Həkimdən koronavirusla bağlı tövsiyə

Həkimdən koronavirusla bağlı tövsiyə

18-03-2020 16:28 / Bu xəbər 1365 dəfə oxundu

Tibb elmləri doktoru Adil Qeybulla yayılmış koronavirusla bağlı əhaliyə tövsiyələrini verib. 

Adil Qeybulla öz feysbuk səhifəsində virus haqqında da məlumat yayıb. 

O qeyd edib ki, koronaviruslar (latınca – Coronaviridae) genomu birzəncirli RNT-dən ibarət viruslar ailəsi olub, 40 növə malikdir.  

Koronavirus zoonotic (heyvandan keşən) virus olub məməlilərdə və quşlarda xəstəlik törədir və insanlara da heyvanlardan keçib. 

İnsan koronavirusu ilk dəfə 1965-ci ildə kəskin respirator virus infeksiyası xəstələrinin nəfəs yollarında aşkar edilib. 

A.Qeybullanın  deyir ki, aşkar edildiyi dövrdən koronavirusların 3 təhlükəli ştamı müəyyən edilib: "1. SARS-CoV (ağır kəskin respirator sindrom törədən koronavirus). Bu ştamla ilk infeksiya ocağı 2002-ci ilin noyabrında Çinin Huandun vilayətində peyda olub. Epidemiya 2 ay ərzində cənuba doğru yeriyərək Qonkonq və Byetnamı da əhatə edib. Virus ağ ciyər alveollarını zədələməklə atipik pnevmoniya (bənövşəyi ölüm – purple death adlanır) törətməsi və sağalanlarda uzunmüddətli patoloji izlər buraxması ilə xarakterizə edilir. Son xəstələnmə halı 2003-cü ilin iyulunda qeydə alınıb. 2004-cü ildə bu ştammla xəstələnmə halı qeydə alınmayıb. 8437 xəstələnmə halı, onlardan 813 nəfərində letal nəticə qeydə alınıb. 

2. MERS-CoV (Yaxın şərq respirator sindromu törədən koronavirus) – Zoonoz virus olub (yarasalardan transmissiyası müəyyən edilib və dəvələrdə də tapılıb. İlk infeksiya ocağı 2012-c ildə Səudiyyə Ərəbistanında qeydə alınıb. 2013-cü ilin iyununa qədər davam etmişdir. 50 xəstədən yarısı dünyasını dəyişib. 

2015-ci ilin yayında yenidən infeksiya alovlanıb və 23 ölkədə (Yaxın Şərq və Avropa ölkələri) yayılıb və həmin ilin iyununda 1154 xəstədən 431-də ölümlə nəticələnib.
 
2019-cu ilin sonundan 2020-ci ilin əvvələri dünyada MERS-CoV ~2500 (2494-2506) nəfərdə xəstələnmə qeydə alınıb ki, onlardan da ~ 900 (862-912) nəfəri ölüb. Hər il bu ştamla onlarla xəstələnmə sayı qeydə alınır. Xəstəliyin əlamətləri kəskin respirator virus infeksiyaları üçün xarakterikdir: xəstəlik qızdırma, öskürək, təngnəfəsliklə başlayır, getdikcə ağır virus pnevmoniyası inkişaf edir. Bəzi hallarda xəstəli böyrək çatmazlığı ilə müşayiət edilir. 

3. SARS-CoV-2, 2019 dekabrında aşkar edilib və indiyədək davam edən yeni tip pevmoniya pandemiyası törədən növdür. Bu növ böyüklərdə daha çox ölüm halı törədir, uşaqlarda ölüm halı isə qripdə olduğu kimdir. Çin mütəxəssislərinin apardığı tədqiqatlar göstərir ki, koronavirusa yoluxmuş uşaqlarda COVID-19 zəif simptomlarla özünü göstərib. Həm də yoluxmuş uşaqlardan müvafiq simptomlar olmadığından koranovirusun gizli yayanlar rolunda olublar. Çində müayinə olunan 15 yaşa qədər olan 745 uşaqdan yalnız 10-da (1.3%) koronavirus aşkar edilib, heç birində ağır simptomlar qeydə alınmayıb. 7 nəfər uşaqda sadəcə hərarət 39°C-yə qədər yüksəlib, bir sıra hallarda boğazda ağrılar, öskürək, burun tutulması qeydə alınsa da, uşaqlarda böyüklərdə rast gəlinən əzələ və baş ağrıları, rentgenoqrafiyada pnevmoniya təsadüf edilməyib. Bununla yanaşı, həmin uşaqlar uzun müddət digər uşaqları da yoluxdurmağa qadir olublar. Onların burun və boğaz yaxmalarında koronavirus tapılmasa da, xəstəxanadan yazılandan 13 gün sonra belə nəcisdə virus tapılmaqda davam edib. 

"COVİD-19 ştamının pandemiya törədəcək xassəyə malik olması onun rekombinasiya (reassortiment) etməsinə, yəni onun gen mübadiləsinə girərək yeni xassə əldə etməsinə bağlıdır. Yeni xassə ondan ibarətdir ki, koronaviruslar digər viruslar kimi hüceyrə membranına istənilən yerdən deyil, transmembran reseptorları aldadaraq, hüceyrənin həyat fəaliyyəti üçün vacib proteinləri imitasiya edərək daxil olur, hüceyrəni aldadır. Ona görə də immun sistem onu tanımır, onunla mübarizə aparmır. Yüksək kontagiozluq və inkubasiya dövrünün uzun olması yayılmanın əsas səbəblərindəndir. 

