Ölkəyə gətirilən telefon üçün qeydiyyat rüsumu azaldılır

Ölkəyə gətirilən telefon üçün qeydiyyat rüsumu azaldılır

07-10-2023 02:42 / Bu xəbər 1177 dəfə oxundu

Parlamentin bugünkü iclasında həmçinin fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılması müzakirəyə çıxarılıb.

Bu, "Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əks olunub.

Təklif sentyabrın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında müzakirəyə çıxarılmışdı.

Qanun layihəsində qeyd olunurdu ki, qeydiyyata görə dövlət rüsumunun məbləği bazar qiyməti 100 ABŞ dollarından çox olmayan, foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün 20 manatdan 15 manata endirilir.

Həmin cihazlar istisna olmaqla, digər mobil cihazlara görə dövlət rüsumunun dərəcələri də azaldılır. Əgər qeydiyyata görə dövlət rüsumunun məbləği mobil cihazların bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 20 manat, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 30 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 40 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 50 manat, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 70 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 100 manat olacaq.

Hazırda qüvvədə olan qanuna əsasən isə qeydiyyata görə dövlət rüsumunun məbləği mobil cihazların bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 30 manat, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 50 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 60 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 70 manat, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 100 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manatdır.

Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar üçün dövlət rüsumu isə 20 manatdan 15 manata endirilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qanun qəbul edildiyi halda dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minəcək.