Razim Əmiraslanlı həbsdə qaldı

Razim Əmiraslanlı həbsdə qaldı

20-11-2019 13:13 / Bu xəbər 254 dəfə oxundu

Başqan müavininin apelyasiya şikayəti təmin edilmədi

Noyabrın 20-də Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlının şikayətinə baxılıb.

Prosesə hakim Vaqif Mursaqulov sədrlik edib.

Məhkəmə iclası barədə Meydan TV-ni məlumatlandıran vəkil Nemət Kərimli bildirib ki, onların təqdim etdikləri vəsatətlər qəbul edilməyib:

"Binəqədi Rayon Məhkəməsinin qərarında Razim Əmiraslanlının avtobus dayanacağında söyüş söydüyü və polisə tabe olmadığı qeyd olunub. Biz vəsatət verdik ki, Razim Əmiraslanlını saxlayan polis əməkdaşlarının telefon danışıqları çıxarılsın, yəni onun harda olması müəyyənləşsin. İkinci, Razim Əmiraslanlı bildirdi ki, ona noyabrın 10-da zəng edilib və bir gün sonra saat 11-də 6 saylı Polis Bölməsində rəis və müavini ilə görüşüb, elə orada da həbs edilib. Biz də həmin bölmənin qarşısındakı video-kameraların görüntülərinin məhkəməyə təqdim edilməsini tələb etdik. Üçüncü, Razim Əmiraslanlının həmin günü telefon danışıqları və onu saxladıqlarını iddia edən polis işçilərinin məhkəməyə dəvət edilməsi haqda vəsatət qaldırdıq. Amma vəsatətlər təmin olunmadı”.

Vəkil Avropa Məhkəməsinə şikayət edəcəklərini dedi.

Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı noyabrın 11-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzası alıb.

Dövlət ittihamçısı onu İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmamaq) ittiham edib.