Srebrenitsa qətliamı

Srebrenitsa qətliamı

11-07-2019 01:35 / Bu xəbər 1968 dəfə oxundu

Yadigar Sadıqlı

Özümüz də Srebrenitsaya münasibətdə fərqli davranmırıq

İkinci dünya müharibəsindən sonra yaradılan Yuqoslaviya Sosialist Federativ Respublikası özünün əvəzsiz lideri, marşal İosip Broz Titonun 1980-ci ildə vəfatından sonra dərin siyasi böhrana yuvarlandı. Federasiyanı təşkil edən 6 respublikadan dördündə mərkəzdənqaçma meylləri, müstəqillik istəkləri gücləndi.

1980-ci illərin sonunda Yuqoslaviyanın süqutu artıq şübhə doğurmurdu. İlk çoxpartiyalı seçkilər nəticəsində Bosniya və Herseqovinada, Xorvatiyada, Makedoniyada, Sloveniyada millətçilər qələbə qazandılar. Yalnız Serbiya və Çernoqoriyada kommunistlər öz mövelərini qorudular.

1991-ci ilin eyni günündə, iyunun 25-də Yuqoslaviyanın iki respublikası - Xorvatiya və Sloveniya öz müstəqilliklərini elan etdi. Bu qərar hər iki respublikada hərbi toqquşmalarla müşayiət olundu. Əgər Sloveniyada insident "Ongünlük müharibə" ilə yekunlaşdısa, Xorvatiyada irimiqyaslı müharibəyə çevrilərək 1995-ci ilə qədər davam etdi.

Ancaq ən qanlı döyüşlər 1992-ci ildə öz müstəqilliyini elan edən digər respublikada - Bosniya və Herseqovinada cərəyan etdi. İkinci dünya müharibəsindən sonra Avropada ən böyük kütləvi qətllərin baş verdiyi Srebrenitsa qətliamı da bu zaman baş verdi.

***

Bosniya və Herseqovina Yuqoslaviya respublikaları içində ən mürəkkəb etnik palitraya malik idi. 1971-ci ildən dövlət yaradan xalq olaraq rəsmən Bosniya müsəlmanları (yaxud, Yuqoslaviyada deyildiyi kimi müsəlman slavyanlar) qəbul olunurdular. Lakin onlar əhalinin heç yarısını təşkil etmirdilər. Müstəqillik ərəfəsində boşnaklar əhalinin 44%-ni, serblər 31%-ni, xorvatlar isə 17%-ni təşkil edirdilər. Respublikada hər dörd nikahdan biri qarışıq idi.

1990-cı ildə Bosniya və Herseqovinada keçirilən ilk çoxpartiyalı parlament seçkilərində millətçi partiyaların nümayəndələri qalib gəldilər. Müsəlmanların Demokratik Hərəkat Partiyası 31,5%, Serb Demokrat Partiyası 26,1%, Xorvat Demokratik İttifaqı 16,1% (bu partiyaların hər üçünün adındakı "demokrat" sözü həqiqi mənasına uyğun deyildi) səs topladılar və 130 mandatdan 98-ni qazandılar. Yuqoslaviyanın bütövlüyü uğrunda çıxış edə Kommunist İttifaqı və İslahatçı qüvvələr alyansı müvafiq olaraq 12,3% və 8,9% (15 və 12 mandat) topladılar.

Yeddi nəfərdən ibarət ali icra orqanına - Rəyasətə seçilənlərin də hamısı bu partiyaların nümayəndələri idilər. Onlardan ikisi boşnakları (Fikrət Abdiç və Aliya İzzetbeqoviç), ikisi serbləri (Bilyana Plavşiç və Nikola Koleviç), ikisi xorvatları (Stapan Klyuiç və Franyo Boras), daha biri isə digər xalqları (Eyyub Qaniç) təmsil edirdilər. Rəyasətin prezidenti vəzifəsinə seçkilərdə Fikrət Abdiç daha çox səs toplasa da, naməlum səbəblərdən imtina etdi və bu postu Aliya İzzetbeqoviç tutdu.

Müstəqillik meylləri Bosniya və Herseqovinadan da yan keçmirdi. 1991-ci il oktyabrın 15-də respublika parlamenti suverenlik haqqında memorandum qəbul etdi. Qərarın sadə səs çoxluğu ilə qəbuluna etiraz edən serb deputatlar konstitusiyaya düzəlişlər üçün 2/3 səs çoxluğunun lazım olduğunu bildirdilər. Lakin etirazlarının nəzərə alınmaması üzündən parlamentin işini boykot etdilər.

