Senzura, yoxsa ifadə azadlığının məhdudlaşdırılması?

Senzura, yoxsa ifadə azadlığının məhdudlaşdırılması?

23-03-2020 13:34 / Bu xəbər 509 dəfə oxundu

Feysbuk istifadəçisi Elnur Məmmədov martın 19-da bu sosial şəbəkədə yazdığı statuslarla bağlı xəbərdarlıq aldığını deyir. 

"Mən işlərimlə bağlı bir müddətdir ki, xaricdəyəm. Ayın 19-da Zabrat 1, 15-ci bölmə üzrə sahə müvəkkili yaşadığım evə zəng vuraraq məni soruşub. Evdəkilər ölkədə olmadığımı bildiriblər. Sonra atamın nömrəsini istəyiblər. Atamla danışdıqdan sonra qardaşımı bölməyə çağırıb şifahi xəbərdarlıq ediblər. Mənim hansı partiyadan olduğumu soruşublar. Deyiblər ki, tənqidi statuslar yazmasın”.

E.Məmmədov statuslarında heç kəsi təhqir etmədiyini, nalayiq sözlərdən istifadə etmədiyini vurğulayır: "Mən təhqir, söyüş, böhtan yazan biri deyiləm. Belə bir xəbərdarlıq almağı gözləmirdim”.
 
Jurnalist İlqar Atayev də sosial şəbəkədə yazdığı statusa görə polisə çağırılıb. 

O Toplum.Tv-yə bildirib ki, Nərimanov polisi onu çağırıb və xəbərdarlıq edib: "Koronavirusla bağlı məzəli bir status yazmışdım. Yumor olduğu aydın görünürdü. Polisə çağırıb xəbərdarlıq etdilər ki, həssas mövzularda diqqətli olun. Həmin statusu da sildirdilər". 

Bundan başqa Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin üzvü Anar Məlikovun koronavirusla bağlı sosial şəbəkədə yazdığı statusa görə martın 23-də inzibati qaydada 10 sutka həbs olunduğu bildirlir. 

Bu haqda AXCP sədri Əli Kərimli feysbuk səhifəsində yazıb. 

Onun İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə həbs edildiyi deyilir. Həmin maddə "epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına” görə məsuliyyət nəzərdə tutur. 

Meydan Tv-nin verdiyi məlumata görə isə həbs edilənlər arasında Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev də var. 

Onunda eyni maddəylə  30 sutka müddətinə inzibati qaydada həbs edildiyi deyilir.

Bu həbs və xəbərdarlıqlara martın 17-də Milli Məclisin iclasında qanunvericiliyə edilən dəyişikliklər əsas yaradır. 

Bu haqda Toplum TV-yə hüquqşünas Xalid Ağaliyev danışır: "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati cəzalar yeni qüvvəyə minib. Əvvəl də belə cəzalar vardı, ancaq yalnız idarə müəssisə daxilində pozuntulara görə tətbiq edilə bilərdi. Martın 20-dən həmin cəzanı nəzərdə tutan müddəaların əhatə dairəsi genişləndirilib. Qeyd edilən əməllərə görə cəzalandırma qanunsuz deyil, çünki qüvvədə olan inzibati qanunvercilikdə nəzərdə tutulub”.  

Ancaq hüquqşünasın sözlərinə görə, o cəzaların necə tətbiq edilməsi artıq başqa məsələdir. 

Xalid Ağaliyev deyir ki, qanun vətəndaşlara siyasi mənsubiyyətinə görə fərq qoymamalıdır. "Eyni zamanda hər bir qərarı məhkəmələr əsaslandırmalıdırlar”, - o, əlavə edir. 

Xalid Ağaliyev "İnformasiya, informasiyalaşdırma, informasiyanın mühafizəsi haqqında” qanununa edilmiş dəyişikliyə də münasibət bildirib: "Sözügedən qanunun bəzi bəndlərinə əlavə edilmiş "informasiya-kommunikasiya şəbəkəsi" anlayışı qanunun anlayışlar hissəsində göstərilməyib. Bu, qanunun boşluğudur. Son dəyişikliklər texniki aspektlərlə bağlıdır və bloklamanın əsaslarının dairəsini xeyli zənginləşdirir”.

Hüquqşünas hesab edir ki, qanunların hazırlanması, qəbulu prosesi ictimai rəyi də diqqətə almaqla həyata keçirilməlidir: "Təəssüflər olsun ki, bizdə bu təcrübə oturuşmayıb. Ona görə, parlamentin ilk iclasında belə dəyişiklik etməsi zərurətinin hardan doğduğunu söyləmək çətindir. Bu zərurəti ancaq dəyişiklik təklifi verənlər açıqlaya bilər”. 

Xalid Ağalıyev hesab edir ki, qanunvericiliyə son dəyişiklikləri senzura adlandırmaq "çox ağır olar”,  bu, sadəcə, "ifadə azadlığı ilə bağlı qanunların sərtləşdirilməsi tendensiyasının davamıdır”.

Xatırladaq ki, martın 17-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmış "İnformasiya, informasiyalaşdırma, informasiyanın mühafizəsi haqqında” qanuna, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində bir sıra dəyişikliklər edilib. 

Vüsalə Mikayıl