Lakin virusun hazırki ştamı xarici mühitdə davamsızdır. Virusun kapsidində S-zülallardan ibarət tacın olması onun açıq sahədə yaşam şansını aşağı endirir. Çünki sərbəst oksigen və digər oksidləşdiricilər S-zülalları denaturasiya edərək virusu zədələyir. Dehidratasiya (susuzlaşma) da virusu güclü zədələyən amillərdən biridir. Xarici mühitdə virus +33°С dərəcədə 16 saat müddətində, +56°С isə 10 dəqiqədə fəallığını itirir. Virus metal səthdə 12 saat, parçada 6-12 saat, aerozolda 8-10 saat, suda 9 saat qala bilir. 
Laboratoriya şəraitində koronaviruslar liofilizasiya olunmuş (yumşaq qurudub vakuum kameraya salmaq) halda (+4 °С)-də, dondurulmuş vəziyyətdə (−70 °С)-də infeksion fəallığını bir neçə il saxlaya bilir”. – professor yazıb.
 
İstər 2002-ci ilin noyabrında aşkar edilən SARS-CoV, istərsə də 2020-ci ilin dekabrında baş verən COVID-19 infeksiya ocağı təxminən Çinin şərqində baş verib. Birinci 2003-cü ilin iyununda son xəstələnmə halı qeydə alınıb. 2020-ci il pandemiyasının bu ilin yayında sönməsi gözləniləndir. Pandemiyadan həmçinin xəstələnmə və ölüm sayının dünya üzrə indikindən xeyli artacağı proqnozlaşdırılır. 

"Bu gün dünya üzrə 174.786 xəstə qeydə alınmış, onlardan 77.657 nəfər sağalmış, 6.705 nəfər dünyasını dəyişmişdir, yəni, 50% sağalmış, 4%-ə qədər ölüm halı qeydə alınmışdır”, - deyə Adil Qeybulla qeyd edib. 

O, əhalini karantin qaydalarına ciddi əməl etməyi tövsiyə edib: "Əllərin, ağız və burun boşluqlarının gigiyenasına xüsusi diqqət etmək lazımdır. Əlləri tez-tez, isti su altında, sabunla yaxşı yuyun (xüsusilə qida qəbulundan öncə və sonra). Bu virusun dərinin yağ qatı ilə birgə dəridən mexaniki yolla silinib getməsinə gətirib çıxarır. Bu üsul ən əlçatan effektiv üsuldur”. 

A.Qeybulla qeyd edib ki, dezinfeksiyaedici məhlullardan yalnız 80%-dən yuxarı etanol (etil spirti) əsaslı olan məhlullardan istifadə etmək lazımdır: "Əllərin spirt tərkibli antiseptiklərlə işlənməsi 30 saniyədən (80-85%-li etil spirti əsaslı gellər, məhlullar) 2 dəqiqəyə qədər (70%-li etil spirti, 1%-li xlorheksidin məhlulu) virusu zədələyir və sıradan çıxarır. ÜST məhz onların tətbiqini tövsiyə edir”. 

Adil Qeybullanın sözlərinə görə, boğazı isti su ilə tez-tez qarqara etmək lazımdır. (1%-li xlorqeksidin məhlulu və ya limon qatılsa effektli olar). Boğazı qıcıqlanan şəxslər bunu daha çox etməlidirlər. 

Həkim bildirib ki, adi maskalarla müqayisədə yalnız maska-respirator 95 və FFP (Filtering Face Piece) tipli maskalardan FFR-3-dən istifadə daha effektivdir. Adi maskalar nəfəs buxarından tez islandığından və bu səbəbdən virusu içəri drenaj edə biləcəyindən az effektli sayılır: "Xəstə adamlar asqıranda və öskürəndə əmələ gələn hava-damcı aerozolu 1 metr radiusdan böyük məsafəyə yayılmaq imkanına malik deyildir. Əksinə, maskalar xəstə adamlara lazımdır ki, onların ağız-burun aerozolunun havaya atılmasını əngəlləsin. Nəzərə alın ki, virus gözün selik qişasından da insana keçə bilər. Xüsusi eynəklər olmasa, hətta effektiv maskalar da tam təminatlı deyil. Maskaları yuyub ütüləmək, təkrar istifadə etmək olmaz”. 

Adil Qeybulla əhalini passivləşməməyi, fiziki fəallığı artırmağı,  idmanla məşğul olmağa çağırıb: "Bu yolla sərbəst radikallar bədəndən xaric olur, immun sistem güclənir, ağ ciyərlərin ekskursiyası və ventilyasiyası artır, durğunluq azalır, bəlğəmlə bronxdaxili hissəciklər, o cümlədən virus və bakteriyalar xaric olur”. 

A.Qeybulla karantin şəraitində olanlara  şərtlərinin imkan verdiyi qədər açıq havada gəzməyi, evin havasını dəyişməyi tövsiyə edib. 

O bildirib ki, kalorili qidalanmaq lazımdır: "Proteinli qidalar (təzə ət) və meyvə-tərəvəz (axar su altında yaxşı yumaq şərtilə) istifadə edin. Yaxşı yatın, stresdən uzaq durun və  vitamin D balansını doldurun. Əks-göstərişi olmayanlar (bəzi anemiyallı xəstələr) vitamin C 500 mg-a qədər 7 gün müddətində gündəlik qəbul edə bilərlər”. 

 Adil Qeybulla tövsiyə edib ki, xəstəxanalarda boş kabinetləri Kvars lampalı ultrabənövşəyi şüalarla dezinfeksiya edilsin: "Sevindirici hal odur ki, virus uşaqları xüsusi təhdid etmir”. 
Doktor panikaya düşməməyə, sadəcə rejimə və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə çağırıb. 

Toplum.Tv