Qlobal enerji böhranı: kim daha çox qazanır?

Qlobal enerji böhranı: kim daha çox qazanır?

06-11-2022 00:07 / Bu xəbər 1115 dəfə oxundu

Rusiya rəsmiləri hesab edir ki, ABŞ qlobal enerji böhranından ciddi qazanc əldə edib

Bəs bunda bir həqiqət payı varmı?

Nə baş verdi?

Rusiya rəsmiləri və dövlət şirkətlərinin menecerləri mütəmadi olaraq bəyan edirlər ki, ABŞ qlobal enerji böhranının əsas benefisiarıdır. 

Ötən həftə bu mövqeyi "Rosneft”in rəhbəri İqor Seçin səsləndirib. 

"Buna sübut kimi ABŞ-da qazın qiymətinin Avropa ilə müqayisədə 5 dəfə aşağı olması və amerikalı tərəfdaşların öz mayeləşdirilmiş təbii qazının (LNG) tədarükünü avropalıların boynuna qoyması faktıdır”, - deyə o, Bakıda keçirilən Verona Avrasiya İqtisadi Forumunda çıxışında deyib. 

"Rosneft”in rəhbəri hesab edir ki, böhranın indiki kəskin mərhələyə keçməsi isə ənənəvi enerji mənbələrinə (kömür, qaz, neft, nüvə enerjisi) kifayət qədər investisiyanın qoyulmaması və anti-Rusiya sanksiyaları səbəbindən yaranıb.

Seçinin fikrincə, Avropada artıq açıq şəkildə ABŞ-ı elə özünün təhrik etdiyi enerji böhranından mənfəət əldə etməkdə ittiham edirlər.

Avropa İttifaqında ABŞ-ı enerji böhranı səbəbilə günahkar sayırlar?

Tez-tez olmasa da, bəzən yüksək səviyyədə bu cür ittihamlar səslənir. Mətbuatda amerikalı xammal ixracatçılarının Avropadakı qazanclarını əsas gətirən məqalələr da dərc edilir. Bu da əlbəttə ki, Rusiyanın dövlətyönlü mediası tərəfindən həvəslə tirajlanır. Əksər hallarda isə avropalı rəsmilər böhranla bağlı məsuliyyəti Rusiyanın üzərinə yıxırlar.

Avropa İttifaqının elə özünün günahkar olması ilə bağlı fikirlər də var. Söhbət təkcə ittifaqa üzv olan bir çox ölkənin (birinci növbədə Almaniyanın) artıq Ukraynada müharibənin başlaması anında Rusiyadan gələn enerji resurslarından güclü asılılığa düşməsindən getmir.
 
Problem həm də xammalın qiymətinin qalxmasına gətirib çıxaran və enerji sektorunda aparılan islahatlardadır.

Belə bir mövqe xüsusən də fikirlərinin şərti olaraq "Putinyönlü” adlandırılması mümkün olan siyasətçilər tərəfindən tez-tez səslənir. Məsələn, hələ Ukraynadakı müharibədən öncə Macarıstanın Baş naziri Viktor Orban Brüsseli ənənəvi enerji mənbələrindən imtina etmək baxımından çox tələsməkdə, müharibə başlayandan sonra isə Rusiyaya qarşı sanksiyaların səmərəsizliyində ittiham edirdi. 

Oxşar ritorikanı Avstriyanın sabiq xarici işlər naziri, Vladimir Putinin yaxın tanışı Karin Knaysl da dilə gətirib.

Onun fikrincə, böhrana səbəb Avropada qaz qiymətlərinin uzunmüddətli müqavilələr əsasında yox (əvvəllər Avropa İttifaqı ölkələri ilə "Qazprom” arasında bağlanan müqavilələr kimi), tənzimlənməyən birja hərraclarında təyin edilməsi qərarı oldu.

Bəs tam olaraq enerji daşıyıcılarının bahalaşmasının günahkarı kimdir?