Tezliklə serblər yaşayan ərazilərdə icra və qanunverici orqanlar formalaşmağa başladı. Noyabrın 9-da bu ərazilərdə keçirilən referendumda əhalinin 92%-i Serbiya, Çernoqoriya və digər ərazilərlə birlikdə vahid Yuqoslaviyada yaşamağın lehinə səs verdi.

Bosniya hökuməti bu səsvermənin hüquqi qüvvəsi olmadığını bildirərək, respublikanın müqəddəratını həll edəcək referendumu 1992-ci il fevralın 29-a və martın 1-ə təyin etdi. Öz növbəsində serblər həmin referendumu boykot etdilər və fevralın 28-də Bosniya və Herseqovinanın serblər yaşayan ərazilərində Serb Respublikası (Serbiya ilə qarışdırmamalı) yaradıldığını bildirdilər. Radovan Karadjiç bu qurumun prezidenti oldu.

Referendumda seçicilərin 63,4%-i iştirak etdi və onların 99,7%-i müstəqilliyə səs verdi. Martın 5-də parlament nəticələri təsdiq etdi. Aprelin 6-da isə Bosniya və Herseqovinanın müstəqilliyi elan olundu. Tərəflər arasında əvvəllər də baş verən silahlı toqquşmalar bundan sonra genişmiqyaslı əməliyyatlara çevrildi.

***

Yuqoslaviyanın çöküşü fonunda silahlı toqquşmaların vüsət alması səbəbindən BMT Təhlükəsizlik Şurası 1991-ci il sentyabrın 25-də yekdilliklə 713 saylı qətnamə qəbul edərək Yuqoslaviya ərazisindəki bütün dövlət qurumlarına silah və hərbi texnika satışına embarqo tətbiq etmişdi. Bu bərabər yanaşma heç də ədalətli deyildi.

Yuqoslaviya ordusu tamamilə Belqradın, yəni serblərin nəzarətində idi. Buna görə də yeni silahlar və texnika almağa ehtiyac duymurdu. Xorvatların Adriatik dənizinə çıxan geniş ərazisi vardı və qaçaqmalçılıq yoluyla silah alması problem deyildi. Boşnakların isə yalnız Neum şəhəri ətrafında dənizə kiçik çıxışı vardı. Lakin şəhərdən şimalda və cənubdakı ərazilər, eləcə də adalar Xorvatiya ərazisi olduğundan bu çıxış istənilən zaman blokadaya alına bilərdi.

Bosniya və Herseqovina hökuməti dəfələrlə BMT-yə müraciət edərək 713 saylı qətnamənin ləğvini istədi, amma əsasən Böyük Britaniya, Fransa və Rusiyanın müqaviməti üzündən qətnamə qüvvədə qaldı. ABŞ konqresi embarqonun əleyhinə iki dəfə qətnamə qəbul etdi, lakin hər dəfə prezident Klinton tərəfindən veto qoyuldu.

Klinton özü də embarqonun ən azı korreksiya olunmasının tərəfdarı idi, lakin Avropadakı müttəfiqlərinin ziddinə hərəkət etmək istəmirdi. Bununla belə, ABŞ-ın bəzi "qara əməliyyat"larla (Türkiyə, Səudiyyə Ərəbistanı və s. ölkələr vasitəsilə) Bosniya müsəlmanlarına kömək etməsi barədə iddialar var. Lakin ABŞ hələ ki, bu iddiaları inkar edir.

Beləliklə, 1992-ci ilin yazından vüsət alan Bosniya müharibəsində boşnaklar çox əlverişsiz vəziyyətə düşdülər. Onlar başdan ayağa silahlanan düşmənlə üzbəüz qalmışdılar. Üstəlik, özlərinin yaşadıqları ərazilərdə Herseq-Bosna dövlətini yaradan Bosniya xorvatları da öncə serblərlə müttəfiqlik edirdilər və bu əraziləri Xorvatiyaya birləşdirməyi düşünürdülər.

