Əli Kərimlinin köməkçisi saxlanılıb

Əli Kərimlinin köməkçisi saxlanılıb

08-04-2020 22:44 / Bu xəbər 1169 dəfə oxundu

Xanımı: "3 maşın dayandı, boynundan tutub maşına oturtdular”

Aprelin 8-də günün ikinci yarısında "Azadlıq” qəzetinin kommersiya direktoru Faiq Əmirlinin yaşadığı evin qarşısından "JEEP” markalı maşınla aparıldığı bildirilir.

Bu barədə onun həyat yoldaşı Lalə Əmirli "Facebook”da məlumat paylaşıb.

Lalə Əmirli Faiq Əmirlinin bir neçə mülki geyimli tərəfindən aparıldığını bildirib:

"3 maşın dayandı, boynundan tutub maşına oturtdular”.

O, 102 qaynar xəttə məlumat verdiyini, "araşdırılır” deyə cavab aldığını bildirib:

"Bir daha 102 ilə əlaqə saxladım, "xanım, məlumat polisə ötürülüb, özləri xəbər versələr, verəcəklər də” - dedilər. Sonrakı zəngimdə dedilər ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə Səbayel Rayon Məhkəməsinə aparıldı”.

Meydan TV DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlamağa cəhd etsə də, alınmayıb.

Faiq Əmirli 2016-cı il avqustun 20-da saxlanıb və o, Cinayət Məcəlləsinin dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham edilib. İstintaq orqanları onu ABŞ-da yaşayan Fəthullah Gülənin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edib. Daha sonra ona qarşı yeni ittihamlar irəli sürülüb: vergidən yayınma və vəzifə səlahətindən sui-istifadə maddələri.

Faiq Əmirli Səbail Rayon Məhkəməsinin qərarı ilə 3.3 il azadlıqdan məhrum edilib.

2017-ci ilin sentyabrın 15-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.