Avropada (təkcə Avropada yox) baş verən hazırkı böhrana görə konkret bir günahkarın təyin edilməsi böyük ehtimal alınmayacaq. Bu, bayağı səslənəcək, lakin qiymət artımı bir sıra amillərdən qaynaqlanır.

Birincisi, qeyd etmək lazımdır ki, bu, pandemiyadan sonra qlobal iqtisadiyyatın gözləniləndən daha sürətli bərpası zamanı başlayıb. İdxaldan asılı olan bazarlarda enerji resurslarına tələb təklifi üstələyirdi və həminki təbii qazın qiymətləri hələ Ukraynada müharibə başlamazdan öncə Avropada rekordlar qırırdı.

İkincisi, burada həm də "yaşıl keçid” də öz rolunu oynadı, yəni ənənəvi enerjidən bərpa olunan mənbələrin xeyrinə olmaqla tədricən imtina etmək. 

Qərb iqtisadçıları bərpaolunan enerjiyə "stavka” etməyin inflyasiyaya səbəb olacağını qabaqcadan görürdülər və hətta bunun üçün "qrinflyasiya” (qlobal iqlim dəyişikliyi ilə mübarizə nəticəsində yaranan qiymət artımı) adlı xüsusi termin də təklif etdilər. 

Üstəlik, Avropa enerji keçidinin "lider”idir: "Green Deal” layihəsi Avropa İttifaqını 2050-ci ilədək iqlim neytrallığına gətirməlidir.

Böhranın hazırkı mərhələsinin dərinliyinin səbəbi isə əlbəttə ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalıdır. 

Sanksiyalar, Avropa İttifaqına qaz tədarükünün kəsilməsi və müharibə ilə bağlı ümumi qeyri-müəyyənlik və gərginlik – bütün bunlar son 8 ay ərzində enerji resursları üzrə qiymətlərin artmasının əsas amilləridir. 

"Şimal axını”nın bağlanması, neftin isə "OPEC+” tərəfindən hasilatının sutkada 2 milyon barel azalması ilə bağlı qərarı ilə qazın qiyməti əlavə olaraq da artıb.

Amma müharibə ABŞ-dan çox uzaqdadır. Ümumiyyətlə, ABŞ iqtisadiyyatı bundan əziyyət çəkir?

Əlbəttə, əziyyət çəkir. Qlobal enerji böhranı dünyanın ən böyük iqtisadiyyatına təsir etməyə bilməz. Birinci və ikinci rüblərdə ABŞ ÜDM-i müvafiq olaraq 1.6% və 0.6% azalıb. Düzdür, indi vəziyyət yaxşılaşır və III rübdə ABŞ hakimiyyəti 2.6%-lik artım gözləyir. Bununla belə, 2023-cü ildə tənəzzülün qaçılmaz olacağına dair proqnozlar təhlilçilər arasında hələ də üstünlük təşkil edir.

Fond bazarı düşür: "S&P 500” indeksi üçün 2022-ci ilin I yarısı Vyetnam müharibəsindən bəri ən pis dövr olub – elə indi də ilin əvvəli ilə müqayisədə o, yenə də 18% aşağıdır.

İnflyasiya son 40 ilin ən yüksək həddinə çatıb. Prezident Co Bayden bunu "qida və yanacağa olan "Putin vergisi”” adlandırır.
 
İnflyasiyanın bu şəkildə sürətlənməsi ABŞ Federal Ehtiyat Sistemini məcbur etdi ki, 2022-ci il üzrə əsas faiz dərəcəsini artıq 5 dəfə artırsın.

Benzinin bahalaşmasının qarşısını almaq üçün hakimiyyət artıq strateji ehtiyatı boşaltmalı oldu. Bayden 1 il ərzində 180 milyon barel xam neftin satılacağını açıqlayıb və hazırda ölkənin ehtiyatları 1984-cü ildən bəri ən aşağı səviyyədədir.

ABŞ Avropa İttifaqı üzrə qaz bazarında Rusiyanı fəal şəkildə əvəz edirmi?