Bosniya müharibəsi tərəflərin xüsusi amansızlığı ilə yadda qaldı. Əslində eyni kökənli olan, din və məzhəbin ayırdığı bu üç xalq (boşnaklar müsəlman, xorvatlar katolik, serblər isə pravoslav idilər) bir-birlərinə münasibətdə inanılmaz qəddarlıq nümayiş etdirdilər. Ancaq serblər bu sahədə digərlərini kölgədə qoydular. Onların Srebrenitsada törətdikləri qətliam isə dünya tarixinin ən böyük hərbi cinayətlərindən biri hesab olunur.

***

Srebrenitsa şəhəri Serb Respublikasının içərilərində, Serbiya ilə sərhəddə yerləşirdi. Hər tərəfdən serblərlə əhatə olunmasına baxmayaraq, burada müsəlmanlar əksəriyyət təşkil edirdilər. 1991-ci il siyahıyaalmasına görə boşnaklar şəhərin özündə 64%-ni, kəndlərlə birlikdə isə götürdükdə isə 75%-ni təşkil edirdilər.

Hərbi toqquşmaların elə ilk günlərində, 1992-ci ilin aprelində serblər Srebrenitsanı ələ keçirdilər. Lakin may ayında müsəlmanlar şəhəri geri qaytardılar. Sonrakı hərbi əməliyyatlar zamanı Srebrenitsa ətrafında 900 kv km ərazini əhatə edən anklav yaratmaq mümkün oldu. Lakin boşnakların blokadanı yarıb hökumətin nəzarətində olan ərazilərə çıxış əldə etmək cəhdi baş tutmadı.

Serb qüvvələrinin nəzarətinə keçən şəhər və kəndlərdə etnik təmizləmələr aparılırdı. Məsələn, əhalinin 2/3 hissəsini müsəlmanlar təşkil edən Bratunac şəhərində 1156 boşnak qətlə yetirildi. Foça ərazisində 1513 dinc müsəlman öldürüldü, yüzlərlə qadın zorlandı. 1992-1995-ci illərdə Zvornikdə 2017 mülki boşnak öldürüldü. Bu və digər yerlərdəki qətliamlardan qaçanlar minlərlə müsəlman Srebrenitsaya sığınırdılar.

Əlbəttə boşnaklar da serblərə qarşı qətllər və zorakılıqlar göstərirdilər. Lakin bu zaman miqyas müqayisəolunmaz dərəcədə kiçik idi. Məsələn, boşnak komandir Naser Oriçin rəhbərlik etdiyi qüvvələrin 1992-ci ilin dekabrın ortalarında Byelovats, Sikirits, Lozniçka-Riyeka kəndlərinə hücumu zamanı serb tərəfdən 109 nəfər həlak olmuş, onların da yarısı hərbçilər idilər. Pravoslavların milad günü, yanvarın 7-də (1993-cü il) Kravitsa kəndinə edilən hücumda isə öldürülən 46 nəfərdən 11-i dinc sakin idi.

1993-cü ilin qışında hərbi əməliyyatlar müsəlmanlar üçün uğursuz keçdi. Srebrenitsa anklavının ərazisi 150 kv km-ə qədər kiçildi. Serblərin əlinə keçən ərazilərdəki boşnaklar Srebrenitsaya sığındılar. Əhalisi xeyli çoxalan və mühasirəyə düşən şəhərdə ərzaq, dərman, içməli su çatışmazlığı yaşanırdı. Mart və aprel aylarında bir neçə min boşnak BMT-nin strukturlarının köməyilə anklavdan təxliyə edildilər.

1993-cü il aprelin 16-da BMT TŞ özünün 819 saylı qətnaməsini qəbul etdi. Bu sənədə görə Srebrenitsa və ətrafı istənilən silahlı hücumdan və ya digər hər hansı düşmənçilik aktından kənar tutulan təhlükəsizlik zonası elan olunurdu. İki gün sonra şəhərə BMT-nin mühafizə qüvvələri (UNPROFOR - United Nations Protection Force) adlı sülhməramlı qüvvələr daxil edildilər. Onlar 600 nəfər hollanddan ibarət idi.

Qətliamda ölənlərin dəfni
Mənbə: google.az

Mayın 8-də boşnak və serb generalları Səfər Xəliloviç və Ratko Mladiç arasında təhlükəsizlik zonası qaydalarını tanınması barədə razılaşma əldə olundu. Buna baxmayaraq, bu qaydalara heç vaxt tam əməl olunmadı. Genişmiqyaslı hücum əməliyyatları keçirilməsə də, bir-birlərinə qarşı düşmən həmlələri davam etdirilirdi.

