Əli Əliyevlə bağlı qərar qüvvədə saxlanılıb

Əli Əliyevlə bağlı qərar qüvvədə saxlanılıb

30-04-2022 12:47 / Bu xəbər 7033 dəfə oxundu

Partiya sədri: "Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin 6 ay azadlıqdan məhrum edilməsi haqda Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. 

Aprelin 29-da Bakı Apelyasiya Məhkəməsində bu barədə qərar çıxarılıb.

Məhkəmə prosesi açıq olsa da, faktiki qapalı şəraitdə keçirilib. Məhkəməyə hüquq müdafiəçiləri, jurnalistlər də daxil, prosesi izləməyə gələnlərdən heç kim buraxılmayıb.

Əli Əliyevin vəkili Cavad Cavadov Meydan TV-yə bildirib ki, VİP sədri özü də çıxışında məhkəmədən ədalətli nəticə gözləmədiyini deyib. Ona görə vəkillərinə də geniş çıxış etməməyi məsləhət görüb.

Vəkillərin isə əsas dəlili eyni əmələ görə iki dəfə cəzalandırılmanı yolverilməzliyi haqda olub. Bu, həm yerli, həm də beynəlxalq qanunvericiliklə qadağandır.

Əli Əliyevin səsləndirdiyi bir fikrə görə ona qarşı iki ayrı məhkəmə iddiası qaldırılıb. Hər iki iddia üzrə də ayrı-ayrılıqda ona cəza verilib.

"Yasamal Rayon Məhkəməsi bir ilkə imza atmışdı. Bakı Apelyasiya Məhkəməsi də bu absurdu davam etdirdi. Ümid edirdik ki, bəlkə yuxarı instansiya məhkəməsi kimi, səhvi aradan qaldırar, amma əksinə oldu. Nə demək olar? Çox təəssüf…”, – Cavad Cavadov bildirib.

Vəkil əlavə edib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

VİP sədri 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterin qəzaya uğraması haqda dediklərinə görə cəzalandırılıb. O, internet televiziyalarından birinə bu hadisəni şərh edərkən bildirib ki, telekanallarda helikopterdən sağ çıxmış hərbçilər kimi təqdim olunan və müsahibə verən iki nəfərin əslində hadisə vaxtı orada olduğuna inanmır.

Həmin şəxslər bu fikrinə görə Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb və hər biri ayrı-ayrılıqda onun 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Əvvəl DSX-nın polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsiylə VİP sədri yanvarın 13-də 5 ay azadlıqdan məhrum edilib. Daha sonra Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq, 6 ay həbs cəzası saxlanılıb.

Partiya sədri özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir. O, məhkəmədə bildirib ki, susmayacağı halda, həbs ediləcəyi haqda əvvəlcədən xəbərdar edilmişdi.
 
Onun sözlərinə görə, bu xüsusi ittihamçılardan da onun həbsi üçün vasitəçi kimi istifadə olunub. Əli Əliyev məhkəmədə bir daha vurğulayıb ki, həmin şəxslərin qəza zamanı vertolyotda olduğuna inanmır:

"Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılan, 1000 dərəcə istilikdən adam o vəziyyətdə çıxa bilməz. Mən həkiməm. Uçuşda təhlükəsizlik məsələləri üzrə ekspert olmuş Sərdar Cəlaloğlu da eyni fikirləri ifadə edib. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da eləyib. Onlar sadəcə, alətdir. Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır. Mən desəm ki, onlar o vertolyotda olub, bu, 14 şəhidimizin ruhuna hörmətsizlikdir. Mən bu cür düşünmürəm. Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”.

Helikopter qəzası noyabrın 30-da Xızı rayonu ərazisində baş verib. Qəza nəticəsində ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub.

Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.