Dövlət Departamenti: "ABŞ siyasi məhbusların azad olunması üçün hər şey edəcək"

Dövlət Departamenti:

13-01-2023 15:26 / Bu xəbər 839 dəfə oxundu

"Birləşmiş Ştatlar bütün dünyada üzrlü səbəb olmadan saxlanılan siyasi məhbusların azad edilməsinə kömək etmək üçün "mümkün olan hər şeyi” edəcək".

ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays mətbuat üçün keçirilən brifinqdə belə deyib. 

Məlumatı "Turan"ın Vaşinqton müxbiri yayıb. 

"Biz həmin şəxslərin azadlığa buraxılmasını istəyirik", - Prays brifinqdə ABŞ-ın siyasi məhbusların, o cümlədən azərbaycanlı Elçin Məmmədin azad edilməsi ilə üçün başladığı təşəbbüslə bağlı "Turan"ın sualına cavabda deyib.

"Biz dünyada bütün siyasi məhbusların üzrlü səbəb olmadan saxlanılmadığına əmin olmaq üçün  bu səyləri davam etdirəcəyik”, - o deyib.

Çərşənbə günü ABŞ "Ədalətli səbəb olmadan" təşəbbüsünün başladığını elan edib. 

Məqsəd dünyada haqsız yerə həbs edilmiş siyasi məhbuslar barədə beynəlxalq birliyin məlumatlandırılmasını artırmaq və onların azad edilməsinə çağırmaqdır.

"Bu, siyasi məhbusların, üzrlü səbəb olmadan həbs edilənlərin, öz əqidəsinə, hüquq-müdafiə fəaliyyətinə,  hökumətə və ya rejimə təhlükə törətdiklərinə görə saxlanılanların işlərində  üzləşdiyimiz problemi işıqlandırmaq, diqqəti cəlb etmək cəhdidir. Təkcə bu kampaniya çərçivəsində adları çəkilən adamlar siyasi məhbuslar deyil, onların sayı minlərlədir”, - Prays deyib.

Azərbaycanlı jurnalist və hüquqşünas, hüquq müdafiəçisi Elçin Məmməd ABŞ Dövlət Departamenti tərəfindən qeyd olunan 16 nəfərdən biridir. 

O, 2020-ci ilin martında ölkədə insan hüquqlarının vəziyyətini tənqid edən hesabatın dərcindən qısa müddət sonra həbs olunub və 4 il müddətinə azadlıqdan məhrum edilib.

"Ədliyyə sistemindən ədalətə nail olmaq üçün istifadə edilməlidir, insan hüquqlarını müdafiə edənləri cəzalandırmaq üçün yox. Elçin Məmməd və digər siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir”, - Departamentdə bildiriblər.