Serblər Srebrenitsaya humanitar yardım daşınmasına əngəllər yaradırdılar. Boşnaklar silahlarının əksəriyyətini gizlədərək təhvil verməkdən imtina edirdilər. Serblər də bunu əsas gətirərək ağır texnikanı və artilleriyanı Srebrenitsadan uzaqlaşdırmaqdan imtina edirdilər. Bununla belə, təhlükəsizlik zonası haqqında qətnamə anklavın iki il müddətində mövcud olmasına imkan verdi.

***

1995-ci ilin baharında Srebrenitsa ətrafında vəziyyət daha da pisləşdi. 1995-ci ilin martında Serb Respublikasının prezidenti Radovan Karaciç anklavın mühasirəini daha da sərtləşdirmək barədə "7-ci direktiv"i imzaladı. Hətta məzuniyyət və ya digər səbəbdən anklavdan çıxan holland sülhməramlılarının geriyə qayıtmasına icazə verilmirdi. Bu səbəbdən onların sayı 400-ə endi.

Bütün çağırışlara baxmayaraq, serblər Srebrenitsaya humanitar karvan buraxmaqdan imtina edirdilər. Nəticədə, baharın sonlarına doğru burada fəlakətli vəziyyət yarandı. Bütün dünyanın gözü qarşısında insanlar aclıqdan ölməyə başladılar.

İyulun 6-da serb qüvvələri Srebrenitsa üzərinə hücuma keçdilər. Ehtimal olunur ki, hücumun ilkin məqsədi anklavın ərazisini daha da daraltmaqdan ibarət idi. Lakin qazanılan uğurlardan və sönük beynəlxalq reaksiyadan ruhlanan Karaciç iyulun 9-da şəhəri tutmaq barədə göstəriş verdi.

Silah və sursat çatışmazlığından əziyyət çəkən, texnikada serblərə ciddi şəkildə uduzan boşnaklar ciddi müqavimət göstərə bilmədilər. İki NATO təyyarəsinin hücumu dayandırmaq üçün serbləri atəşə tutması faydasız oldu. Ratko Mladiçin anklavdakı hollandları öldürəcəyi ilə hədələməsindən sonra aviasiya hücumu dayandırıldı. Bundan sonra Srebrenitsanın xilası üçün beynəlxalq birlik tərəfindən heç nə edilmədi.

İyulun 11-də serb qüvvələri Srebrenitsaya daxil oldular. Dinc əhali və boşnak silahlı qüvvələri müxtəlif yollarla xilas olmağa çalışırdılar. Onlardan bəziləri meşələr vasitəsilə müsəlmanların nəzarətində olan başqa ərazilərə keçməyə çalışırdılar. Bəziləri sülhməramlı qüvvələrin Potoçari adlı yerdəki bazasına sığınırdılar. Günün sonunda burada 25 minə qədər adam toplaşdı.

***

İyulun 12-də BMT xətti ilə dinc əhalinin təxliyyəsinə başlanıldı. Potoçariyə gələn avtobuslar vasitəsilə qadınlar, uşaqlar, qocalar boşnakların nəzarətində olan ərazilərə aparıldılar. Bundan öncə bir çox gənc qadın holland sülhməramlıların gözü qarşısında serblər tərəfindən təcavüzə məruz qaldılar.

Yeniyetmə oğlanlardan tutmuş 65-70 yaşlı qocalara kimi kişilərin təxliyəsinə isə serblər icazə vermirdilər. Onları digərlərindən ayıraraq saxlayırdılar. Hollandlar buna nəinki mane olmurlar, hətta serblərin girov kimi saxladıqları 14 həmkarlarını azad etmək üçün 5 min boşnakı onlara təhvil verirlər. Sonralar Niderland məhkəməsinin araşdırmasına görə, həmin adamlardan 300 nəfər qətlə yetirilib (2014-cü ildə məhkəmə Niderland hökumətinin bu qurbanların yaxınlarına kompensasiya ödəməli olduğu barədə qərar çıxardı).

