ABŞ Azərbaycanın Qarabağ erməniləri ilə danışıqlarını dəstəkləyib

ABŞ Azərbaycanın Qarabağ erməniləri ilə danışıqlarını dəstəkləyib

03-03-2023 13:56 / Bu xəbər 738 dəfə oxundu

Dövlət Departamenti bu danışıqları sülh üçün əhəmiyyətli sayır

ABŞ Azərbaycan nümayəndələri ilə Qarabağ erməniləri arasında baş tutan danışıqları alqışlayıb.

"Turan”ın Vaşinqtondakı müxbiri ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən xəbər verib.

"Azərbaycan hökuməti və Dağlıq Qarabağ əhalisinin nümayəndələri arasında qarşılıqlı əlaqələri alqışlayırıq", – Dövlət Departamentin rəsmisi bildirib.

Onun sözlərinə, bu danışıqlar sülhə əhəmiyyətli təsir edəcək:

"Ümid edirik ki, bütün tərəflər bundan sonra da məhsuldar əlaqələri davam etdirə biləcəklər. Dağlıq Qarabağ əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi Cənubi Qafqazda möhkəm sülhə nail olmaq üçün həlledici əhəmiyyət kəsb edir".

Martın 1-də Xocalıda Azərbaycan hökumətinin nümayəndələri və Qarabağ erməniləri arasında görüş keçirilib.

Rəsmi Bakının məlumatına görə, digər məsələlərlə yanaşı, ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunub.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.