Xanlar Vəliyevin istefası tələb olundu

Xanlar Vəliyevin istefası tələb olundu

16-06-2022 13:11 / Bu xəbər 960 dəfə oxundu

Zərərçəkən: "Oğlumun ağzı cırılıb, gözü çıxarılıb, çənəsi sındırılıb”

İyunun 16-da "Tərtər işi”ndən zərərçəkənlər və bu işin araşdırılmasını istəyən bir qrup insan Hərbi Prokurorluq önünə toplaşıb, etiraz ediblər.

Tələb isə "Tərtər işi”ndə hərbçilərə işgəncə verən şəxslərin cəzalandırılması, həbs edilənlərin azad edilməsi və işgəncələr nəticəsində əlillik qazananların şikayətinin araşdırılmasıdır.

Toplananlar Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevin istefasını tələb ediblər.

Səbəb kimi isə işin araşdırılmamasını, cinayətkarların cəzasını almamasını göstəriblər.

Aksiya iştirakçısı hərbçilərdən biri deyib ki, işgəncə görənlərin içində olub. Əvvəlcə həbs edilib, sonra isə bəraət alıb, həbsdən çıxıb: "Biz istəyirik ki, bunu edənlər cəzalarını çəksinlər. Şikayət edirik baxmırlar. Biz istəyirik səsimizi eşitdirək”.


Meydan TV

Aksiya iştirakçılarından Təranə Səfərsoy isə bildirib ki, əgər bu qədər işgəncə, ölüm faktı ilə bağlı açıqlama verilmirsə, hakimiyyətdəkilər istefa verməlidir: "Bacarmırlarsa, dövləti xalqa təhvil versinlər. Deyiləsi söz çoxdur. Bu işlər araşdırılmayınca, biz meydanlarda daim sözümüzü deyəcəyik”.

Etirazçıların bildirməsinə görə, "Tərtər işi” ilə bağlı 2017-ci ildə istintaq başlanıb. Həmin gün onların övladları saxlanılıb.

Onların sözlərinə görə, işgəncə verib öldürdüklərini öldürüblər, qalanını da şikəst qoyublar. "Bu gün toplaşmışıq ki, Xanlar Vəliyev istefa versin. Bu cinayətkarlıq yuvası olmamalıdır”, – iştirakçılar bildirib.


Meydan TV

Onlar hazırda əbsdə olan hərbçilərin azad edilməsini tələb edib.

Sabirabaddan gəlmiş Elbrus Əsgərov isə oğlu Aydəniz Əsgərlinin 44 günlük müharibədə iştirak etdiyini bildirib.

O deyib ki, oğlu müharibədən sonra postda öldürülüb: "Oğlumun ağzı cırılıb, gözü çıxarılıb, çənəsi sındırılıb. Deyirlər gecə olub, bilinmir kim edib. Mən özüm də döyüşçüyəm, tələb edirəm. Mənim oğlumu kim öldürüb, nə səbəbə edib, açıqlasınlar. İstintaqın gedişatı barədə məlumatsızıq”.

Aksiyanın sonunda etirazçılar ərizələrini toplayıb prokurorluq nümayəndəsinə təqdim ediblər.


Meydan TV

"Tərtər işi” üzrə həbs edilən hərbçilərin valideynləri və yaxınları da tez-tez etiraz aksiyaları təşkil edir.

Onlar iş üzrə ədalətli istintaq araşdırması tələb edirlər.

Baş Prokurorluğun ən son yaydığı məlumatda bildirilir ki, "Tərtər işi” üzrə 2021-ci ilin dekabrında yenidən istintaq araşdırmaları başlayandan sonra işgəncə və başqa qanunsuz hərəkətlərə məruz qalmış 280 nəfər zərərçəkmiş qismində tanınıb.

Əvvəlki dövrdə zərərçəkmiş kimi cəlb olunanlarla birlikdə hazırda ümumilikdə 397 nəfər zərərçəkmiş var.