İyulun 14-də dünya mətbuatında Srebrenitsada kütləvi qətllər baş verməsi barədə ilk məlumatlar işıq üzü görməyə başladı. Lakin bu qətllərin miqyası təsəvvür olunmayacaq dərəcədə böyük idi. Həmin günlərdə Srebrenitsada İkinci dünya müharibəsindən sonra Avropada ən böyük qətliam törədilirdi.

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın (KYBT) gəldiyi nəticəyə görə şəhərin alınmasından sonrakı bir neçə gün ərzidə 10-65 yaş arası kişi cinsindən olan 7-8 min boşnak qətlə yetirilib. Bosniya və Herseqovinadakı bəzi ictimai təşkilatların fikrincə isə qurbanların sayı 10 mini keçir. Bu insanlar bəzən qətldən öncə amansız işgəncələrə məruz qalırdılar. Bəziləri hətta diri-diri torpağa gömülürdü.

Hadisənin sağ qalan şahidləri müxtəlif tükürpədici əhvalatlar danışırdılar. Onlardan birinin dediyinə görə, serblər bir boşnak yeniyetməni öz bacısı ilə cinsi əlaqəyə məcbur edirdilər. İmtina edəndə isə güllələdilər. Bərkdən ağlayan körpənin anasına uşağını sakitləşdirməyi əmr edirlər. Uşaq sakit olmayanda isə boğazını kəsdilər. Gənc qadınların, qızların zorlanması kütləvi hal alır. Əksər hallarda bu digərlərinin, o cümlədən qadının yaxın qohumlarının gözü qarşısında baş verir.

Serbiya və Serb Respublikası uzun müddət kütləvi qətllərin törədilməsini inkar etdilər. Onların versiyasına görə, bəzi hərbçilərin özbaşınalığı nəticəsində 100-200 nəfər boşnak qətlə yetirilib. Lakin sonralar hər iki tərəf Srebrenitsada baş verənlərlə bağlı KYBT-ın gəldiyi qənaəti qəbul etdilər.

***

Srebrenitsa qətliamı Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın araşdırdığı əsas hadisələrdən biri oldu. Serb Respubikasının keçmiş prezidenti Radovan Karaciç uzun müddət gizlənəndən sonra 2008-ci ilin iyulunda həbs edildi. Haaqaya ekstradisiya olunan Karaciç 2016-cı ildə 40 il müddətinə azadlıqdan məhrum edildi. Bu ilin martında isə Apelyasiya palatası cəzanı daha da sərtləşdirərək ömürlük həbslə əvəz etdi.

Serb general Ratko Mladiç 2011-ci ildə həbs olundu. Beynəlxalq tirbunal onu ittiham olunduğu 10 maddədən doqquzuna təqsirli bildi. 2017-ci ilin noyabrında Mladiç azadlıqdan ömürlük məhkum edildi.

Srebrenitsa qətliamına görə ilk məhkum edilən isə şəhərə hücuma rəhbərlik ednlərdn biri olan Radislav Krstiç oldu. 1998-ci ildə həbs olunan Krstiç 2004-cü ildə 35 il müddətinə azadlıqdan məhrum edildi. Başqa iki hərbçi, Lyubiş Beara və Zdravko Tolimir ömürlük həbsə məhkum olundular və həbsdə öldülər. Vuyadin Popoviç 2005-ci ildə ömürlük cəza aldı. Ömürlük və müddətli həbs cəzaları alan başqaları da var.

2015-ci il iyulun 8-də Böyük Britaniya BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsində Srebrenitsa hadisələrinin soyqırım kimi tanınmasını təklif edirdi. Şuranın 10 üzvünün lehinə səs verdiyi, 4 üzvünün bitərəf qalduğu qətnamə Rusiyanın qoyduğu veto üzündən qəbul olunmadı.

***

Azərbaycan tez-tez xarici ölkələri və beynəlxalq təşkilatları ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərə, xüsusən Xocalı qətliamına biganə qalmaqda qınayır. Halbuki biz özümüz də Srebrenitsaya münasibətdə fərqli davranmırıq. Ölkəmizdə bu dəhşətli cinayətin qurbanlarını anmaq, boşnak xalqının acısını bölüşmək üçün heç bir addım atılmayıb. Heç olmasa paytaxtın küçələrinin birinə Srebrenitsanın adını vermək olardı.

11 iyul Srebrenitsa qurbanlarının anım günüdür. Hüznlə anırıq.

Yazı Meydan.Tv-dən götürülüb.