Rövnəq Abdullayev vəzifəsindən çıxarıldı

Rövnəq Abdullayev vəzifəsindən çıxarıldı

10-02-2022 16:18 / Bu xəbər 756 dəfə oxundu

O, Mikayıl Cabbarovun müavini təyin edildi

17 il Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsini icra edən Rövnəq Abdullayev bugündən iqtisadiyyat nazirinin müavini kimi fəaliyyət göstərəcək.

Prezidenti İlham Əliyevin fevralın 10-da imzaladığı sərəncamlarla Rövnəq Abdullayev SOCAR prezidentliyindən azad edilib, iqtisadiyyat nazirinin müavini təyin olunub.

Digər sərəncamla isə Rövşən Nəcəf iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilərək SOCAR-nin I vitse-prezidenti postuna gətirilib. Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da Rövşən Nəcəfə həvalə edilib.

Elnur Əliyev iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilərək birinci müavini təyin edilib.

Bu barədə dövlət başçısı İlham Əliyev fevralın 10-da sərəncam imzalayıb.

İxtisasca hüquqşünas olan Elnur Əliyev 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində əmək fəaliyyətinə başlayıb.

O, 2017-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışıb.

57 yaşlı Rövnəq Abdullayev Naxçıvanda doğulub, İnşaat Mühəndisləri İnstitutunu bitirib. O, 1985-1989-cı illərdə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb.

Rövnəq Abdullayev Milli Məclisin III, IV və V çağırış zamanı deputat da olub. O, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidentidir.

Rövnəq Abdullayevin fəaliyyəti, özünün və ailəsinin biznesi daim xarici medianın, beynəlxalq təşkilatların mövzusu olub.
Onun oğlu Rəşad Abdullayevə məxsus 1 milyon funt-sterlinq (həmin vaxtın məzənnəsi ilə 1 milyon 200 min avro) saatın İspan adası İbitsada itməsi isə uzun müddət dünya mətbuatının gündəmi oldu.

Dünya mediası bu saata xərclənən pulun mənbəyini sorğulasa da, Azərbaycan hökuməti məsələyə səssiz qaldı.