Həbsdə olan nidaçı aclıq aksiyasına başlayır

Həbsdə olan nidaçı aclıq aksiyasına başlayır

23-06-2017 15:24 / Bu xəbər 912 dəfə oxundu

Mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazdığına görə həbs olunan nidaçı gənc Bayram Məmmədov saxlanma şəraitinin ağırlığına etiraz olaraq aclıq aksiyasına başlayır. 
 
Bu barədə jurnalist Xədicə İsmayıl "Facebook"da məlumat verib: "Bu gün (23 iyun) Bayram Məmmədov ailəsinə zəng edib, aclıq aksiyası barədə məktubu təqdim edəcəyini və bu gündən aksiyaya başlayacağını bildirib".

X.İsmayıl bildirib ki, "heykəl məhbusu" 13 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyü gündən yataqxanada ayaqyolunun yanında yerləşdirilib.

Onun sözlərinə görə, müəssisənin rəisi digər yerlər boşalanda onun yerinin dəyişiləcəyini vəd etsə də, bu günə qədər bu vədinə əməl etməyib. 

"Boşalan yerlər pulla digər məhbuslara satılır, onun yeri isə dəyişdirilmir", - Bayram Məmmədov bildirib.

Bayram Məmmədov Qiyas İbrahimovla ötən il mayın 10-da həbs olunublar. Onlar Gül bayramı günü Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!” yazıldıqdan sonra saxlanılıblar. 

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin, Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapılıb.  2016-cl ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki gənc 10 il müddətinə azadlıqdan məhrum edilib.

Gənclər ittihamı qəbul etmir və həbslərini Heydər Əliyevin heykəlini yazmaqları ilə əlaqələndirirlər.Hər iki fəal siyasi məhbus kimi tanınır.

Toplum Tv