İlham Əliyev: “Avropa Parlamenti Azərbaycana qarşı çox aqressivdir”

İlham Əliyev: “Avropa Parlamenti Azərbaycana qarşı çox aqressivdir”

19-07-2022 16:20 / Bu xəbər 819 dəfə oxundu

Rauf Mirqədirov: "Əliyev qismən haqlıdır"

"Uzun müddət idi ki, Avropa Parlamentindən Azərbaycana nümayəndə heyəti gəlmirdi. Yadımdadır, sonuncu nümayəndə heyəti 2018-ci ildə gəlib. Səmimi desək, mən Azərbaycana səfərinizi planlaşdırdığınızı eşidəndə hətta bir az təəccübləndim”.

Bunu Prezident İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterlə iyulun 19-da görüşü zamanı səsləndirib.

İlham Əliyev son 5 ildə cənab MakAlisterlə görüşün baş tutmamasının səbəbini "Avropa Parlamentinin bəzi üzvlərinin mövqeyi” ilə əlaqələndirib.

Ölkə başçısı bəzi avroparlamentarilərin Azərbaycanla bağlı mövqeyini "tamamilə əsassız” hesab edib.

"Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi və yalan məlumatlar yayıldı. Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edildi. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətəuyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yəni müharibə bitəndən ilyarım sonrakı vaxta təsadüf edir”, – Əliyev belə deyib.


Foto: president.az

İlham Əliyev qeyd edib ki, müharibə bitəndən sonra səfirliklərin nümayəndələri, siyasətçilər, Avropanın bəzi ölkələrinin parlament sədrləri, jurnalistlər tərəfindən Qarabağa çoxsaylı səfərlər olub: "Onların hamısı Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olublar. Onlar hər hansı erməni mədəni irsinin dağıdılmasını görmədilər. Əksinə, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur. Bununla belə, işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılıb. Bu barədə heç bir söz belə deyilmir. Onlar məscidlərimizdə donuz və inək saxlayırdılar, şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan ediblər. Hazırda biz səfərlər təşkil edirik və Azərbaycanın hər bir vətəndaşı Şuşanı, Füzulini və Ağdamı ziyarət edə bilər”.

"Hər kəs erməni vandalizminin, barbarlığının miqyasını görə bilər. Belə şəraitdə Azərbaycanı heç vaxt etmədiyimiz məsələlərdə ittiham edən Ermənistanın və ermənilərin ərazilərimizdə törətdiyinə göz yuman birtərəfli qətnamənin qəbul edilməsi tamamilə qəbulolunmazdır. Əfsuslar olsun, bu, baş verdi. Bilirəm ki, nümayəndə heyətinizin bir çox üzvü həmin qətnamənin lehinə səs verib. Bu isə tamamilə əks-nəticə verən addımdır. Birincisi, bu, yalandır və uydurulmuş faktlara, böhtan və iftiralara əsaslanır. İkincisi, bu o qədər böyük əhəmiyyət kəsb etmir. Çünki siz yəqin bilirsiniz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yaxşı tarixi var və xüsusilə hazırda əlaqələr çox uğurla inkişaf edir”, – deyə o bildirib.

Prezident bildirib ki, Avropa Parlamenti Ermənistanla müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir: "Bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir. Təəccübləndiyimi deyəndə mən məhz bunu nəzərdə tuturdum”.

Devid MakAlister nümayəndə heyətinə parlamentin altı üzvünün daxil olduğunu vurğulayaraq deyib ki, həftə boyu onlar Gürcüstana, daha sonra isə Ermənistana səfər edəcəklər: "Səfərimiz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə verdiyimiz əhəmiyyətin göstəricisidir. Bu münasibətlər hazırkı tarixi dəyişiklik dönəmində özünü daha aşkar şəkildə büruzə verir”.

Siyasi şərhçi Rauf Mirqədirov İlham Əliyevin qismən haqlı olduğunu düşünür.

Rauf Mirqədirov hesab edir ki, Avropa Parlamentinin Azərbaycan barəsində bir çox qətnaməsi insan haqlarının vəziyyəti ilə bağlı olub: "Bu qətnamələrin Azərbaycandakı siyasi atmosferi obyektiv əks etdirməsinə baxmayaraq, təəssüf ki, mədəni irsin qorunması məsələsində İlham Əliyev haqlıdır”.

Foto: Rauf Mirqədirov

Onun sözlərinə görə, Əliyevin çıxışı daha çox daxili auditoriyaya ünvanlanıb: "Fikir verirsinizsə, Əliyevin iradları məhz Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı olub, başqa problemlərə ümumiyyətlə, toxunmur. Əslində, belə qətnamələrin qəbul edilməsində bir sıra hallarda Azərbaycan özü də günahkardır, yəni hökumət beynəlxalq qurumlarla kifayət qədər yaxşı işləməyib”.

"Məncə, Əliyevin bu çıxışıyla dialoq qurmaq istəyi aydın görünür. Məsələn, Şarl Mişelin Ermənistan Baş naziri ilə görüş təşkilini 3 dəfə vurğulayır, yaxud Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenin Azərbaycana dünənki səfəri dediklərimi təsdiqləyir. İradların açıq səslənməsi ilk baxışdan daxili auditoriyaya ünvanlanıbsa, digər tərəfdən, Əliyev aqressiv deyil, umu-küsü xarakteri daşıyıb, səmimi münasibət sərgiləyib”.

Rauf Mirqədirov deyib ki, 2017-ci ildən sonra Bakının xarici siyasətində Rusiya əsas yer tuturdu, Qərblə açıq qarşıdurma var idi:

"Prinsipcə, o vaxt Qərbin də Azərbaycana marağı azalmışdı. Amma Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra  vəziyyət dəyişib, həm Avropanın regioana marağı, həm də Azərbaycan üçün Avropanın əhəmiyyəti artıb. Hazırda Bakı "yumurtanı bir zənbilə toplamır”, ən azı Rusiyayla münasibətlərdə müəyyən məsafə yaratmağa çalışır, şimal ölkəyə qarşı hansısa addım atmaqdan çəkinir. Eyni zamanda, Qərblə əməkdaşlıq kanalları yaratmağa çalışır”.(Meydan TV)