Sahil Babayevin özünəməşğulluq korrupsiyası

Sahil Babayevin özünəməşğulluq korrupsiyası

21-06-2021 13:26 / Bu xəbər 5540 dəfə oxundu

Rəqəmləri "ağartmaq, kağız yapışdırmaq, onlayn düzəliş etmək” lə milyonları "yeyirlər”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən gerçəkləşdirilən özünüməşğulluq proqramının icrasında olduqca böyük qanunsuzluqlar haqda xəbərlər səngimək bilmir, gah imkansız vətəndaşlara verilən ünvanlı sosial yardımların kəsilməsi, gah xəstə və qazilərin əlillik dərəcələrinin ləğv edilməsi, gah da pandemiya ilə əlaqədar 190 manat işsizlik müavinətinin ağlasığmaz səbəblərlə verilməməsi barədə çoxsaylı xəbərlər bir-birini əvəz edir. 

Son vaxtlar bu sadalananlara nazirliyin yerli strukturlarında işləyən əməkdaşların qanunsuz işdən azad edilmələri ilə bağlı xəbərlər də əlavə edilib.

Nazirlik ümumilikdə ölkə əhalinin geniş narazılığına səbəb olan və mövçud iqtidarın əhali arasında nüfuzuna ciddi zərbə vuran bu hallar barədə məsələyə ya "korrupsiyaya qarşı mübarizə aparılır” ya da, köklü islahatlar aparılır, dövlət büdcəsinin vəsaitlərinə qənaət olunur” kimi pafoslu münasibətlər bildirir. 

Reallıq isə başqadır. Bütün imkanlar məhz baş verən qanunsuzluqların, yeyintilərin ört-basdır edilməsi üçün səfərbər edilib. 

Təqdim etdiyimiz elektron məktub Nazirlik rəhbərliyinin "korrupsiya ilə mübarizə”ni hansı şəkildə aparıdığını ortaya qoyur.  

Nazirliyin şöbə müdiri, Layihələrlə iş mərkəzlərinin kuratoru Adil Abdullayev məktubunda Mərkəz müdirlərinə yazır: 

"Hörmətli Mərkəz müdirləri!

Bildiyiniz kimi Dövlət Məşğulluq Agentliyi Azərbaycan Banklar Assosasiyası ilə birlikdə "Özünüməşğulluğa dəstək” layihəsi həyata keçirdir. Layihə çərçivəsində Kommersiya Bankları 1000 nəfər vətəndaşı özünüməşğulluğa cəlb edib, aktivlə təmin etməlidir. 2020-cı il ərzində Kommersiya Bankları artıq 800 vətəndaşa aktivlər təqdim edib. Aktiv təqdim olunan vətəndaşlar haqqında məlumatlar və təqdimetmə zamanı imzalanmış sənədlər MAS-a yüklənməsi üçün müvafiq ƏMM-lərə yönləndırilib. Qeyd edim ki, Kommersiya Banklarının daxili prosedur qaydalarına əsasən benefisiar ilə bağlanmış Aktda aktivlərin qiymətləri göstərilməlidir. Lakın Agentliyin daxili prosedur qaydalarına əsasən MAS-a məlumat yüklənən zaman heç bir sənəddə qiymət göstərilməməlidir. Bununla əlaqədar olaraq sizdən xahiş olunur ki, layihə çərçivəsində tərtib olunmuş aktları sistemə yükləyən zaman əməkdaşlarınıza qiymət göstərilən aktların nüsxəsində qiyməti pozaraq (ağartmaq, kağız yapışdırmaq, onlayn düzəliş etmək və s.) sistemə yükləmələrinə dair tapşırıq verəsiniz.

Qeyd 1: Bu qayda ancaq Kommersiya Bankları ilə həyata keçirilən layihəyə aiddir.

Qeyd 2: Qiymət yazılan hissə maksimum səliqəli formada silinməlidir kı, düzəliş olunması hiss olunmasın. Hətta imkan olsa qiymət yazılan hissə tamamilə aktdan çıxarılsın.
Hörmətlə,
Adil Abdullayev
Şöbə müdiri".

