Jurnalistlər niyə istintaqa çağırılıb?

Jurnalistlər niyə istintaqa çağırılıb?

22-06-2017 03:20 / Bu xəbər 1269 dəfə oxundu

İyunun 21-də "Kanal-13” internet televiziyasının aparıcısı Cavid Cabbarlı və müstəqil jurnalist Natiq Cavadlı Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağrılıb.

Toplum Tv bu məsələ ilə bağlı jurnalistlərdən açıqlama alıb.

"Bura Azərbaycandır, istənilən vəziyyət müxtəlif istiqamətlərdə dəyişə bilir”

Jurnalist Cavid Cabbarlı qeyd edib ki, artıq 3-cü dəfədir prokurorluğun məlum idarəsinə çağrılır:

"Daha öncə ayın 19-u, saat 11 radələrində mənə məlum olmayan səbəblərə görə dindirilmə baş tutmadı. Məni həmin gün saat 3-də dəvət etdilər və yenə müəyyən problemlərə görə dindirilmə demək olar ki, baş tutmadı və növbəti dəfə çağırılacağımı bildirdilər. Bu gün axır ki, dəvət etdilər”.

Cavid Cabbarov istintaq sirrini yaymamaq barədə iltizama imza atdığı üçün suallarımızı ümumi cavablandırdı:
 


"”Kanal-13” internet televiziyasında mənim aparıcısı olduğum "Olduğu kimi” verilişi haqqında suallar verdilər. İyunun 1-də həbs olunmuş və barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş "Kanal-13" internet televiziyasının icraçı direktoru Əziz Orucov haqqında  və "Kanal-13” haqqında müəyyən suallar verildi. Eyni zamanda mən bir neçə kitab müəllifiyəm və bunlardan biri də "Gizli həqiqət” kitabıdır. Bu kitab nurçuluqdan bəhs edir, daha doğrusu, nurçuluğu əsaslı şəkildə tənqid edir. Kanalda axtarış zamanı həmin kitab da oradan götürülmüşdü. Kitab haqqında da bir çox suallar verildi. Bundan başqa, ölkədə baş verən ictima-siyasi proseslər haqqında da bəzi suallar verildi”.

Jurnalist hesab edir ki, bir daha prokurorluğa çağrılması üçün səbəb yoxdur: "Mən hesab etmirəm ki, yenə dindirilməyə çağırılaram, çünki ciddi bir məsələ yoxdur. Mənə aid sualların hamısına cavab verdim. Amma yenə də bura Azərbaycandır, istənilən vəziyyət müxtəlif istiqamətlərdə dəyişə bilir. Bugünkü təəssuratım odur ki, bu məsələ ilə bağlı bir daha prokurorluğa çağrılmayacağam”.

"Hər şey ola bilər”
 
Müstəqil jurnalist Natiq Cavadlı Toplum tv-ə açıqlamasında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində üç saata yaxın dindirildiyini deyib: "Müstəntiq Əli Babayev mənə suallar ünvanladı. Suallar əsasən Əfqan Muxtarlı və Meydan tv ilə bağlı mövzuları əhatə edirdi”.
 
Картинки по запросу natiq Cavadlı
Natiq Cavadlı qeyd edib ki, istintaq sirrini yaymamaq barədə iltizama imza atdığı üçün detalları açıqlaya bilmir.

Sonda Natiq Cavadlı bildirib ki, yenidən ifadə verməyə çağrılması istisna edilmir: "Hər şey ola bilər”.

Son zamanlar bir çox jurnalist xüsusilə, Əfqan Muxtarlının işi ilə bağlı Respublika Prokurorluğunun Ağır Cinayətlər idarəsinə çağrılıb. Jurnalistlər Sevinc Vaqifqızı, Şahvələd Çobanoğlu, Xədicə İsmayıl Əfqan Muxtarlının işi ilə bağlı prokurorluqda ifadə verib. Jurnalist Aytac Əhmədovanın da 22 iyun tarixində ifadə verəcəyi gözlənilir. Jurnalistlərdən başqa Müsavat Partiyasının keçmiş və indiki rəhbərləri İsa Qəmbər və Arif Hacılı, təşkilatın aparat rəhbəri Gülağa Aslanlı da Muxtarlının işi üzrə dindiriliblər.

İzzətxanım Cabarlı
Toplum.tv