Namizəd Səfərov da Milli Şuradan istefa verib

Namizəd Səfərov da Milli Şuradan istefa verib

21-05-2020 21:23 / Bu xəbər 1472 dəfə oxundu

Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Namizəd Səfərov Milli Şuradan istefa verib.

Bu haqda o, özünün feysbuk hesabında paylaşım edib.

Hüquqşünas N.Səfərov öz istefasını son günlər mediada Milli Şura haqqında gəzən söz-söhbətlərlə əlaqələndirdiyini deyib.

"Milli Şuranın keçirdiyi qapalı onlayn konfranslarının ələ keçirilərək sosial şəbəkələrdə yayılması ilə Milli Şura ətrafında yayılan söz-söhbətlərin, nüfuzumuza yetirdiyi ciddi zərbəni danmaq mümkün deyildir. Məlum oldu ki, bir siyasi təşkilat olaraq 7 ildən bəri fəaliyyət göstərən Milli Şura təkcə cəmiyyət arasında deyil, siyasi rəqibləri qarşısında da, düşündüyümüzdən də, kifayət qədər yüksək nüfuza malik imiş”.

Sosial mediada Milli Şuranın sədri Cəmil Həsənli, üzvləri Gültəkin Hacıbəyli, Qənimət Zahid, Rafiq Manaflı, Eldəniz Quliyev və digərlərinin iştirak etdiyi onlayn iclasının görüntüləri yayılıb. Həmin görüntülərdə bir sıra ictimai-siyasi şəxslər haqqında fikirlər səsləndirilib.

Hüquqşünas cəmiyyətin Milli Şuranın üzvləri tərəfindən işlədilən, ancaq adi halda qətiyyən reaksiya vermədiyi ifadələri səsləndirilməsini heç cür qəbul edə bilmədiyini söyləyib: "Bununla da fürsət gözləyən apponentlərimiz yetərincə yararlandı, Milli Şuranın nüfuzuna ağır zərbə dəydi. Milli Şura Koordinasiya Mərkəzinin iki üzvü onlara qarşı yönəlmiş hücumlar qarşısında istefa verməyə məcbur oldular”. 

Hüquqşünas olanlardan təəssüfləndiyini, həmçinin, bu məsələdə onun da üzərinə yük düşdüyünü açıqlayıb. 

O, uzun müddətdən bəri müxalifətin əsas mübarizə cəbhəsi hesab olunan Milli Şuranın nüfuzuna başqaları tərəfindən deyil, özləri tərəfindən xələl gəldiyini deyib. 

N.Səfərov, qərb dəyərlərinə hörmətsiz yanaşılması, ölkənin ictimai-siyasi xadimlərinə qarşı barışmaz münasibət bəslənilməsi ilə bağlı Milli Şura üzvlərinin ünvanına söylənən tənqidlərlə razılaşmadığını, həmçinin Milli Şuranı müdafiə etməyin o qədər də asan olmadığını da bildirib: "Baş verənləri özüm-özümlə dəfələrlə müzakirə edib, günlərlə araşdırmaqla özümə heç cür bəraət qazandıra bilmirəm. Bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətimin Milli Şura tərkibində davam etdirilməsini qeyri-mümkün hesab edərək, Milli Şura tərkibindən istefa verirəm”.

Son olaraq hüquqşünas Milli Şuranın malik olduğu nüfuzu tezliklə geri qaytara biləcəyini və siyasi mübarizə meydanındakı aparıcı yerini bundan sonra da qoruyacağını deyib.///Toplum.Tv