Hüquq müdafiə təşkilatlarından aksiya ilə bağlı hakimiyyətə çağırış

Hüquq müdafiə təşkilatlarından aksiya ilə bağlı hakimiyyətə çağırış

20-07-2022 16:31 / Bu xəbər 1984 dəfə oxundu

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” və "İnsan Hüquqları və Qanunların Təbliği” insan hüquqları təşkilatları hökumətdən vətəndaşların sərbəst toplaşma hüquqlarına hörmətlə yanaşmağı tələb edir.

Bu barədə hər iki təşkilat birgə bəyanat yayıb. 

Bildirilir ki, iyulun 20-də Bakıda keçirilən aksiya zorakılıqla dağıdılıb: "Bu gün – 20 iyul 2022-ci il tarixində Musavat Partiyasının üzvü, tanınmış siyasətçi Tofiq Yaqublunun təşkilatçılığı ilə "Quru sərhədləri açın!” tələbi ilə Nazirlər Kabineti qarşısında piket keçirilməsinə cəhd olunub. Lakin polis zorakılığı ilə qarşılaşan etiraz aksiyası çox sərt şəkildə dağıdılıb. Aksiyanın təşkilatcısı Tofiq Yaqublu, o cümlədən – Musavat, AXCP, ADR partiyalarının, NİDA təşkilatının üzvləri olan digər ictimai-siyasi fəallar zorakılıqla saxlanılaraq polis bölmələrinə aparılıb. 

Bundan əlavə, aksiyanın işıqlandırılmasında iştirak edən media nümayəndələrinin, jurnalistlərin işinə də polis əməkdaşları tərəfindən kobud müdaxilə edilərək peşə faliyyətlərinə maneçilik törədilib. Həmçinin aksiyada iştirak edən hec bir ictimai-siyasi mənsubiyyəti olmayan vətəndaşlara qarşı da zoraklığa yol verilib ki, onların arasında qazilər, yaşlı nəslin nümayəndələri da var". 

"Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə müvafiq olaraq hər bir ölkə vətəndaşının sərbəst toplaşmaq, müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə başqaları ilə birlikdə silahsız yığışmaq, mitinqlər, nümayişlər, kücə yürüşləri, piketlər etmək və digər hüquqları var. Aksiyanın zorakı şəkildə dağıdılması, iştirakçılarının saxlanılması Konstitusiyanın 49-cu maddəsinin və ölkəmizin qoşulduğu və Azərbaycan Respublikası Milli Məclisinin 2001-ci ildə qanun kimi qəbul etdiyi "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 3, 5, 7, 10, 11-ci maddələrinin, eləcə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinin kobud şəkildə pozulmasıdır", - deyə bəyanatda vurğulanır. 

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”  və "İnsan Hüquqları və Qanunların Təbliği” hüquq-müdafiə təşkilatları dinc aksiyaların zorakı şəkildə dağıdılmasını pisləyib: "Bu davranışı Azərbaycan Konstitusiyasının və ölkəmizin qoşulduğu beynəlxalq insan hüquqları konvensiyalarının və bəyannamələrinin müvafiq maddələrinin ciddi şəkildə pozulması faktı kimi dəyərləndirir, höküməti götürdüyü öhdəliklərə və əsas qanuna riayət edərək vətəndaşların Konstitusiyada əks olunmuş sərbəst toplaşma, azad ifadə, siyasi fəaliyyət hüquqlarını tanımağa və aksiyada saxlanılanların dərhal azad olunmasını tələb edirik".

İyulun 20-də Musavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun təşkilatçılığı ilə Bakıda bir qrup şəxs aksiya keçirib. 

Nazirlər Kabinetinin qarşısında planlaşdırılan aksiyada "Quru sərhədləri açın!” tələbi səsləndirilib. Ancaq polis aksiyanı dağıdıb, 30-a qədər şəxs şəxsin saxlanıldığı bildirilir.