İsfəndiyar Vahabzadə HƏP-dən istefa verdi: "İstəmirəm ki, başdaşıma tüpürsünlər"

İsfəndiyar Vahabzadə HƏP-dən istefa verdi:

07-11-2022 00:43 / Bu xəbər 1007 dəfə oxundu

Haqq Ədalət Partiyasının (HƏP) sədr müavini İsfəndiyar Vahabzadə üzvü olduğu partiyadan istefa verib.

Bu barədə İsfəndiyar Vahabzadə "Osmanqızı TV"-yə danışıb. 

O bildirib ki, bu addımı HƏP sədri Əli İnsanovun Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunu dəstəkləməsinə etiraz olaraq atıb.

Vahabzadə hesab edir ki, Əli İnsanovun bu addımından sonra HƏP-də qalması soyadına xələl gətirə bilər: "Mən əqidə adamıyam. Çox yerdə işləmişəm. Amma mənim bir əqidəm olub. İstəmirəm ki, mən öləndən sonra başdaşıma tüpürsünlər. O başdaşında yazılmayacaq ki, bu səfir olub, elmlər doktorudur, professordur və s. Orada yazılacaq ki, İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə. O partiyada qalmağım mənim familyama xələl gətirər. Mən familyamı qoruyuram". 

"Həyatda hər şey gəldi-gedərdir. Amma familya qalasıdır. Ona görə fikirləşdim ki, bu çıxışlardan sonra - üç dəfə parlamentdə çıxış oldu, ifrat millətçilik, qatı dindarlıq kimi fikirlər səsləndirdi (red. Əli İnsanovu nəzərdə tutur) - özüm-özümdən utanıram. O əqidənin sahibi 20 gün içərisində dəyişdi. Mənə qəribə gəlir və başa düşmürəm ki, 20 gün içərisində necə dəyişmək olar?". 

Haqq Ədalət Partiyası noyabrın 5-də Prezident İlham Əliyevi dəstəkləmək qərarına gəlib. 

Bunu HƏP sədri Əli İnsanov partiyanın İdarə Heyətinin iclasındakı çıxışı zamanı açıqlayıb.

O bildirib ki, prezident İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirməkdədir: "Xalqımızın ümidlərini doğruldur və arzularını gerçəkləşdirir. İlham Əliyev uzun illərdir ki, Qarabağ problemi ilə məşğuldur və o bu məsələni bizim hamımızdan yaxşı bilir. O, hansı dövlətlə, hansı siyasi rəhbərlə necə əlaqə qurur, onu bu problemin həllinə necə cəlb edə bilir, hesab edirəm, düz edir. Mane olmamalıyıq. Bizlər isə bütün iddialarımızdan bir müddət əl çəkərək bu tarixi şansdan yararlanaraq, problemin həllini Azərbaycanın xeyrinə yönəltmək üçün cənab Prezidentə bacardığımız dəstəyi verməliyik"

"Müşahidələrim mənə bunu deməyə əsas verir ki, Prezident İlham Əliyev Qarabağ probleminə aidiyyəti yaxud maraqları olan ölkələri və liderləri çox məharətlə bizim bu tarixi problemimizin yaxşı mənada həllinə cəlb edə bilir. Odur ki, Haqq Ədalət Partiyası olaraq, daim dövlətimizin və ordumuzun yanında olduğumuzu bildirir, Prezident İlham Əliyevin apardığı siyasəti birmənalı dəstəklədiyimizi bəyan edirik”, - deyə Əli İnsanov bildirib. 

Əli İnsanov səhiyyə naziri olarkən, 2005-ci ilin oktyabrında həbs olunmuşdu. 

2019-cu ildə həbsdən çıxan sabiq nazir hakimiyyətə müxalif olduğunu bəyan edərək Haqq Ədalət Partiyasını yaratmışdı.