Bəli, ABŞ elə məhz 2022-ci ilin I yarısında sutkada təxminən 317.15 milyon kubmetr göstərici ilə dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısına çevrilib.

ABŞ-dan "LNG” ixracının böyük hissəsi Avropa İttifaqı ölkələrinə və Böyük Britaniyaya gedir – bu, bütün ixracatın 64%-dir (2022-ci ilin yanvar-may ayları üzrə məlumatlar). Amma hələ 2021-ci ildə Çin və Cənubi Koreya ABŞ xammalının əsas alıcısı idi. Nəticədə isə ABŞ "LNG” üzrə ümumi idxalın demək olar ki, yarısını Avropa İttifaqı ölkələri və Böyük Britaniya üzrə təmin etdi (2021-ci ildə bu göstərici 26% idi).

Müqayisə üçün qeyd edək ki, həcm üzrə ikinci və üçüncü ən böyük tədarükçülər – Qətər və Rusiya sözügedən bazarlara ümumi idxal payının müvafiq olaraq cəmi 15 və 14%-ni ixrac ediblər.

Bəs ABŞ da daha çox neft satmağa başlayıb?

Bəli, 2022-ci ilin avqust ayında ABŞ-dan rekord miqdarda neft və neft məhsulları ixrac edilib: sutkada 11 milyon bareldən çox – bu isə 1991-ci ildən bəri maksimumdur. Eyni zamanda, xatırlamaq lazımdır ki, ABŞ nəinki böyük ixracatçı və hasilatçıdır, həm də ən böyük neft idxalçısı və istehlakçılarındandır. Yəni ABŞ aldığından bir qədər çox satır. Ona görə də yüksək qiymət ABŞ iqtisadiyyatı üçün eyni zamanda həm müsbət, həm də mənfi haldır.

Bəs niyə ABŞ sadəcə olaraq istehsal etdiyi nefti istehlak etmir?

Əgər ABŞ Energetika Nazirliyinin statistikasına nəzər salsaq, bu zaman görərik ki, ölkədə neftin hasilat və istehlak səviyyələri demək olar ki, eynidir (2020-ci ilin nəticələrinə görə sutkada müvafiq olaraq 18.4 və 18.12 milyon barel). Eyni zamanda, həmin ildəcə ölkə sutkada 7.86 milyon barel neft idxal edib.

Bu, faktorların kombinasiyası ilə bağlıdır. Birincisi, xarici neft hətta çatdırılmanın logistik xərclərini də nəzərə alaraq çox vaxt ABŞ neftindən daha ucuz başa gəlir: texnologiyalar da daxil olmaqla ölkədəki bütün istehsal prosesinin dəyəri, ekoloji normalara riayət edilməsi, əməkhaqqı və digər əlaqəli amillər – bütün bunlar nəticədə böyük inkişaf etməkdə olan ixracatçı ölkələrlə müqayisədə daha baha çıxır.

İkincisi, birinci növbədə neft kimyası olmaqla ABŞ sənayesi əlavə emal tələb edən və nəticədə mazut kimi böyük miqdarda "tünd” neft məhsulları verən daha ucuz ağır neft çeşidlərindən istifadə etməklə istehsal dövrlərinə bağlıdır. ABŞ neftçiləri isə birinci növbədə daha bahalı yüngül şist nefti çıxarırlar, ondan da benzin kimi "açıq” neft məhsulları alınır.

Deməli, xammal qiymətlərinin qalxması səbəbilə ABŞ-ın qazanc əldə etdiyini söyləmək olmaz?

Bu sualın qısa cavabı yoxdur. Əgər biz ABŞ haqqında bir dövlət kimi danışırıqsa, o zaman onlar çox az qazanırlar. Məsələ burasındadır ki, ABŞ iqtisadiyyatı Rusiya iqtisadiyyatından fərqli olaraq postindustrialdır. Bu o deməkdir ki, onun əsasını xidmətlər təşkil edir (ÜDM-in 80%-dən biraz az): ticarət, maliyyə, tibb, təhsil, əqli mülkiyyət və tərtibatlar. Qalanları isə əsasən sənayedir. Özü də konkret olaraq mədən sənayesi – bu da ÜDM-in 2%-dən azını təşkil edir.

