Xamneyinin müşaviri Azərbaycanı təriflədi, Bakıdan reaksiya gəldi

Xamneyinin müşaviri Azərbaycanı təriflədi, Bakıdan reaksiya gəldi

21-11-2022 13:41 / Bu xəbər 673 dəfə oxundu

İranın ali ruhani lideri Seyid Əli Xameneyinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti İranın heç vaxt Azərbaycana təcavüz etmək və onun nəzarəti altına almaq niyyətində olmadığını bəyan edib. 

"Turan" xəbər verir ki, Vilayəti "Təsnim” agentliyinin saytında dərc olunan məqaləsində Azərbaycan xalqının İran tarixindəki rolunu və ölkənin qorunmasında, İranın qüdrətinin və regional əhəmiyyətinin gücləndirilməsində addımlarını yüksək qiymətləndirib.

Vilayəti həmçinin İranın Azərbaycan Respublikasına hücum etməyi və ya qonşu ölkədə hakimiyyəti ələ keçirməyi planlaşdırdığı barədə şayiələrlə bağlı İrana qarşı irəli sürülən ittihamları rədd edib.

O, iki ölkə arasında siyasi və media gərginliyinə də toxunaraq, etnik mənsubiyyətindən asılı olmayaraq bütün iranlıların iranlı hesab edildiyini bir daha vurğulayıb. 

"Bu gün demək lazımdır ki, hər bir azərbaycanlı iranlıdır, hər bir iranlı isə azərbaycanlıdır. Onlar hətta qeyri-İran pasportuna malik olsalar və ya İrandan kənarda yaşasalar da, bu, belədir”, - deyə liderin müşaviri davam edib: "Mən özüm də azərbaycanlıyam”.

"Qürur hissi ilə bəyan etmək istəyirəm ki, digər iranlılar kimi mən də özümü azərbaycanlı hesab edirəm. Mən əslən Əlbürz dağlarının ətəyindənəm, amma İranın hər yeri mənim evimdir. Mən də digər iranlılar kimi məğrur İranın hər bir hissəsini ruhumun və qəlbimin bir guşəsi hesab edirəm, onu qorumaq üçün hətta canımı da verərəm.

Şah İsmayıl Xətainin Təbrizdə taxta çıxması ilə (1502) İran xalqının milli kimliyi və istiqlaliyyəti yeniləşib və möhkəmlənib, onun tarixi öz sivilizasiyasının parlaq dövrünə qədəm qoyub. İran tarixində əlamətdar hadisə olan Şah İsmayılın Təbrizə gəlişini nəzərə alsaq, bu, xüsusilə doğrudur, çünki yeni padşahın tacqoyma mərasimindən sonra ilk rəsmi hərəkəti bütün ölkədə mübarək şiə inancının rəsmi şəkildə tanınması idi", - deyə o bildirib. 

Vilayətinin sözlərinə görə, İran İslam Respublikası Azərbaycan, Ermənistan və Gürcüstan da daxil olmaqla qonşuları ilə münasibətləri yaxşılaşdırmaq və hər hansı anlaşılmazlığı aradan qaldırmaq üçün ardıcıl səylər göstərib.

Vilayətinin bu açıqlamalarından sonra Azərbaycan tərəfi də öz mövqeyini açıqlayıb. 

 Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev APA-ya açıqlamasında bildirib ki, "Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənlərə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndirir və təqdir edirik".

Hikmət Hacıyevin sözlərinə görə, İranla gərginliyin yaranmasının Azərbaycan təşəbbüskar olmayıb.

"Xüsusilə onu bildirmək istərdim ki, Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə bu etimada mənfi təsir göstərib.

Azərbaycan bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İran ilə əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu belədir”, - deyə Hacıyev vurğulayıb.