Xocahəsən anbarı daşıb, sahibkarların obyektlərini su basıb... (VİDEO)

Xocahəsən anbarı daşıb, sahibkarların obyektlərini su basıb... (VİDEO)

05-04-2020 22:56 / Bu xəbər 529 dəfə oxundu

"Deyirlər, kimsə anbarı qurudub yerində obyekt tikdirir"
 
"Meyvəli" bazarında, gömrük postu ilə üzbəüz ərazidə yerləşən anbarlar bir həftədən çoxdur ki, su altında qalıb. 

Səbəbi odur ki, Xocahəsən su anbarı daşıb, bizim anbarları basıb.

Bunu Arqument.az-a həmin ərazidə obyektləri olan sahibkarlar deyiblər.

Onlar deyiblər ki, su anbarı onların obyektlərinə 2 km məsafə yerləşir, lakin artıq su bütün ərazisini basıb.

"Hər gün Xocahəsən su anbarına azı 20 maşın daş, torpaq tökürlər ki, qurutsunlar. Nəticədə anbardakı su daşıb ərazini basır. Deyirlər ki, kimsə həmin su anbarını qurudub yerində obyekt tikmək istəyir", - şikayətçilər bildirir.

Onların sözlərinə görə, artıq obyektləri və obyektlərinin anbarları su içindədir: "Bütün mallarımız, avadanlıqlarımız sıradan çıxıb. Həmin anbarlarda biz satmağa gətirdiyimiz elektrik avadanlıqları, mebellər, qab-qaşıq və müxtəlif məişət avadanlıqları saxlayırıq. İndi hamısı yararsız hala düşüb".

Şikayətçilər deyirlər ki, dövlət qurumlarına edilən müraciətlər də nəticə vermir. Onlar problemlə bağlı Azərsu" ASC, Fövqəladə Hallar Nazirliyi və digər qurumlara müraciət etdiklərini, lakin tədbir görülmədiyini deyirlər. 

"Yalnız "Azərsu" bir maşın ayırıb, o da yetərli deyil, demək olar ki, avadanlıqlarımızı hələ də çıxara bilməmişik. Bütün qurumlar problemi bir-birinin üstünə atır", - onlar bildiriblər. 

Arqument.Az probemlə bağlı "Azərsu" ASC-yə zəng etsə də, cavab ala bilməyib. 

Meyvəli bazarı — meyvə və tərəvəzlərin topdan və pərakəndə satış bazarı və bazasıdır. Qaradağ rayonunun Lökbatan–Xocahsən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığında yerləşir. Baza həmçinin Beynəlxalq avtomobil və dəmir yolu magistralının kəsişdiyi dairədədir. 

Regionda ən böyük Meyvə Tərəvəz Bazası sayılır.