ABŞ-da mədənçıxarma və onun ixracı ilə özəl şirkətlər məşğuldur və elə həqiqətən də, onları qiymət artımının əsas benefisiarları adlandırmaq olar. Dünyanın 7 ən böyük neft korporasiyası təkcə bu ilin ilk 9 ayında rekord miqdarda 170 milyard dollardan çox birgə mənfəət gözləyir. Dövlət isə şirkətlərdən yalnız gəlir vergisi alır. Eyni zamanda, 4.8 trilyon dollarlıq büdcənin gəlirlərinin 10%-dən azını korporativ vergilər təşkil edir. Əsas gəlir mənbəyi isə gəlirin 50%-dən çoxunu təşkil edən fiziki şəxslərdən toplanan gəlir vergisidir.

Co Bayden hətta bu günlərdə neftçiləri onların müharibədən külli miqdarda qazanc əldə etdiklərinə görə əlavə fiskal yüklə hədələdi. Onun sözlərinə görə, ""Exxon Mobil” bu gün "Allahdan daha çox pul qazanır””. 

Ağ Evdə korporasiyaların özlərinin əlavə gəlirlərinin əmək haqqı və iş yerlərinin artımına daha fəal şəkildə transformasiyasını istəyirlər.

Rusiyada isə vəziyyət kökündən fərqlidir: neft və qazın hasilatı və ixracı federal büdcə gəlirlərinin 40%-ni təşkil edir. Dövlətin iqtisadiyyatdakı payının qiymətləndirilməsi isə 33%-dən başlayır və 70%-dək çatır. Görünür, elə buna görə də rusiyalı siyasətçilər və məmurlar rusiyalılara aydın olsun deyə günahı biznesdə yox, ABŞ hakimiyyətində görürlər.

Yaxşı, bəs adi amerikalılar da avropalılar kimi qiymət artımından əziyyət çəkirlər?

Əlbəttə, əziyyət çəkirlər, amma daha az. Soyuq qış avropalılardan fərqli olaraq amerikalıları təhdid etmirdi (amma Avropa da ən azı növbəti mövsüm üçün özünü resurslarla təmin edib). Lakin ABŞ-da da kommunal ödənişlər artacaq. İstilik sistemi qazla olan ailələr (ümumi ailələrin 28%-i) oktyabr-mart ayları üzrə istilik sistemi üçün orta hesabla 931 dollar xərcləyəcək. ABŞ-dakı evlərin 47%-nin istilik sisteminin əsasını təbii qaz təşkil edir.

Mazutdan istifadə edən ev təsərrüfatlarının 4%-i üçün (ölkənin şimal-şərqi) ödənişlər 27% artacaq – onlar orta hesabla təxminən 2 min 354 dollar xərcləyəcək.

Ümumiyyətlə, ABŞ-ın enerji bazarı faydalı qazıntılar üzərində qurulub, yəni ABŞ-ın özü də resurslara çox ehtiyac duyur. 2021-ci ildə bu ölkədə istehlak edilən ümumi elektrik enerjisinin 36%-i neft məhsulları, 32%-i qaz, 11%-i isə kömür hesabına təmin edilib. Burada nüvə enerjisinin payı cəmi 8%, su elektrik stansiyaları da daxil olmaqla ümumi olaraq bərpa olunan enerjinin payı isə 12%-dir.

Düzdür, əgər neft tədarükü ABŞ-ın özü üçün həyati əhəmiyyət kəsb edirsə, o zaman ölkə istehlak etdiyindən bir qədər çox kömür, eyni vaxtda isə 2 dəfə çox qaz hasil edir.

Tərcümə: Camal Cavadbəyli
Mənbə: Meduza.io