göz görə-görə qardaşımın öldürülməsinə imkan verməyin. Onun Bakının özəl klinikalarından birində müayinə və müalicəsinin aparılmasına yardım edin, ümid çırağımızı sönməyə qoymayın”.
İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul hazırlama, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.
Azərbaycan Daxili İşlər Nazirliyi onun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib.
Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.