Bu məktub Sahil Babayevin rəhbərlik etdiyi nazirlikdə dövlətin özünəməşğulluq proqramlarına ayırdığı, illik 70 milyon manata çatan vəsaitlərin hansı üsullarla təyinatından yayındırıldığına, bunun üçün hansı qanunsuz göstərişlərin verilməsini ortaya qoyur. 

Təsəvvür edin ki, təkcə vətəndaşlara özünüməşğulluq proqramları çərçivəsində verilən istixanalar faktiki olaraq istifadəyə yararsızdır. Çünki adına istixana deyilən bu qurğularda faktiki olaraq istinin olması, olandan sonra orada istinin qalması mümkün deyil!

Çünki vətəndaşlara təqdim olunan istixanalar elə proyektləşdirilib ki, yan hissələri açıq qalır və bu deffektin aradan qaldırılması ümumilikdə istixananın fəaliyyətinə mane olur. Yan hissələri açıq olan istixanaların içində isə qışın günü külək oynayır. 

İstixanaların isidilməsi üçün özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara təqdim olunan isitmə avadanlıqları isə 200 kvadrat metrlik istixananı qızdırmaq gücündə deyil! Bu isə o deməkdir ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşa Azərbaycan dövləti adından verilən istixanalar istifadəyə sadəcə yararsızdır. 

Üstəlik ƏƏSMN rəsmiləri vətəndaşlara torpaqlarında quraşdırdıqları istixanaların təhvil-təslim aktlarını da təqdim etmirlər. Akt niyə təqdim olunmur?

Akt olsa, bilinəcək ki, sənəd üzərində istixana 25 min  manatı aşan bir qiymətə rəsmiləşib. Faktiki isə vətəndaşa 3 min manatlıq istixana quraşdırılıb. Bu cür hallar isə özünüməşğulluq proqramlarının icrasının əsasını təşkil edir. Yəni akt tərtib olunsa, orada dövlətin vəsaiti hesabına vətəndaşın özünüməşğulluğu üçün təqdim olunan istixananın dəyəri bilinəcək. 

Aktda yazılmalıdır ki, bu akt ƏƏSMN ilə vətəndaş Filankəsovla bağlanıb, ona aktivlər təqdim olunub. Aktivlərin qiyməti – məsələn istixana 18 min manata alınaraq vətəndaşa təqdim olunub. 

Hər bir istixanadan - ağartmaq, kağız yapışdırmaq, onlayn düzəliş etmək yolu ilə nə qədər vəsait payi-mal olub?

Təqdim olunan məktub ötən il Nazirliyin Məşğulluq Xidməti tərəfindən yerli Məşğulluq Mərkəzlərinə yazılıb. 

Məlumatlı olanlar bilir ki, ötən il ölkə rəhbəri özəl banklara müraciət etdi ki, onlar da imkanları daxilində aztəminatlı ailələrə öz vəsaitləri hesabına mal, qoyun, avadanlıq versinlər. 

Banklar da təxminən min ailəyə bu cür yardım etdilər. Amma bankların əhaliyə verdiyi aktivlər məşğulluğun verdiyi aktivlər dən daha dəyərli və keyfiyyətli idi. Üstəlik, qiymətlər müqayisə olunduqda məlum olur ki, məşğulluqdan verilən aktivlərin qiyməti banklardan verilən aktivlərin qiymətlərinə nisbətdə bir neçə dəfə şışirdilib. 

Məsələn bankın verdiyi bir inək min manata olduğu halda, məşğulluğun verdiyi xəstə, arıq və ya sağılmayan düyə 2 min  nanata rəsmiləşib. Eləcə də bankdan verilən qoyun 100 manata, məsğulluqdan verilən qoyun 240 manata, bankdan verilən qoç 150-200 manata, məşğulluqdan verilən qoç 320 manata, bankdan verilən keçi 80 manata , məşğulluqdan verilən keçi 180 manata rəsmiləşdirilib! 

Sözün qısası, özəl bankların bu işə qoşulması Sahil Babayevin nazirliyinin maxinasiyalarını ifşa edib. Bankların aldığı aktivlərin qiyməti vətəndaşlara açıqlandığı təqdirdə onu hansı aqibət gözlədiyini bildiyindən Sahil Babayev yerlərə bu cür rüsvayçı tapşırıq  verdirib!

Məsud Turan